Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı
Digər xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Qurum tərəfindən Abşeron rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evləri və kommersiya obyektlərində içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Rayonun Hökməli qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxs yaxınlıqdan keçən magistral su kəmərinə qanunsuz qoşulma verib. Qeyri-qanuni çəkilmiş su xətləri vasitəsilə fərdi yaşayış evləri su ilə təmin olunub.

Hökməli-Qobu yolunda yerləşən ət kəsimi məntəqəsində sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən su xəttinə özbaşına birləşmə verib. Həmin ərazidə yerləşən "Əminin kafesi" adlı obyekt də texniki şərt almadan və müqavilə bağlamadan sudan qanunsuz istifadə edib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı ümumilikdə 14909, Abşeron rayonunda isə 1437 fakt aşkarlanaraq qarşısı alınıb.