Hər şəhid ömrü bir tarixdir
Sosial həyat

Hər şəhid ömrü bir tarixdir

Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan İmişlinin Əliqulular kəndində anadan olmuş Cavid Səfərlinin şəhidlik zirvəsinə ucalmasından üç il ötür. Qəhrəman şəhidimizin üçüncü ildönümü mərasimində iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Mətləb Murğuzov, polis şöbəsinin rəisi Füzuli Şxalıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidimizin ailə üzvləri, kənd sakinləri onun məzarını ziyarət edərək tər gül-çiçək dəstələri düzdülər.

Səfərli Cavid Xalıq oğlu 1993-cü il mayın 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. Namiq Şirinov adına İmişli şəhər 5 saylı tam orta məktəbdə təhsilini bitirəndən sonra 2007-2010-cu illərdə Cəmşid Naxçıvaniski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Akademiyanı bitirən gənc leytenant Cavid Səfərli ordumuza layiqli zabit kimi yetişməyi qarşısına məqsəd qoyaraq 2014-2015-ci illərdə Tədris-Təlim Mərkəzində hərbi təhsilini davam etdirir. 2018-ci ildə Azərbaycan ordusunun 100 illiyi medalı ilə təltif edilir. Cavid Səfərli hərbi xidmətə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissədə başlayıb. O, Tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlib. Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının düşməndən azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci il oktyabrın 21-də Xocavənd rayonunun strateji əhəmiyyətli Qırmızı Bazar qəsəbəsi istiqamətində yerləşən Düdükçi kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Səfərli Cavid Xaliq oğlu ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mərasimdə rayon rəhbəri qeyd etdi ki, bu gün qəhrəman şəhidlərimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Odur ki, Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Cavid kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

Şəhidimizin ailə üzvləri və yaxınları diqqət və qayğıdan razılıqlarını ifadə edərək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV,

"Respublika".