DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

LAVROV: ABŞ MƏRKƏZİ ASİYADA ÖZ İDEYALARINI YÜRÜTMƏYƏ ÇALIŞIR

ABŞ qeyri-hökumət təşkilatları (QHT) ideyasını təsir vasitəsi kimi istifadə etməklə onları post-sovet məkanında, xüsusən də Mərkəzi Asiyada aktiv şəkildə yürütməyə çalışır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, Rusiyanın XİN başçısının sözlərinə görə, ABŞ tərəfindən yürüdülən QHT ideyası amerikalıların qloballaşma modeli çərçivəsində bütün dünyada təşviq etdikləri fəlsəfənin bir hissəsidir.

“Nəticədə, Vaşinqton minlərlə QHT yaradıb, bunlardan yüzlərlə QHT post-sovet məkanında, xüsusən çoxu Ermənistanda və Qırğızıstanda fəaliyyət göstərir”, -  deyə Sergey Lavrov vurğulayıb.

Eyni zamanda, rusiyalı nazir fondların 90 faizinin ABŞ bürokratiyasının bir hissəsi olan və ABŞ büdcəsindən vəsait alan Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirildiyini qeyd edib.

NATO-NUN BAŞ KATİBİNDƏN İRANA XƏBƏRDARLIQ

"Rəsmi Tehran Yaxın Şərqdə iranyönümlü qüvvələrin sabitliyi pozan hərəkətlərini dayandırmalıdır". “Report” agentliyinin məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında bildirib.

“ABŞ-ın İraq və Suriyadakı mövqelərinə pilotsuz uçuş aparatları və raketlər vasitəsilə hücumları, eləcə də kommersiya gəmilərinə hücumların şahidi olduq. Bu, eskalasiya riskini ciddi şəkildə artırır”, - deyə baş katib qeyd edib.

Bununla yanaşı, Yens Stoltenberq əlavə edib ki, İran bu qüvvələrə təsir etməlidir.

Baş katibin sözlərinə görə, iranyönümlü qüvvələrin hərəkətləri NATO-nun Yaxın Şərqdə geniş mövcudluğu, o cümlədən alyansın İraqda öz imkanlarını artırmaq missiyası fonunda həyata keçirilir.

Aİ ÖLKƏLƏRİ GİZLİ ŞƏKİLDƏ RUSİYADAN MAYELƏŞDİRİLMİŞ TƏBİİ QAZ ALIB

Sanksiyalara baxmayaraq, Avropa İttifaqı ölkələri gizli şəkildə 2023-cü ildə 6,1 milyard avro dəyərində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxal ediblər. “The Daily Telegraph” nəşrinin verdiyi xəbərə görə, bu da Rusiyanın bütün ixracının yarıdan çoxu deməkdir.

Eyni zamanda, nəşr qeyd edib ki, Avropaya, o cümlədən Baltikyanı ölkələrə LNG yüklərinin sayı artmaqda davam edir.

Məlumata əsasən, bu yanacaq növünün ən böyük idxalçıları İspaniya və Belçikadır. Onların alışları 50 faiz artaraq ümumi LNG idxalının müvafiq olaraq 26,5 faiz və 37,2 faizini təşkil edir.

Mütəxəssislər Rusiyanın mayeləşdirilmiş təbii qazına tələbatın artımını Aİ-nin iqtisadiyyatı karbonsuzlaşdırma planları ilə əlaqələndirirlər. Belə ki, 2030-cu ilə qədər Aİ-nin karbon dioksid emissiyalarının 55 faiz azaldılması hədəf kimi götürülüb.

“META”YA QARŞI UŞAQLARI PLATFORMAYA CƏLB ETMƏKLƏ BAĞLI İDDİA

ABŞ-da sosial media şirkəti olan “Meta”ya qarşı uşaqları platformalarına cəlb etməyi planlaşdırdığı üçün məhkəmə iddiası qaldırılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkə mətbuatına sızan məhkəmə sənədlərinə əsasən, iddianı oktyabrda ABŞ-ın 33 ştatının vəkilləri qaldırıblar.

Bildirilir ki, iddia ərizəsində “Meta”nın yüksək vəzifəli şəxsləri şirkətə bağlı platformaların uşaqların diqqətini cəlb etmək üçün məzmunlarını redaktə etməkdə günahlandırılıb. Həmçinin məhkəmə iddiasında "Meta" platformalarındakı məzmunun uşaqları istismar etdiyi və uşaq psixologiyasına zərər verdiyi də qeyd edilib.

“Meta”nın “Assoşieyted Press” agentliyinə verdiyi açıqlamasında ittihamların şirkətin uşaqlar üçün təhlükəsiz mühit yaratmaq səylərinə zidd olduğu vurğulanıb.

Xatırladaq ki, noyabrın 10-da Avropa İttifaqı “Meta” və “Snapchat”dan yetkinlik yaşına çatmayanların öz platformalarında qeyri-qanuni və zərərli məzmundan necə qorunduğu barədə açıqlama tələb edib.

TÜRKİYƏDƏ TERRORÇULARA QARŞI GENİŞMİQYASLI ƏMƏLİYYAT KEÇİRİLİB

Türkiyədə terrorçu qruplaşmalara qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya  məlumat verib.

DİN başçısının sözlərinə görə, altı vilayətdə eyni vaxtda aparılan “Qəhrəmanlar 30” əməliyyatı nəticəsində terrorçulara aid sığınacaqlar məhv edilib və külli miqdarda silah-sursat ələ keçirilib.

“Terrorçuların kənd yerlərində qış aylarında fəaliyyətə keçmək üçün mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədi daşıyan “Qəhrəmanlar 30” əməliyyatlarında 63 sığınacaq və silah anbarları məhv edilib. Terrorçuların yuvalarını bir-bir dağıdırıq. Bu, belə də davam edəcək”, - deyə Ali Yerlikaya vurğulayıb.

Məlumata əsasən, silahlı pilotsuz uçuş aparatları, “Atak” helikopteri və bir çox digər hərbi texnikanın istifadə edildiyi əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin çox sayda əməkdaşı iştirak edib.

Eyni zamanda, qeyd olunur ki, əməliyyatlar Şırnak, Siirt, Kahramanmaraş, Diyarbəkir, Muş və Tunceli vilayətlərində keçirilib.

ERMƏNİSTANIN DÖVLƏT BORCU ARTMAQDA DAVAM EDİR

Cari ilin 9 ayı ərzində Ermənistanın milli valyutası olan dramla dövlət borcunun payı 43 faiz artıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Ermənistanın maliyyə nazirinin müavini Vaan Sirunyan parlamentin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasında müzakirələr zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, ümumi strukturda dövlət borcunun dollarla payı 34 faiz, avro ilə isə 9 faiz təşkil edib.

Bununla yanaşı, V.Sirunyan qeyd edib ki, Ermənistanın dövlət borcu hazırda müəyyən edilmiş qaydalar daxilindədir.

Xəbər verilir ki, hazırda Ermənistanın dövlət borcu 4,454 trilyon dram (11,322 milyard dollar) təşkil edir. Bu məbləğin 10,8 milyard dolları hökumətin borcudur.

Eyni zamanda, nazir müavini vurğulayıb ki, 9 ayda Ermənistan Mərkəzi Bankının borcu azalıb, hökumətin borcu isə 7 faiz artıb.

Qeyd edək ki, Ermənistan hakimiyyətinin hesablamalarına görə, 2024-cü ilin sonunda Ermənistan hökumətinin borcu ÜDM-in 47 faizindən 48,4 faizə yüksələcək.

ÖZBƏKİSTAN VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA SAZİŞLƏR İMZALANIB

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”  agentliyinin verdiyi xəbərə görə, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Özbəkistanla Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əməkdaşlığın və tammiqyaslı tərəfdaşlığın, o cümlədən ən yüksək səviyyədə razılaşmaların qeyd-şərtsiz praktiki həyata keçirilməsinin daha da genişləndirilməsinin cari məsələləri müzakirə edilib.

Səfər zamanı kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard dollar dəyərində sazişlər imzalanıb.

Həmçinin Özbəkistanın müxtəlif regionlarında iri enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, nəqliyyat infrastrukturu və kommunal xidmətlər, geologiya, irriqasiya, məişət tullantılarının emalı, ali təhsil, əmək miqrasiyası sahələrində ümumi dəyəri 11 milyard ABŞ dolları olan yeni layihə və proqramların təşviqi ilə bağlı razılıq əldə olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.