VIII GÜN. RETROSPEKTİV
Siyasət

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

15 oktyabr

  • İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötür.
  • Prezident İlham Əliyev Xankəndi şəhərində, Ağdərə, Xocalı, Xocavənd şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Üçrəngli bayrağımız əbədi dalğalanacaq

  • 2023-cü il 15 oktyabr. Bu tarixi yaddaşınızda möhkəm saxlayın: "Bu qələbə bizim tariximizdə əbədi qalacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər". Qarabağdan, onun ürəyi olan Xankəndidən o gün səslənən bu fikirlər təkcə gələcək nəsillər üçün deyil, elə bizim hər birimiz üçün tövsiyə, nəsihətdir. 15 oktyabr bundan sonra bizim üçün ikiqat dəyərli olacaq. Çünki Azərbaycan xalqı düz 20 il əvvəl məhz bu tarixdə öz taleyini etibar etdiyi liderinin vədinə xilaf çıxmadığının bir daha şahidi oldu. O gün Xankəndidə, Əsgəranda, Xocavənddə, Xocalıda üçrəngli bayrağımızı öpüb gözləri üstə qoyan qalib sərkərdənin xalqı qarşısında əsl hesabat günü idi. 20 il əvvəl Ana Qanunumuza, Müqəddəs kitabımıza əl basaraq içdiyi andı şərəflə yerinə yetirmişdi.
  • Hər gün addım-addım irəli apardığı xalqına qürurla: "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyirdi. O gün 30 ildən bəri qubar bağlayan ürəklərin yanğısına su çiləyir, ürəklərə batan tikanları çıxarırdı qalib sərkərdə. O gün torpaq uğrunda şəhid olanların, bu günü görmək arzusu ilə dünyadan köçənlərin ruhunu şad edirdi cənab Prezident.
  • Prezident İlham Əliyev Sərsəng Su Anbarının ərazisində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
  • Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndində olub.
  • Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
  • Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib.

16 oktyabr

  • Prezident İlham Əliyev Füzuli rayonunun Cuvarlı və Qoçəhmədli kəndinin təməlini qoyub.
  • Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərində ikinci və üçüncü yaşayış kompleksinin təməlini qoyub.
  • Prezident İlham Əliyev Füzuli şəhərində idman kompleksinin təməlini qoyub.
  • Daha 26 ailə Laçına yola salınıb.

17 oktyabr

  • Prezident İlham Əliyev Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Yeniləşən, əzəli yurdumuz FÜZULİ

  • "Füzuli şəhəri və rayonun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğaldan azad edilib". 3 il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək bu xoş müjdəni verdi. Artıq bu yerlərdə soydaşlarımız məskunlaşır, doğma torpağımızda qurub yaradır. Qeyd edək ki, ölkə başçımız oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
  • 30 il işğalda olan Füzuli və onun kəndləri Azərbaycan Ordusunun qətiyyətli əks-hücumu nəticəsində öz sahibinə qayıtdı. Lakin bu qalibiyyət heç də asan əldə olunmadı. 30 il boyunca Füzulidə quraşdırılan mina-tələlər, mühəndis-istehkam qurğuları, ard-arda tikilən səngərlər onu alınmaz bir mövqeyə çevirmişdi. Lakin Azərbaycan Ordusu Füzuli əməliyyatı ilə "Ohanyan mif"ini darmadağın edərək Füzuliyə daxil oldu. Hərbi ekspertlərin fikrincə, aylar çəkəcək mövqe çox qısa bir müddətdə Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü.
  • Məhkəmədə zərərçəkmişlər Vaqif Xaçaturyanın onların başlarına gətirdiyi müsibətlərdən danışıblar.
  • Bakıda MDB-nin iştirakçı ölkələrinin Dövlətlərarası Hökumət Rabitəsi üzrə Koordinasiya Şurasının 30-cu iclası keçirilib.

18 oktyabr

  • Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Ciddədə görüşüblər.
  • Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib.
  • Azərbaycan-Türkiyə birgə taktiki təliminə hazırlıq məşqləri keçirilib.

19 oktyabr

  • Prezident İlham Əliyev Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" Sərgisinin iştirakçılarına məktub ünvanlayıb.
  • Azərbaycan ilə Özbəkistan Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.
  • Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Şuşaya səfər edib.

20 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib.
  • Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib.
  • Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfrans keçirilib.

Ədalətsizlik cavabsız qalmayacaq

  • Oktyabrın 20-də Azərbaycanda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans keçirilib.
  • Konfransda çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bildirib ki, özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edirlər.
  • Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb. Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.
  • Britaniya Parlamentində Azərbaycanın minatəmizləmə ilə bağlı qlobal təşəbbüsünə dəstək verilməsi üçün çağırış edilib.

21 oktyabr

  • Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyib.
  • Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı olub.

"Respublika".