“Zamanla dialoq
Mədəniyyət

“Zamanla dialoq" adlı fərdi sərgi

Dekabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində "Şöhrət" ordenli Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə "Zamanla dialoq" adlı fərdi sərgi keçirilib.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərində ərsəyə gətirdiyi 50-yə yaxın sənət əsəri nümayiş olunub. Sərginin ekspozisiyasını Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından təsviri sənətin rəngkarlıq, qrafika növünə aid əsərlər, dekorativ-tətbiqi sənətin şüşə, keramika sahələrində yaradılmış nümunələr təşkil edib. Tədbir çərçivəsində Şah İsmayıl Xətai, General Əliağa Şıxlinski, Məhəmməd Füzuli, İlyas Əfəndiyev, Rasim Babayev, İzzət Orucova kimi dövlət, ədəbiyyat, incəsənət və elm xadimlərinə həsr edilmiş portretlər, sevimli Abşeron mənzərələri, zəngin dekorativliyə və rəng həllinə malik folklor motivli tablolar nümayiş olunub. Sərgidəki "Azərbaycan lirikası" keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatları Tofiq Ağababayevin 1950-ci illərdə başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə zəmin yaradıb. Sözügedən sərgi yanvarın 10-dək davam edəcək.

Xatırladaq ki, Tofiq Ağababayev 1928-ci il 8 sentyabr tarixində Bakıda anadan olub. Orta məktəbin 9-cu sinfini bitirən T.Ağababayev daha sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq şöbəsinə daxil olub. Məşhur rəssam 1953-1959-cu illərdə isə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının keramika-şüşə fakültəsində təhsil alıb. Yüksək bədii-emosional təsir qüvvəsinə malik portret, mənzərə, süjetli-tematik, natürmort janrlarında əsərlər yaradan görkəmli sənətkar Tofiq Ağababayev Azərbaycan incəsənətinə böyük töhfələr verib. Məşhur rəssam əsasən monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər ərsəyə gətirib. O, vaxtikən Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın simvolik açarının düzəldiməsi də Tofiq Ağababayevin adı ilə bağlıdır.

Nəzrin ELDARQIZI,

"Respublika".