Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Qılman İlkin

Azərbaycanın Xalq yazıçısı, tanınmış nasir, Əməkdar incəsənət xadimi Qılman İlkin... Yaradıcılığında çox çətin və məşəqqətli yollardan keçən bu yazıçının ömür yolu da hamar olmayıb... Kənd qızlarını təhsilə cəlb etdiyi üçün ölümlə hədələnən, erməni daşnakları haqqında yazısına görə təzyiqə məruz qalan, kasıbçılıq ucbatından gündə bir çörək müqabilində dərs deyən, hətta bağbanlıq belə edən Qılman müəllim cəmi dördcə il də yaşasaydı, sağ ikən 100 illik yubileyini qeyd edən ən uzunömürlü Azərbaycan ədibi kimi tarixə düşəcəkdi...

Qılman İsabala oğlu Musayev Bakının Mərdəkan kəndində çoxuşaqlı ailədə dünyaya gəlib. Altı yaşı olanda atası dünyasını dəyişib. Onun ulu babası XVII əsrdə Dağıstandan  Mərdəkana gəlmiş kəndirbazlar dəstəsində meydan qızışdıran, babası İsabala isə xarrat olub. Qılman müəllimin böyük qardaşı Qurban Musayev də yazıçı olub, pyesləri səhnədə oynanılıb.

İbtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alan yazıçı oranı bitirdikdən sonra isə vaxtilə "Rüşdiyyə" adlandırılan 18 nömrəli orta məktəbdə oxuyub. Deyilənlərə görə, yazıçı hər gün Mərdəkandan Suraxanıya piyada, oradan isə elektrik qatarına minib məktəbə gəlirmiş. Düz beş il beləcə piyada yol gəlib. Sonralar da piyada gəzməyi çox sevib. Uzunömürlülüyünün bir səbəbini də məhz bunda görürmüş.

Tələbəlik illərini kasıbçılıq içində keçirən yazıçı muzdlu fəhlə kimi işləyib. Deyilənlərə görə, Murtuza Muxtarovun "podriyatçik"lərindən (daimi olmayan işə verilən ad) olub. Onun bağında ağaclarını sulayırmış. Maaş əvəzinə isə gündə bir "buxanka" çörək alırmış. Çox ağır dövrlər yaşayan yazıçı hətta çörəkçinin qızına belə gündə bir çörək müqabilində dərs deyib.

Yazıçı Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim işlədiyi zamanlarda qızları təhsilə cəlb etdiyi üçün ölümdən dönüb. Belə ki, çox köhnə bir məktəbdə işləyən Qılman müəllim kənd sovetinin sədri olan cavan bir oğlanın evində qalır. Həmin illər sinfi mübarizə illəri olduğundan sovet hakimiyyəti qurulandan sonra kəndin varlıları dağlara çəkilmişdilər. Günlərin birində yazıçı kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə gəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oğlanı - kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər. Qılman müəllim həmin gecə kənddə olmadığı üçün bəxti gətirib. Çünki arada ona da xəbər göndərmişdilər ki, qızlarımızı məktəbə cəlb etdiyin üçün səni də öldürəcəyik. Beləcə yazıçı ölümün cəngindən son anda xilas olur.

Yazıçının Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn və başqaları ilə hələ gənc yaşlarından şəxsi tanışlığı, dostluğu olub. Ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq, ən yaxın dostu isə Ənvər Məmmədxanlı idi. Müşfiq haqqında danışanda hər zaman kövrələrmiş.

Yaradıcılığının ilkin dövrlərində Qılman Musayev adı ilə çap olunub. Ancaq onun qardaşı Qurban Musayev də yazıçı olduğundan çox zaman qəzetlərdə hər iki yazıçının adlarının baş hərfləri veriləndə qarışıqlıq düşürdü. Bu zaman onun adına gələn qonarar qardaşına, qardaşının adına gələnlər isə ona çatırmış. Bu dolaşıqlığı aradan qaldırmaq üçün o, özünə İlkin təxəllüsünü götürür.

Qılman müəllim çox təvazökar adam olub. Tərifi bəyənməz, özü haqqında danışılmasından heç xoşu gəlməzmiş. Kənardan qaşqabaqlı, zəhmli təsiri bağışlasa da, çox səmimi, saf, kövrək adam imiş. Sağlam həyat tərzi keçirən yazıçı həm də əməksevər biri olub.  Erkəndən yuxudan durar, yaradıcılıqla məşğul olarmış. Zərərli vərdişlərdən uzaq olan yazıçı çox nadir hallarda məclislərdə içki içərmiş.

Yazıçı sevgiyə bənzər hissləri ilk dəfə 15 yaşında Xaçmazda yaşayıb.  Dördüncü sinifdə oxuyan şagirdlərdən biri ona vurulubmuş. Sonralar qızın dayısı bunu hiss etdiyi üçün onu məktəbdən çıxarıb. Kamil və nakam sevgini isə o 24 yaşında Qubada Pedaqoji İnstitutun filialında dərs dediyi zaman yaşayıb. Tələbələrindən biri yazıçıya aşiq olubmuş. Qılman müəllimin özü də qıza qarşı biganə deyilmiş. Ancaq qısa müddətdən sonra qızı zorla başqasına ərə veriblər. Yazıçının həyat yoldaşı Həvva xanımla tanışlığı isə bacısının vasitəsilə baş tutub. Belə ki, Həvva xanım onun bacısı ilə rəfiqə olub və Tibb İnstitutunda  birgə oxuyublar. Qılman müəllim də tez-tez evlərinə gələn Həvva xanımı görüb bəyənib. Bu tanışlıq evliliklə nəticələnib.  Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlib.

Yazıçıya zəngin, qaynar bir ömür yaşamaq nəsib olub. Ömrünün sonunadək qələmi yerə qoymayan, hər zaman ilhamla, şövqlə yazıb-yaradan Qılman müəllim 96 yaşında ürək çatışmazlığından vəfat edib.

Uilyam Ceyms Sidis

Yüksək zəkaları ilə adlarını tarixə yazmış insanlar çoxdur. Bunlara misal olaraq, Albert Eynşteyn, İsaak Nyuton və Mark Zukerberq kimi dahi şəxsiyyətlərin adlarını çəkmək olar. Lakin haqqında bəhs edəcəyimiz bu şəxsin adı çoxlarına  tanış gəlməsə də, o 250-300 arasında IQ-si (intelligence quotient) ilə bütün dahiləri geridə qoyaraq dünyanın ən ağıllı insanı kimi tarixə düşüb. Söhbət 18 aylığında qəzet oxuyan, 8 yaşında 8 dildə danışan, bəşər tarixinin ən zəkalı insanı Uilyam Ceyms Sidisdən gedir...

Uilyam Ceyms Sidis  Nyu Yorkda yəhudi əsilli ailədə  dünyaya gəlib. Uilyamın ağlasığmaz, parlaq zəkaya sahib olacağı heç də təsadüfi deyil. Çünki onun valideynləri də çox ağıllı olub. Belə ki, atası Boris Harvarddan 4 dərəcə qazanan nümunəvi psixoloq, anası isə həkim idi. 8 aylıq olanda əlifbanı öyrənməyə başlayan balaca dahi 18 aylığında artıq "The New York Times" qəzetini oxuya bilirdi. Uilyam   8 yaşına qədər latın, yunan, fransız, rus, alman, ivrit, türk  dillərini öyrənmişdi. Hətta bu dillərə əlavə olaraq, öz dilini də icad etmiş və həmin dilə "Vendergood" adını vermişdi.

Ailəsi onun xüsusi zəkaya sahib olduğunu bildiyi üçün  Harvardda oxutmağına çalışıb, lakin bu tələb rədd edilib.  Çünki o zaman Uilyamın cəmi 9 yaşı olub.

Amma  iki il sonra Uilyam 11 yaşında Harvard Universitetinə qəbul edilib. Bununla da o,  Harvarda qəbul edilən ən gənc insan kimi  tarixə düşüb. Çox qısa müddətdə riyaziyyat biliyi zirvəyə qalxıb və professorlar kimi tədrisə başlayıb. Uilyamın uğurları dildən-dilə yayılıb və   "vunderkind" adını qazanıb. 16 yaşında bakalavr təhsilini başa vuran dahi  üstün zəkası  ilə mətbuatın da diqqət mərkəzində olub və Uilyam özünü "New York Times" qəzetinin manşetlərində görüb. Ancaq gənc yaşda gələn bu şöhrət onun üçün bir yandan da yorucu olub. Uilyam uşaqlıqdan öyrənməkdən zövq alsa da, yetkinlik yaşına çatdığı zaman düşüncələri dəyişib və hətta atasını bu şöhrətdə günahlandırıb. Deyilənlərə görə, hətta bu səbəbdən  atasının dəfnində belə iştirak etməkdən imtina edib. Şöhrətdən yorulan Uilyam adi bir həyat sürmək fikrinə düşüb və ofis işlərinə başlayıb. Ancaq bu müddət ərzində də xalq tərəfindən sevilib, axtarılıb və o,  yenidən iş yerlərini dəyişmək məcburiyyətində qalıb. Uilyam fərqli təxəllüslərdən istifadə edərək bir çox dəyərli kitablar da yazıb.

Onun həyatındakı dönüş nöqtəsi isə həbsxanaya məhkum edildiyi zaman olub. Sosialist olan Uilyam hökumət əleyhinə keçirilən nümayişlər zamanı  həbs edilərək 18 aylıq cəzaya məhkum edilib. Ancaq ailəsi buna etiraz edərək həbsxana əvəzinə onun 2 il sanatoriyada qalmasını tələb edib. Sidis həm iştirak etdiyi nümayişlərə, həm də ateist olduğuna görə xalqın sevgisini itirməyə başlayıb.

Ömrünün son illərini elmdən uzaq keçirən Uilyam  46 yaşında beyin qanamasından vəfat edib. Deyilənlərə görə, həyatının  sonlarına yaxın  öyrəndiyi dillərin sayı 40-a çatıb. Dünyanı dəyişdirə biləcək ağıla sahib  olan bu adam bəlkə də çox yaşasaydı, kim bilir elmə nə qədər töhfələr bəxş edəcəkdi...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".