DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: BMT ŞURASININ HƏRTƏRƏFLİ İSLAHATINA TƏCİLİ EHTİYAC VAR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini bəyan edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyə lideri Ankarada xarici ölkələrin səfirləri və diplomatları ilə iftar süfrəsində çıxışı zamanı bildirib. “Bəşəriyyətin taleyini cəmi 5 ölkənin həll etdiyi dünya nizamı acizdir. BMT Şurasının hərtərəfli islahatına təcili ehtiyac var”, - deyə Ərdoğan vurğulayıb. Eyni zamanda, Ukrayna böhranının həlli perspektivlərinə toxunan dövlət başçısı Rusiya ilə Ukrayna arasında ədalətli sülhün bərqərar olmasının mümkünlüyünə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu məqsədə nail olunması “tərəflərə indiki vəziyyətdən layiqli çıxış yolu təqdim edəcək və regionu cəlb olunduğu burulğandan çıxaracaq”.

Türkiyə prezidenti müsəlmanların müqəddəs kitabı - Qurana qarşı bir sıra ölkələrdə baş verən təxribatlara da münasibət bildirib: “Quranın yandırılması da daxil olmaqla, mənfur təxribatlar heç bir halda qəbuledilməzdir və buna heç nə bəraət qazandıra bilməz”.

 

NATO UKRAYNAYA ÇOXİLLİK STRATEJİ YARDIM PROQRAMI HAZIRLAMAĞA BAŞLAYIB

NATO ölkələri Ukraynaya çoxillik strateji yardım proqramının hazırlanmasına başlamaq barədə razılığa gəliblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Alyansın baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında bəyan edib.

Baş katibi qeyd edib ki, Ukrayna silahlarının NATO standartlarına uyğunlaşdırılmasına kömək edəcəklər. Stoltenberqin sözlərinə görə, Ukraynanın gələcəyi Avro-Atlantik məkanla bağlıdır. Eyni zamanda, verilən xəbərə görə, baş katib Ukraynaya gələcək yardım proqramının təfərrüatlarını açıqlamayıb.

Yens Stoltenberq həmçinin Belarusa xəbərdarlıq edib. O, Belarusun Rusiya üçün platformaya çevrildiyini bildirərək, Belarusu bu müharibədə iştirak etməməyə çağırıb.

Qeyd edək ki, Y.Stoltenberq bundan əvvəl bildirmişdi ki, NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro dəyərində hərbi yardım edib.

 

EMMANUEL MAKRON ÇİNLƏ ƏMƏKDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK İSTƏYİR

Fransa prezidenti Emmanuel Makron Çinə rəsmi səfərə yollanıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, Makronun səfəri aprelin 5-dən 8-dək davam edəcək. Makron üçün bu, Fransa prezidenti kimi Çinə üçüncü səfəridir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin daha əvvəl bildirmişdi ki, Çin sədri Si Cinpin və Emmanuel Makron müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və əsas beynəlxalq və regional həssas məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Eyni zamanda, bildirilir ki, ümumilikdə Fransa prezidenti Çin lideri ilə müzakirələrə altı-yeddi saat sərf edəcək.

Yelisey sarayı daha əvvəl qeyd edib ki, Çin hakimiyyəti ilə təmasları bərpa etməyin vaxtı çatıb və tərəflər qlobal məsələlər üzrə dialoqa yeni təkan vermək istəyirlər.

Emmanuel Makron və Si Cinpin sonuncu dəfə 2022-ci ilin noyabrında İndoneziyada keçirilən “G20” sammiti çərçivəsində görüşüb.

 

DÜNYANIN ƏN GƏNC BAŞ NAZİRI OLMUŞ SİYASƏTÇININ VİDA ÇIXIŞI

Yeni Zelandiyanın keçmiş baş naziri Casinda Ardern parlamentdəki son çıxışından sonra siyasətlə vidalaşıb. “Teleqraf.com” xəbər verir ki, siyasətçinin parlamentdəki son çıxışını müsəlman icmasının üzvləri, eks baş nazirlər, ailəsi və keçmiş işçiləri izləyib. Məlumata əsasən, vida nitqinə əsas diqqəti iqlim dəyişikliyinə yönəltməklə başlayan Casinda Ardern qeyd edib ki, iqlim dəyişikliyi müasir siyasətin müəyyənedici gündəmidir və bundan sonra da belə olacaq.

Xatırladaq ki, Casinda Ardern yanvarın 19-da istefa verdiyini, oktyabrın 14-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini, Fəhlə Partiyasının liderliyindən ayrılacağını açıqlamışdı. Casinda Ardern 2017-ci ilin oktyabrında 37 yaşında baş nazir seçilərək dünyanın ən gənc qadın hökumət başçılarından biri olub. Keçmiş baş nazir parlamenti tərk etdikdən sonra “Kraystçörç Çağırışı” ilə bağlı xoşməramlı elçi kimi könüllü fəaliyyətini davam etdirəcək.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərində cümə namazı zamanı 10 dəqiqə fərqlə iki məsciddə törədilən terror aktları nəticəsində 51 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı.

 

ALEKSEY REZNIKOV: DÜŞMƏNİN MÜDAFİƏSINİ YARMAĞA HAZIRLAŞIRIQ

“Müasir texnologiyalardan istifadə etməklə düşmənin müdafiəsini yarmağa hazırlaşırıq”. “Report” agentliyinin Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ölkənin müdafiə naziri Aleksey Reznikov bildirib. Müdafiə nazirinin sözlərinə görə, Ukrayna müdafiə qüvvələri əks-hücuma hazırlaşır: “Lakin əks-hücum əməliyyatlarına nə vaxt başlayacağımız dəqiq deyil. Bu, xüsusilə hava şəraitindən asılıdır”. Eyni zamanda, A.Reznikov qeyd edib ki, əks-hücum əməliyyatları ilə bağlı konkret tarixi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı verəcək. Xatırladaq ki, daha öncə Aleksey Reznikov ehtimal edilən əks-hücum əməliyyatlarının mart-aprel ayında baş tuta biləcəyini söyləmişdi.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski də Silahlı Qüvvələrin əks-hücum əməliyyatına hazırlaşdığını açıqlayıb.

 

ABŞ HİPERSƏS RAKETLƏRİ İZLƏMƏK ÜÇÜN PEYKLƏRİ ORBİTƏ GÖNDƏRİB

İlon Maska məxsus özəl kosmik şirkət  “SpaceX” ABŞ Müdafiə Nazirliyinin maraqlarına uyğun olaraq hipersəs raketləri izləmək üçün 10 peyki orbitə çıxarıb. “Trend” agentliyinin məlumatına görə, Kosmik İnkişaf Agentliyinə aid olan “Tranche 0” peykləri aprelin 2-də “Falcon 9” raketi ilə orbitə buraxılıb. Məlumata görə, buraxılış əvvəlcə martın 30-na planlaşdırılırdı, lakin şirkət bunu bir neçə gün təxirə salmalı oldu. Kosmik İnkişaf Agentliyi 2019-cu ilin mart ayında ABŞ Müdafiə Nazirliyinə aşağı Yer orbitində daha dayanıqlı kosmik arxitektura qurmağa kömək etmək üçün yaradılıb.

Agentlik orbitə cəmi 28 kosmik gəmi çıxarmaq istəyir. 18 peykdən ibarət olan “Tranche 0” qrupunun ikinci hissəsi iyun ayında orbitə göndəriləcək. Peyklər hərəkət və manevr edə bilən ballistik və hipersəs raketləri aşkar edəcək və izləyəcək. Verilən məlumata görə, 2025-ci maliyyə ilinə qədər ilk 28 kosmik gəminin yaradılması, buraxılması və istismarının ümumi dəyəri 980 milyon dollara başa gələcək.

 

KANADADA QURAQLIQ DÜNYA ÜZRƏ BUĞDA QITLIĞINA SƏBƏB OLA BİLƏR

Kanadada quraqlıq məhsuldarlığın azalması və beynəlxalq bazara taxıl tədarükündə ciddi problemlərlə nəticələnə bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilir ki, ilin ilk üç ayı Kanadada son 45 ilin ən quraq dövrü olub. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Alberta, Saskaçevan və Manitoba kimi ən mühüm kənd təsərrüfatı əyalətlərinə 2022-ci il sentyabrın 1-dən bəri iqlim normasından 60 faiz az yağıntı düşüb. Kanada dünyanın böyük buğda ixracatçılarından biridir. Ölkədə hökm sürən quraqlıq yaz əkininə və bitkinin sonrakı inkişafına mane ola bilər. Qara dəniz regionundan taxıl ixracı ilə bağlı qeyri-müəyyənlik və ABŞ-ın bəzi regionlarında müşahidə olunan quraqlıq vəziyyəti daha da çətinləşdirir.

Məlumat üçün qeyd edək ki, Ukraynadakı vəziyyət, Avropa İttifaqı və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar taxıl tədarükündə problemlərə səbəb olub ki, bu da bəzi ölkələrdə ərzaq böhranı riskini artırır. İlin əvvəlindən bəri dünya bazarında buğda və qarğıdalının qiymətləri nəzərəçarpacaq dərəcədə artıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.