DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AEBA İRAND NÜVƏ BOMBASININ İZLƏRİNİ AŞKAR ETMƏYİB

Atom Enerjisi üzəg Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İranın nüvə bombası hazırlaması barədə məlumatı olmadığını açıqlayıb. “TASS” agentliyinin verdiyi xəbərə görə, o, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

Agentlik rəhbərinin sözlərinə görə, İranın nüvə silahlanmasına dair heç bir dəlil və ya işarə yoxdur.

Rafael Qrossi əlavə edib ki, İran uranı 60 faizə qədər zənginləşdirən və onun ehtiyatlarını yaradan, lakin nüvə silahı olmayan yeganə ölkədir: “Bu, çox yüksək səviyyədir. Onların bunu etmək hüququ var. Eyni zamanda, yoxlama sistemi də olmalıdır”.

Ötən ay agentlik İranın demək olar ki, silah hazırlamaq dərəcəsində zənginləşdirilmiş uran ehtiyatının azaldığını və bu ehtiyatın üç atom bombası istehsal edə biləcək nəzəri həddən də aşağı olduğunu açıqlamışdı.

ABŞ VİTSE-PREZİDENTİNDƏN QƏZZADA TƏCİLİ ATƏŞKƏSLƏ BAĞLI ÇAĞIRIŞ

ABŞ-ın vitse-prezidenti Kamala Harris Qəzza zolağında təcili atəşkəs elan olunması və humanitar yardımın həcminin artırılması ilə bağlı çağırış edib. “Trend” agentliyinin xəbərinə görə, vitse-prezident bu barədə Alabama ştatında çıxışında bildirib.

Bununla yanaşı, vitse-prezident Qəzza zolağındakı çətin vəziyyəti nəzərə alaraq, ən azından növbəti altı həftə ərzində atəşkəs elan edilməli olduğunu diqqətə çatdırıb.

“Danışıqlar masasında razılaşma var. Artıq dediyimiz kimi, HƏMAS bununla razı olmalıdır. Gəlin, atəşkəsə nail olaq, girovları ailələri ilə qovuşduraq. Gəlin, dərhal Qəzza əhalisinə yardım göstərək”, - deyə Kamala Harris vurğulayıb.

Eyni zamanda, vitse-prezident, Qəzza zolağına daxil olan yardımın yetərli olmadığına diqqət çəkib və İsrail hökumətini Qəzza zolağına humanitar yardım axınını artırmağa çağırıb.

“İsrail hökuməti yardım axınını əhəmiyyətli dərəcədə artırmaq üçün daha çoxunu etməlidir. Buna heç cür haqq qazandırmaq olmaz”, - deyə vitse-prezident qeyd edib.

FİNLANDİYA VƏ İSVEÇ NATO TƏLİMLƏRİNDƏ İŞTİRAK EDİR

NATO üzvləri Finlandiya və İsveç Rusiya sərhədi yaxınlığında keçirilən “Nordic Response 2024” hərbi təlimlərində iştirak edir. Bu barədə “Sputnik” informasiya agentliyinin xəbərində qeyd olunur.

Bildirilir ki, martın 4-dən 15-dək Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçirilən təlimlərdə 13 ölkədən - Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ-dan 20 mindən çox hərbçi iştirak edəcək.

Məlumata əsasən, təlimlərə Finlandiyadan 4,1 min əsgər və 700-ə yaxın texnika, İsveçdən isə 4,5 min şəxsi heyət qatılacaq.

Macarıstan üzvlük ərizəsini ratifikasiya etdikdən sonra İsveç, faktiki olaraq NATO-ya üzv olub. Alyansa qoşulma aktının rəsmi imzalanması yaxın günlərdə baş tutacaq.

“Nordic Response 2024” bir neçə ay davam edəcək “Steadfast Defender 2024” təlimlərinin bir hissəsidir. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, bu cür təlimlər hərbi insident riskini artırır.

KONQRES ABŞ BÜDCƏSİ İLƏ BAĞLI RAZILIĞA GƏLİB

ABŞ Konqresi altı aydan sonra demokratlar və respublikaçılar arasında ötən ilin oktyabrında başlamış 2024-cü maliyyə ilinin sonuna qədər hökumət işlərinə vəsait ayırmaq üçün daxili razılaşmalar əldə edə bilib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Senatda Demokratik Partiya çoxluğunun lideri Çak Şumerin dərc etdiyi yazılı bəyanatda qeyd olunur.

“Konqres nəhayət hökumətin fəaliyyətini davam etdirməyə kömək edən altı qanun layihəsi üzrə ikipartiyalı razılığa gəlib”, - deyə konqresmen qeyd edib.

Eyni zamanda, konqresmen təsdiq edib ki, martın 8-də maliyyələşdirmənin dayandırılması səbəbindən bəzi federal strukturlar fəaliyyətini dayandıra bilər. Onun sözlərinə görə, o vaxta qədər hökumətin fəaliyyətini dayandırmasının qarşısını almaq üçün Nümayəndələr Palatası bu ikipartiyalı paketi tez qəbul etməli və Senata göndərməlidir.

Qeyd edək ki, razılaşmalara əsasən 2024-cü maliyyə ilində ABŞ hökumətinin büdcəsi təxminən 1,66 trilyon dollar təşkil edəcək.

FRANSANIN GİZLİ MƏKTUBU ÜZƏ ÇIXDI

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeritmə ehtimalı ilə bağlı bəyanatından bir neçə həftə öncə bu ölkənin baş qərargah rəisi general Terri Burkxart NATO-dakı həmkarlarına məktubla müraciət edərək belə bir variantın nəzərdən keçirilməsini təklif edib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder məlumat verib.

Bildirilir ki, sözügedən məktubda Ukraynaya qoşun yeritmək, xüsusən də müdafiə sistemləri ilə təchiz etmək, silahlı qüvvələrə təlim, kiberəməliyyatlar və minaların təmizlənməsinə yardım üçün koalisiyanın yaradılması imkanları nəzərdən keçirilir.

Eyni zamanda, İvo Daalder qeyd edir ki, heç bir hərbi lider ölkəsinin ali siyasi rəhbərliyinin açıq dəstəyi olmadan belə bir məktub göndərə bilməz. O, həmçinin vurğulayıb ki, müttəfiqlərin hər biri fransalı generala “yox” cavabını veriblər.

Keçmiş səfirin sözlərinə görə, Makron vaxtaşırı “ritorik bomba” atmağı xoşlayır. Bu bəyanatların hər biri Qərbdə hakimiyyət dəhlizlərində təşviş yaratsa da, çox vaxt Fransa prezidentinin bəyanatları boş sözlərdən başqa bir şey kimi qəbul edilmir.

BMT-NİN ALİ KOMİSSARI SİLAHLI MÜNAQİŞƏLƏRİN SAYINI AÇIQLAYIB

Dünyada 55 silahlı münaqişə mövcuddur. “TASS” agentliyinin xəbərinə görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk qurumun İnsan Hüquqları üzrə Şurasının sessiyasında çıxışı zamanı bildirib.

Ali komissarın sözlərinə görə, dünyada alovlanan 55 silahlı münaqişə humanitar böhranlara səbəb olur və eskalasiya təhlükəsi yaradır.

Volker Türk milyonlarla mülki şəxsə məhvedici təsir göstərən beynəlxalq humanitar hüququn və insan haqlarının geniş miqyaslı pozulmasına diqqət çəkərək deyib: “Əhalinin yerdəyişməsi və humanitar böhranlar artıq görünməmiş həddə çatıb. Bütün bu münaqişələrin regional və qlobal nəticələri var”.

Eyni zamanda, ali komissar vurğulayıb ki, Qəzza zolağında müharibə bütün Yaxın Şərq üçün dağıdıcı təsir göstərib. O, əlavə edib ki, Afrika Buynuzu, Sudan və Sahel daxil olmaqla, başqa bölgələrdəki qarşıdurmalar da kəskin şəkildə arta bilər.

OLAF ŞOLTS BRİTANİYA MƏHKƏMƏSİNİ ASSANJI MÜDAFİƏ ETMƏYƏ ÇAĞIRIB

Almaniya Kansleri Olaf Şolts Böyük Britaniya məhkəməsini ABŞ-a ekstradisiya edilə biləcək “Wikiliks”in qurucusu Culian Assanjı müdafiə etməyə çağırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə martın 4-də “Die Welt” qəzeti məlumat yayıb.

Kanslerin sözlərinə görə, Böyük Britaniya məhkəmələri Assanjın müdafiəsini təmin etsələr yaxşı olar, çünki o, dövlət sirlərini açıqladığına görə ABŞ-da təqiblə üzləşə bilər.

Bununla yanaşı, Olaf Şolts qeyd edib, belə bir müdafiəni həyata keçirmək üçün indi şanslar artıb: “Çünki son görüşdə ABŞ nümayəndələri britaniyalı hakimləri “Wikiliks”in təsisçisinin mümkün cəzası ilə bağlı haqlı olduqlarına inandıra bilməyiblər”.

Xatırladaq ki, Culian Assanj hazırda Böyük Britaniyada həbsdədir. Birləşmiş Ştatlar onu casusluq və məxfi məlumatları açıqlamaq da daxil olmaqla 18 maddə üzrə ittiham edir. Bu ittihamlara əsasən, onu 175 il həbs cəzası gözləyir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.