Ölkəmizə gələn turistlərin sayı artıb    
Sosial həyat

Ölkəmizə gələn turistlərin sayı artıb    

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 32,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan vətəndaşlarıdır. Hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faiz Belarus, 1,3 faiz Küveyt, 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan vətəndaşları da var. Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil etmişdir.

“Respublika” xəbər verir ki, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 36,5 faiz artaraq 57,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.   

2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı isə 19,8 faiz artaraq 993,5 min nəfər olmuşdur.       

“Respublika”.