DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLİN NÖVBƏTİ HƏRBİ ƏMƏLİYYATLAR PLANI TƏSDİQLƏNİB

İsrail Müdafiə Ordusunun Qəzza zolağında növbəti hərbi əməliyyatlarının planı təsdiqlənib. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Conatan Konkrikus bildirib.

Eyni zamanda, mətbuat katibi planın Qəzza zolağının şimalında əməliyyatların başa çatmasından sonra həyata keçiriləcək növbəti mərhələ olduğunu açıqlayıb.

İsrail Müdafiə Ordusu rəsmisinin sözlərinə görə, müharibənin ümumi hədəfi dəyişməz olaraq qalır. “Biz HƏMAS-ın bütün hərbi infrastrukturunu yararsız hala salıb, liderlərini zərərsizləşdirməklə İsrail dövlətinin təhlükəsizliyini təmin edəcəyik. Onlar ya təslim olacaqlar, ya da tunellərində öləcəklər, - deyə Conatan Konkrikus əlavə edib.

Bununla yanaşı, mətbuat katibi bildirib ki, hadisələri qabaqlamayacaq, nə vaxt, harada və nə etməyi planlaşdırdıqlarını söyləməyəcək. O deyib: “İsrail ordusu Baş Qərargahının rəisi general-leytenant Herzi Halevi əməliyyatın növbəti mərhələləri üçün planı təsdiqləyib. İsrail ordusu isə missiyamızı yerinə yetirməyə davam etməyə hazırdır, qadirdir və qərarlıdır”.

RUSİYA XİN FİNLANDİYAYA ETİRAZINI BİLDİRİB

Finlandiyanın Rusiyadakı səfiri noyabrın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Verilən xəbərə görə, Rusiya iki ölkə arasındakı keçid məntəqələrinin bağlanmasına etiraz edib. Nazirliyin məlumatında qeyd olunur ki, səfir Antti Helanteraya Finlandiya-Rusiya sərhədində 4 keçid məntəqəsinin bağlanması ilə əlaqədar etiraz bildirilib və rəsmi Helsinkinin bu addımı təxribat kimi qiymətləndirilib.

Bununla yanaşı, vurğulanır ki, Finlandiyanın bu cür addımlar atması hər iki ölkədə on minlərlə vətəndaşının hüquq və maraqlarını pozur: “Finlandiya hakimiyyəti Rusiya tərəfi ilə məsləhətləşmədən tələsik qərar qəbul edib”.

Xatırladaq ki, bir müddət öncə qanunsuz miqrant axınının qarşısını almaq səbəbindən Rusiya ilə sərhəddə 4 keçid məntəqəsinin bağlanması qərarı ilə çıxış edən Finlandiya hökuməti bütün məntəqələrin bağlana biləcəyini istisna etməmişdi.

ARGENTİNANIN YENİ PREZİDENTİ MƏLUM OLDU

Argentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi Xavyer Miley qalib gəlib. “TRT” telekanalının verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, Libertar Partiyasının namizədi Xavyer Miley 55,82 faiz səslə prezident seçilib. “Peronist” alyansın namizədi və hazırkı iqtisadiyyat naziri Serxio Massa 44,17 faiz səs toplayıb.

“Vətən Naminə Birlik” partiyasının namizədi olan Serxio Massa məğlubiyyətini etiraf edib və seçkilərdəki uğuru münasibətilə rəqibi Xavyer Mileyə zəng edərək onu təbrik etdiyini açıqlayıb.

“Argentinalıların qarşıdakı 4 il ərzində Mileyi seçməsi səbəbi ilə zəng edib təbrik etdim. Bunu edərkən ona ən önəmli məsələnin bütün bu çətinliklər arasında birgə yaşama, dialoq və sülh hörmət olduğu mesajını verdim”, - deyə Serxio Massa vurğulayıb.

Bununla yanaşı, Serxio Massa Argentina xalqının başqa bir yol seçdiyini qeyd edib: “Sabahdan etibarən siyasi və iqtisadi fəaliyyət üçün bütün məsuliyyət seçilmiş prezidentə məxsusdur. Bu gün Argentina güclü, möhkəm və şəffaf nəticələrə hörmət edən demokratik sistemə malik olduğunu təsdiqlədi”.

İRANDA SON BİR İLDƏ YOL QƏZALARINDA 20 MİN İNSAN HƏLAK OLUB

İranda son bir ildə yol-nəqliyyat hadisələri nəticəsində azı 20 min nəfər dünyasını dəyişib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İranın yol polisinin başçısı Həsən Mömini bildirib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri çox ciddi və narahatedici problemə çevrilib.

Həsən Mömininin sözlərinə görə, bir neçə il öncə yol qəzaları nəticəsində ölənlərin sayı 16 minədək azalmışdı, lakin indi bu istiqamətdə yenidən artım müşahidə olunur: “İranda yol qəzalarının baş verməsinin ən mühüm səbəbi insan faktorudur, ikinci yerdə nəqliyyat yolları və vasitələrinin vəziyyətidir. Bunlar ölənlərin sayının artmasında ən böyük rol oynayır”.

Həsən Mömini qeyd edib ki, yol qəzalarının 60 faizi şəhərlərdən 30 kilometr aralı məsafədə baş verir və bu qəzaların qurbanlarının əksəriyyəti gənclərdir.

Məhkəmə araşdırmaları təşkilatının illik hesabatında bir müddət əvvəl bildirilmişdi ki, ötən bir ildə yol-nəqliyyatı qurbanlarının ümumi sayı 19490 nəfər olub. Bu isə əvvəlki illə müqayisədə qurbanların sayından 16 faiz çoxdur. Məlumata əsasən, İranda avtomobillərin ehtiyat hissələrinin 90 faizdən çoxu standarta uyğun istehsal olunmur.

ANKARA RUSİYA-UKRAYNA DANIŞIQLARINA YENİDƏN EV SAHİBLİYİ ETMƏYƏ HAZIRDIR

Türkiyə bir daha Rusiya və Ukrayna arasındakı münaqişənin həlli üçün danışıqlara ev sahibliyi etməyə hazırdır. “Report” agentliyinin xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkə parlamentində rəhbərlik etdiyi nazirliyin büdcəsini təqdim edərkən bildirib.

Məlumata əsasən, Türkiyə XİN başçısının sözlərinə görə, rəsmi Ankara Ukraynadakı münaqişənin ədalətli, sülh yolu ilə həllinə nail olmaq üçün Moskva ilə birbaşa əlaqə kanallarını saxlayır.

Eyni zamanda, Hakan Fidan qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna ilə münasibətlərin inkişafına öz milli maraqları və beynəlxalq öhdəlikləri əsasında yanaşır.

Türkiyə XİN rəhbəri həmçinin əlavə edib ki, Qara dəniz taxıl təşəbbüsü çərçivəsində il ərzində Ukraynadan dünya bazarlarına 33 milyon tona yaxın kənd təsərrüfatı məhsulları çıxarılıb. “Təşəbbüsün fəaliyyəti dayandırıldıqdan sonra biz ərzaq bazarlarında qeyri-sabitliyin qarşısını almaq və müharibənin Qara dəniz hövzəsinə yayılmaması üçün səylərimizi onun bərpasına yönəltdik”, - deyə Hakan Fidan vurğulayıb.

MİXEİL SAAKAŞVİLİNİN SƏHHƏTİ YAXŞILAŞIB

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti yaxşılaşdığından o, həbsxanaya qaytarılacaq. Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze ölkənin “İmedi” telekanalına müsahibəsində bəyan edib.

Nazirin sözlərinə əsasən, Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi qərarı siyasi ola bilməz, bu, həkimlərin tövsiyələrinə əsaslanacaq.

Eyni zamanda, R.Breqadze qeyd edib ki, Gürcüstanda məhbuslar səhhətlərini yaxşılaşdırmaq üçün lazım olan müddətdə xəstəxanada qala bilərlər.

“Həkim tövsiyəsi olan kimi Saakaşvilini həbsxanaya köçürəcəyik, çünki bu məsələ ilə bağlı başqa qərar qəbul etmirik, hər hansı siyasi qərar qəbul etmək istisnadır”, - deyə Ədliyyə Nazirliyinin rəhbəri bildirib.

NAPALEONUN PAPAĞI HƏRRACDA 1,9 MİLYON AVROYA SATILIB

Fransa imperatoru Napaleon Bonapartın papağı Fransada Fontenblo şəhərində keçirilən hərracda rekord qiymətə satılıb. “Trend” agentliyinin məlumatında qeyd lunur.

Verilən xəbərə görə, “Osenat” hərrac evinin təşkil etdiyi hərracda imperator Napaleon Bonapartın papağı 1,932 milyon avroya satılıb.

Hərracın təşkilatçıları qeyd ediblər ki, Napaleon Bonapartın kolleksiyası üçün bu, rekord məbləğ hesab olunur. Belə ki, bundan əvvəl Napaleona məxsus digər şlyapa 2014-cü ildə həmin hərrac evində 1,8 milyon avroya satılıb.

Məlumata əsasən, üçrəngli kokarda ilə bəzədilmiş bu papaq təxminən 1810-cu ilə aiddir. Ehtimal olunur ki, Napaleon 1815-ci ildə Elba adasından qaçarkən məhz bu papağı taxıb. Papağın ilkin qiyməti 600-800 min avro arasında dəyişib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.