DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MACARISTANIN BAŞ NAZİRİ BRÜSSELİ “İŞĞAL ETMƏYƏ” ÇAĞIRIB

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin suverenliyini qorumaq üçün Brüsseli “işğal etməklə” hədələyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, o, bu barədə 1848-ci il Macarıstan İnqilabının növbəti ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bəyan edib.

“Macarıstanın azadlığını və suverenliyini qorumaq istəyiriksə, Brüsseli işğal etməkdən başqa çarəmiz yoxdur”, - deyə Orban Avropa qurumlarında daha iddialı mövqe tutmağın zəruriliyinə toxunaraq bildirib.

Viktor Orban əlavə edib ki, Macarıstan üçün azadlıq odur ki, başının üstündə sahibi olmasın. O, həmçinin ölkənin mədəni-tarixi irsinin xarici təsirlərdən qorunmasının vacibliyini də vurğulayıb.

Eyni zamanda, rəsmi Budapeştin sülhdən ancaq fayda əldə edəcəyini qeyd edən Viktor Orban ölkəsinin müharibə istəmədiyini də diqqətə çatdırıb.

Orban köklü dövlət olduqlarını və Avropa İttifaqında dəyişiklik təşəbbüskarı olacaqlarını qeyd edib. O, həmçinin Brüsselin müharibə tərəfdarı olduğunu, təhlükəsizlik əvəzinə “qanunun aliliyi” adı altında problemlər yaratdığını, şantaja üstünlük verdiyini iddia edib.

“BÖYÜK YEDDİLİK” İRANA XƏBƏRDARLIQ EDİB

“Böyük Yeddilik” (“G7”) ölkələri Rusiyaya ballistik raket və digər hərbi texnologiyalar tədarük edəcəyi təqdirdə İrana qarşı mühüm tədbirlər görəcəyi ilə hədələyib. “Trend” agentliyinin xəbərinə görə, müvafiq bəyanat “G7”nin saytında dərc olunub.

“İran Rusiyaya ballistik raket və ya müvafiq texnologiyalar tədarük etmək istəyirsə, biz ona qarşı sürətlə, eləcə də koordinasiyalı şəkildə cavab verməyə və mühüm tədbirlər görməyə hazırıq”, - deyə bəyanatda bildirilir.

“G7” ölkələri İranın artıq Rusiya üçün pilotsuz uçuş aparatları tədarük etdiyini xatırladıb və yeni silah tədarükünün regional destabilliyi gücləndirəcəyini vurğulayıblar.

Xatırladaq ki, bu yaxınlarda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen İranın Rusiyaya raket tədarük edəcəyi təqdirdə Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qala biləcəyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də İran Rusiyaya ballistik raketlər satacağı təqdirdə, Vaşinqton və müttəfiqlərinin sərt tədbirlər görəcəyini bildirib.

VENESUELALI NAZIR ABŞ-IN SÜLHƏ TƏHDİD YARATDIĞINI BİLDİRİB

ABŞ ordusunun Cənub Komandanlığının ərazi mübahisəsinə və Venesuela ilə Qayana arasındakı münasibətlərə müdaxiləsi Latın Amerikasında sülhü təhdid edir. “Report” agentliyinin xəbərinə görə, bunu Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bəyan edib.

Nazirin açıqlamasına əsasən, ABŞ Venesuela və Qayana arasındakı mübahisəli dəniz şelfində və Venesuelanın daxili sularında daimi hərbi təlimlərə başlamağı planlaşdırır.

“ABŞ ordusunun Cənub Komandanlığının quruda və sularda sərhədləri müəyyən edilməmiş ərazilərdə hərəkətləri və mövcudluğu Latın Amerikası ölkələri tərəfindən yaradılmış sülh zonasına təhlükə yaradır”, -  deyə Vladimir Padrino Lopes vurğulayıb.

Bununla yanaşı, nazir bildirib ki, heç kim ABŞ-ı Venesuela ilə Qayana Kooperativ Respublikası arasındakı münasibətlərə müdaxilə etməyə dəvət etməyib.

Nazir həmçinin əlavə edib ki, Venesuelanın Silahlı Qüvvələri istənilən təxribata layiqincə cavab verməyə hazırdır.

RUMINİYADA 10 MİN NATO ƏSGƏRİ ÜÇÜN HƏRBİ ŞƏHƏRCİK TİKİLİR

Rumıniyadakı “Mixail Koqelniçianu” aviabazası 10 min NATO əsgərinin və onların ailələrinin yaşaya biləcəyi hərbi şəhərciyə çevriləcək və bunun üçün 2,5 milyard avro sərmayə tələb olunacaq. “Report” agentliyi bu barədə Rumıniyanın “Pro TV” telekanalına istinadən xəbər verib.

Məlumata görə, aviabazada binalar, xəstəxanalar və məktəblər tikiləcək. Bu məqsədlə 2300 hektardan çox sahə ayrılıb. Həmçinin orada uçuş-enmə zolağının ikiqat artırılması, yanacaq anbarları və döyüş təyyarələri, eləcə də pilotsuz təyyarələr üçün bir neçə anqarın tikilməsi planlaşdırılır.

Xəbər verilir ki, gələcək hərbi şəhərciyin cənub hissəsində artıq işlərə başlanılıb, burada giriş yolları və güclü elektrik şəbəkəsi inşa edilir. Həmçinin şəhər infrastrukturunun - uşaq bağçalarının, məktəblərin, xəstəxanaların, mağaza və əyləncə parklarının yaradılması nəzərdə tutulur.

NATO-RUSİYA MÜHARİBƏSİ ÜÇÜN EHTİMAL OLUNAN TARİX AÇIQLANIB

Rusiya yaxın on il ərzində NATO ölkələri ilə toqquşmaya hazırlaşır. Bu barədə “Foreign Policy” nəşri Estoniya kəşfiyyatına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Estoniyanın xarici və hərbi kəşfiyyat xidmətləri bildirirlər ki, Rusiya yaxın on ildə NATO ölkələri ilə başlaya biləcək münaqişə ərəfəsində ordusunu yenidən strukturlaşdırır və genişləndirir. Həmçinin kəşfiyyatçıların fikrincə, Rusiya iqtisadiyyatını müharibəyə hazırlıq vəziyyətinə gətirib.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin baş direktoru Kaupo Rosinin sözlərinə görə, Rusiya hərbi komandanlığı Ukrayna ilə müharibənin ilkin mərhələlərindəki səhvlərdən nəticə çıxarıb.

Bununla yanaşı, estoniyalı baş kəşfiyyatçı hesab edir ki, Rusiya ilə NATO arasında müharibə qaçılmaz deyil.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu nun açıqlamasına görə, Rusiya ordusunun uzunmüddətli restrukturizasiyası və genişləndirilməsi səyləri Rusiyanı NATO-ya qarşı gələcək genişmiqyaslı müharibəyə hazırlamaq məqsədi daşıyır.

BMT BAŞ KATİBİNDƏN RUSİYA, UKRAYNA VƏ TÜRKİYƏ LİDERLƏRİNƏ MƏKTUB

BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb.

Xəbər verilir ki, Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenskiyə ünvanlanan məktubların mövzusu gəmiçiliklə bağlı olub.

“Ticarətin və ərzaq tədarükünün davam etməsi, eləcə də gəmilərin təhlükəsizlikdə olması üçün bütün tərəflərlə danışıqları davam etdiririk”, - deyə BMT baş katibinin rəsmi nümayəndəsi vurğulayıb.

Stefan Düjarrik həmçinin, Qara dəniz vasitəsilə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı məsələsinin əhəmiyyətini diqqətə çatdırıb.

BMT rəsmisinin sözlərinə görə, Qara d

ənizdən keçən gəmilər üçün dəniz minaları və limanlara zərbələr ciddi təhlükə törədir.

BRAZİLİYADA DENGE VİRUSUNA YOLUXANLARIN SAYI SÜRƏTLƏ ARTIR

Braziliyada ilin əvvəlindən bəri denge virusuna yoluxma hallarının sayı 1,68 milyona çatıb ki, bu da 2023-cü ilin ümumi göstəricisindən çoxdur. “TASS” agentliyinin xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında qeyd olunur.

Məlumata əsasən, ölkədə ümumilikdə 1,68 milyon yoluxma halı aşkar edilib. 14,5 mindən çox insanda xəstəliyin ağır forması müşahidə edilir. Təsdiqlənmiş ölüm halları 513 nəfər təşkil edir, 908 hal isə araşdırma mərhələsindədirir.

Xatırladaq ki, 2023-cü ildə Braziliyada ümumilikdə 1,65 milyon dengeyə yoluxma halı qeydə alınmışdı.

Qeyd edək ki, denge əsasən tropik və subtropik bölgələrdə yayılan virus infeksiyasıdır. Onun simptomları yüksək hərarət, ürəkbulanma, səpki, baş ağrısı və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Bu virus əsasən ağcaqanadlar vasitəsilə ötürülür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.