ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI CƏNUBİ QAFQAZI DÜNYANIN MÜHÜM LOGİSTİK MƏRKƏZİNƏ ÇEVİRƏCƏK
Digər xəbərlər

ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI CƏNUBİ QAFQAZI DÜNYANIN MÜHÜM LOGİSTİK MƏRKƏZİNƏ ÇEVİRƏCƏK

(əvvəli 23 avqust tarixli sayımızda)

Bu yaxınlarda ədəbiyyatda rast gəldiyim bir maraqlı xəbəri də oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm. Türk professoru, şairi, ziyalısı və fikir adamı Nurullah Genc deyib ki, Turqut Özal hakimiyyəti dönəmində ölkəsinə yapon mütəxəssisləri dəvət edərək Türkiyənin niyə geridə qaldığının səbəblərini araşdırmalarını istəyib. Həmin yapon mütəxəssislər bununla bağlı geniş araşdırmalar aparmış, bunun nəticəsi olaraq hesabat hazırlamışlar. Yapon mütəxəssislərinin hesabatının son cümləsi belə yazılmışdır: "Dünya millətləri içərisində tarixi ən zəngin olanların başında siz gəlirsiniz. Amma tarixini övladlarına ən az təbliğ edənlərin də başında siz gəlirsiniz. Başarılı olamazsınız!". Əslində, böyük Atatürk də yaponların yuxarıdakı qeyd etdiyim hesabatının yekun nəticəsini tamamlayacaq məşhur bir kəlamında demişdir: "Türk övladı əcdadını tanıdıqca daha böyük nailiyyətlər qazanmaq üçün özündə qüvvət tapacaqdır". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz 22 illik hakimiyyəti dönəmində Türkün şanlı tarixinə söykənməklə, əcdadına istinad etməklə, tanımaqla və təbliğ etməklə böyük nailiyyətlərə imza atmışdır.

Azərbaycan xalqı XX əsrin müxtəlif dövrlərində Ermənistandan 23 rayonun azərbaycanlılar yaşayan 261 yaşayış məntəqəsinin işğal olunmasını, soydaşlarımızın öz tarixi dədə-baba torpaqlarından zorla köçürülməsini, son 30 il ərzində erməni faşistlərinin ərazilərimizdə dağıtdıqları 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tarixi abidənin, saray və muzeylərin acısını, eləcə də 40 min muzey eksponatının qanunsuz olaraq daşınıb aparılmasını, yerli və xarici mənbələrdə olan datalar əsasında hesablamalara görə, Azərbaycana vurduqları 1 trilyon dollar (+100 milyard dollar) ümumi zərəri, həmçinin mənəvi zərbləri heç vaxt yaddaşlarından çıxarmayacaqlar. Amma Qərbi Azərbaycan İcmasının bəyanatında deyildiyi kimi, "Ermənistan tərəfinin bizə qarşı törətdiyi böyük müsibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər, qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıqdan keçir".

Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin dediyi: "Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq". Ulu öndər Heydər Əliyevin tövsiyə və vəsiyyətlərini qədirbilən Azərbaycan xalqı həmişə həyata keçirir və keçirəcəkdir.

Tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən 1813-cü ilin 12 oktyabrında Rusiya imperiyası ilə Qacar İran dövləti arasında imzalanmış Gülüstan sülh müqaviləsinin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaqla, yerdə qalan bütün xanlıqlar - Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki Rusiyaya verilmişdir. Türkmənçay sülh müqaviləsi isə Qacarlar ilə Rusiya imperiyası arasında 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanaraq, ikinci Rusiya-İran müharibəsini bitirən müqavilədir. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran, İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissələri də rus imperiyasının ərazisi olduğu qəbul edilirdi. İki imperiya arasında sərhəd isə Araz çayı idi.

100 il əvvəl Azərbaycan Demokratik Respublikasının ərazisi 113,895,97 kv.km olmuşdur. Sovet hakimiyyəti illərində ərazimizdən 27 min kvadratkilometr kəsilib, qanunsuz olaraq qonşu respublikalara verilmişdir. Bu, isə Ermənistan ərazisinin 90 faizini təşkil edir.

Zəngəzur adındakı "zəngi" leksik vahidi tədqiqatçılara görə, türk tayfa adıdır. Türkdilli respublikalarda və Azərbaycanın bir çox yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır: Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və s. Mahmud Kaşğarinin, Rəşidəddin, Əbdülqazinin, A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə 24 Oğuz tayfasından biri olan "zəngi"nin adı keçir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından biri olub. Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" kitabında Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: "Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi... Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin belə addım atmasına yol vermədi, Sultan Zəngini Farsa və onun nahiyələrinə hakim təyin etdi...". Digər tədqiqatçıların fikrincə isə, Zəngəzur sözündəki ikinci leksim ərəbcə "sur" dağ, daş, divar, qayalıq yer, hasar, qala, bürc deməkdir (dilin ahənginə, asan tələffüzə görə s hərfi z-yə çevrilib). Bu ad ərazinin relyefini düzgün səciyyələndirir - yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların bir çoxunda da sur-zur-zor ifadələri daşlaşıb qalıb. Eyni zamanda, "zor" sözü Qafqaz və Anadolu türklərinin dilində çox yaxşı, böyük, gözəl mənasında da işlənməkdədir. Zəngəzur sözünün sonundakı "zur" türk dilində "dərə", "yarğan" mənasını da daşıyır. Zəngəzurun digər bölgələri Laçın, Mığrı adlarında da türk tayfalarının izi qalıb.

O vaxt sovet Azərbaycanının rəhbərliyində də ermənilər güclü qüvvəyə malik idilər. Nərimanovun yazdığı kimi, real idarəetmə Mirzoyanların əlində idi. Bolşevik Rusiyası Azərbaycanın sovet hökuməti və tezliklə qurulması gözlənilən Ermənistan sovet hökuməti ilə ikitərəfli sazişlər hazırlayırdı. Azərbaycan sovet hökuməti bu sazişdə ərazi bütövlüyü məsələsinin təmin olunmasına da ümid bəsləyirdi. Erməni kommunistləri isə Zəngəzur, Naxçıvan və Qarabağ məsələsinin öz xeyirlərinə həllini gözləyirdilər. O vaxt Birinci Dünya müharibəsindən sonra ən ağır zərbələrdən biri də Azərbaycana dəydi. 1920-ci il noyabrın 29-da Ermənistanda (İrəvanda) sovet hakimiyyətinin qurulduğu elan olunandan bir gün sonra Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərar ilə həll olundu... Bu birgə iclasın qəbul etdiyi "tarixi" qərara aydınlıq gətirmək üçün orada iştirak edənlərin tərkibini də bilmək maraqlı olardı: Q.Orconikidze, Sarkis (S.Ter-Danielyan), Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov.

Ümummilli Lider Heydər Əliyev demişdir: "...XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mığrı rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır".

Tarixə nəzər saldıqda, görürük ki, XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində, çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi 1918-1920-ci illərdə Zəngəzur qəzası da daxil olmaqla Şuşa, Cavanşir, Cəbrayıl qəzaları əsasında yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar. Amma faktik olaraq, o vaxt daşnak general Andranik Zəngəzuru müsəlman türk və kürdlərdən təmizləyib orada qubernatorluq elan etmişdi. Andranik Laçında Sultan bəyə biabırçı vəziyyətdə uduzandan sonra 1922-də ABŞ-a qaçmış, 1927-ci ildə ölmüş, Kaliforniya ştatının Fresno şəhərində basdırılmış, cəsədi 1928-ci ildə Parisə, 2000-ci ildə isə Yerevana gətirilmişdir. Bu, ermənilərin zor ilə Azərbaycan torpaqlarını özününküləşdirib, özlərinə vətən etmələrinə bir daha sübutdur.

1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra isə Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olmuşdur.

Daha qədim tarixə getsək, görərik ki, Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanına çevrilibdir. Ərəblər məhz Cənubi Azərbaycan - Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər. Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Qarakilsə (Sisiyan) və Gorus bölgələrini əhatə edib. 1065-ci ildə Səlcuq-türk imperiyasının hökmdarı Alp Arslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoymuş, 150 il davam edən Səlcuq hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirmiş, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşmışdır. 1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər hesabına tutub, bu yerləri xarabazara çevirib, 10 min ailəni buradan imperiyanın şərqinə - Əfqanıstana köçürüblər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən salıb. Yerli əhali bu köçürülənləri öz adları ilə "ağvan" çağırırmışlar ki, sonralar bu ad fonetik dəyişimə uğrayaraq "əfqan"a çevrilib.

Zəngəzur Qaraqoyunluların (1410-1468), Ağqoyunluların (1468-1502), 1503-cü ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşüb. I Şah Abbasın (1571-1629) Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar zamanı müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində verdiyi köç fərmanına əsasən hər iki vilayətin əhalisi öz yerlərini tərk etmişlər. Zəngəzur Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrilmiş, bir əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe olmuşdu. 1748-ci ildə Qarabağ xanlığını yaradıb, ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini - Bərgüşad, Tatev, Qarakilsə (Sisiyan), Qafan, Mığrını Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına qatmış və bu ərazilər Qaraçorlu mahalı adlandırılmışdı. Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qalmışdır. Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol (Gəncə) quberniyası yaradılmışdı. 1861-ci ildə yaradılmış Zəngəzur qəzası, Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edildi. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi. 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Yelizavetpola (Gəncəyə) köçdü. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edildi. Hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı - Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə dövlətin paytaxtı oldu.

Biz inanırıq ki, yaxın gələcəkdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin titanik gücü, unikal siyasəti, böyük siyasi təcrübəsi nəticəsində Zəngəzur dəhlizi açılacaq, zəngəzurlular öz doğma torpaqlarına əbədi olaraq qayıdacaq, Türk dövlətləri daha da yaxınlaşacaq, qloballaşan dünyaya öz layiqli töhfələrini verəcəklər.

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.