DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL QARŞIYA QOYULAN BÜTÜN MƏQSƏDLƏRƏ NAİL OLMAQ NİYYƏTİNDƏDİR

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, heç bir xarici təzyiq ölkənin HƏMAS qruplaşması məhv edilməyənə və girovların azadlığına nail olunmayana qədər müharibənin davam etdirilməsinə mane ola bilməz. Bu barədə “The Times of Israel” qəzetinin məlumatında qeyd olunur.

“İsrailə bütün məqsədlərə çatmadan və girovları azad etməklə bağlı razılıq əldə olunmadan müharibəni dayandırmaq üçün daxildən və xaricdən güclü təzyiq göstərilir” - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, Netanyahu əmindir ki, İsrailin yolunda hər hansı maneə bu ölkənin əməliyyatı həyata keçirməsinə mane olmayacaq: “Biz bütün məqsədlərimizə çatana qədər müharibəni davam etdirmək əzmindəyik”.

Baş nazirin sözlərinə görə, əməliyyatın məqsədlərinə təkcə HƏMAS-ın məhv edilməsi deyil, həm də oğurlanmış bütün vətəndaşların azad edilməsi və Qəzza zolağının bundan sonra İsrail üçün təhlükə yaratmayacağına zəmanət də daxildir.

BRİTANİYADA BALLİSTİK RAKETİN UĞURSUZ SINAQ BURAXILIŞI BAŞ VERİB

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yenilənmiş “HMS Vanguard” nüvə sualtı qayığından “Trident II D5” ballistik raketinin uğursuz sınaq buraxılışını həyata keçirib. “Report” agentliyinin “The Sun” qəzetinə istinadən verdiyi xəbərə görə, raket buraxıldıqdan sonra dərhal kursundan çıxıb və göyərtəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps və admiral Ben Kinin olduğu sualtı qayığın yaxınlığına düşüb.

Nəşrin məlumatına görə, insident ABŞ-ın Florida ştatının sahillərində Atlantik okeanında təlim missiyası zamanı baş verib. Əvvəlcə “Trident II D5”in Braziliya və Qərbi Afrika arasında, Atlantik okeanının mərkəzindəki hədəf nöqtəsini vurmaq üçün təxminən 6 min kilometr uçacağı güman edilirdi.

Bununla yanaşı, nəşrin yazdığına görə, uğursuz sınağın başvermə şəraiti ilə bağlı araşdırma başlanılıb. Həmçinin Böyük Britaniya dəniz dibindən raket hissələrinin çıxarılması üçün axtarış əməliyyatına başlayıb.

Krallığın Müdafiə Nazirliyi buraxılış zamanı “anomaliyanın baş verdiyini” təsdiqləyib.

BU ÖLKƏ UKRAYNAYA 800-DƏN ÇOX PUA VERƏCƏK

Kanada əlavə yardım paketi çərçivəsində Kiyevə öz istehsalı olan 800-dən çox dron göndərəcək. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Kanadanın müdafiə naziri Bill Blair məlumat yayıb.

Nazirin sözlərinə görə, Kiyevə tədarük olunacaq PUA-ların ümumi dəyəri təxminən 95 milyon dollardır və bu məbləğ baş nazir Castin Trüdonun ötən il iyun ayında Kiyevə səfəri zamanı elan etdiyi 500 milyon dollarlıq yardım paketindən ödəniləcək.

Məlumata əsasən, Kanadada istehsal olunan “SkyRanger R70” dronları hədəfləri aşkarlamaq və müəyyən etmək üçün müxtəlif kamera sistemləri ilə təchiz olunub. Ottava həmin PUA-ları aprelin əvvəlinədək Ukraynaya çatdırmağı planlaşdırır.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Kanada Ukraynaya 9,7 milyard dollar həcmində yardım göstərib ki, bunun da 2,4 milyard dolları hərbi təyinatlıdır.

PROKURORLUQ TRAMPIN AKTİVLƏRİNİ MÜSADİRƏ EDƏ BİLƏR

Nyu-York Prokurorluğu Donald Trampın aktivlərinin müsadirə olunmasını tələb edə bilər. Bu barədə Nyu-York ştatının Baş Prokuroru Letitia Ceyms “ABC News” telekanalına müsahibəsində bildirib.

Baş Prokurorun sözlərinə görə, ölkənin sabiq prezidenti “Trump Organization” işi ilə bağlı maliyyə fırıldaqçılığına görə təqribən 355 milyon dollar vəsaiti ödəməsə, onun aktivlərinin müsadirə olunması tələb ediləcək.

Eyni zamanda, qeyd olunub ki, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, Uoll-strit küçəsində yerləşən göydələn müsadirə edilə bilər.

Xatırladaq ki, bu ilin 16 fevralında Nyu-York məhkəməsi Donald Trampı “Trump Organization” təşkilatının aktivlərinin qiymətləndirilməsində saxtakarlıq ilə bağlı mülki işdə təqsirli bilib.

YUNANISTAN TÜRKİYƏNİN MÜDAFİƏ SƏNAYESİNİ DİQQƏTLƏ İZLƏYİR

Yunanıstanın “Pentapostagma” xəbər saytı Türkiyənin ikinci təyyarə gəmisinin dizaynına rəsmi olaraq başladığını açıqlayıb. “Trend” agentliyinin məlumatına görə, “TCG Anadolu”dan sonra dizayn edilən yeni təyyarə gəmisində istifadə olunacaq “STOBAR” sistemi ilə bağlı təfərrüatlar geniş şəkildə işıqlandırılıb.

Məqalədə “STOBAR” sisteminin “qısa uçuş, lakin tutma ilə eniş” mənasını verdiyi izah edilib. Təyyarələr üçün qalxma rampası funksiyasını yerinə yetirəcək sistemin “havaya qalxma zamanı təyyarəni sürətləndirəcəyi” vurğulanıb.

Yunan xəbər saytı, sistemin necə işlədiyi və Türkiyənin təyyarədaşıyan gəmi ilə əldə etdiyi üstünlükləri də izah edib. Həmçinin təyyarə gəmisinin “Bayraktar TB3” və “Kızılelma” kimi Türkiyə PUA-ları ilə yanaşı, hələ açıqlanmayan fərqli təyyarə tipləri tərəfindən də istifadə oluna biləcəyi bildirilib.

Məlumat üçün qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi “KAAN” fevralın 21-də ilk uçuşunu həyata keçirib. Döyüş təyyarəsinin məqsədi “F-16” və “F-35” qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

BMT SUDANDA YAŞANAN BÖHRANLI VƏZİYYƏTƏ DİQQƏT ÇƏKİB

BMT dünyanın ən böyük məcburi köçkünlük böhranının yaşandığı Sudanda azı on milyonlarla insanın artan aclıq və qida çatışmazlığı ilə üzləşdiyini bildirib. Bu barədə “Report” agentliyinin yaydığı xəbərdə qeyd olunur.

BMT Sudanda 10 aydır davam edən vətəndaş müharibəsi səbəbindən azı 25 milyon insanın aclıq və qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkib.

“Təəssüf ki, hazırda vəsaitimiz yoxdur və ehtiyacı olan insanlara lazımi miqyasda çatmaq imkanına malik deyilik”, - BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmi açıqlamasında bildirilib.

Ümumdünya Ərzaq Proqramının sözçüsü Annabel Siminqton, hər həftə minlərlə ailənin evlərindən didərgin düşdüyünü və Çad və Cənubi Sudana doğru sərhədləri keçmək məcburiyyətində qaldığını bildirib.

“Hər iki ölkədə yağıntılı mövsüm yaxınlaşır və bununla da insanlara çatmaq çətinləşəcək. Biz bunu davam etdirə biləcəyimizə əmin olmaq üçün indi yardım hazırlamalıyıq. Bunu edə bilmərik, üstəlik Çad, Cənubi Sudan öz aclıq böhranları ilə məşğuldur”, - deyə təşkilat rəsmisi vurğulayıb.

ÖTƏN İL DÜNYANIN ƏN ÇOX ZİYARƏT EDİLƏN ŞƏHƏRİNİN ADI AÇIQLANIB

İstanbul 2023-cü ildə dünyanın ən çox ziyarət edilən şəhəri olub. Bu barədə “TRT” telekanalının verdiyi xəbərdə qeyd olunur.

Mərkəzi Londonda yerləşən beynəlxalq araşdırma şirkəti olan “Euromonitor International” tərəfindən hazırlanan hesabata görə, 2023-cü ildə İstanbulu 20 milyon 200 min turist ziyarət edib.

Məlumata əsasən, ötən il İstanbula gələn turistlərin sayı 2022-ci il ilə müqayisədə 26 faiz artıb.

Eyni zamanda, bildirilir ki, İstanbulun havası, tarixi yerləri, mətbəxi, möhtəşəm mənzərəsi, türklərin yardımseverliyi və muzeylərdə istifadə olunan texnologiya turistləri cəlb edir.

Hesabatda Böyük Britaniyanın paytaxtı London şəhəri ikinci, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri isə üçüncü pillədə qərarlaşıb.

Verilən xəbərə görə, sözügedən dövrdə Londonu 18 milyon 800 min, Dubay şəhərini isə 16 milyon 800 min turist ziyarət edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.