Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ƏRDOĞANLA PUTİN ARASINDA TELEFON DANIŞIĞI BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ayqustun 2-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb. Liderlər həmçinin Rusiya prezidentinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, Ərdoğan və Putin taxıl sazişinin gələcəyini müzakirə ediblər. Türkiyə lideri Ankaranın Qara dəniz təşəbbüsünün bərpasına inandığını bir daha bəyan edib.

Eyni zamanda, Ərdoğan həmkarını Rusiya ilə Ukrayna arasında gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırıb.

Ankaradakı diplomatik mənbələrin açıqlamasına görə, Türkiyə və Rusiya liderləri arasında taxıl sazişi, Ukrayna münaqişəsinin həlli kimi prinsipial məsələləri özündə ehtiva edən mühüm anlaşma baş tutmuş sayılır. Çünki Ərdoğanın Putini Ankarada qonaq etmək məqsədinin arxasında Qərb dairələrinin həll edə bilmədiyi bu iki mühüm məsələ dayanır.

“Putinin Ankaraya gəlməyə razılaşması sözügedən məsələlər ətrafında mühüm nəticələrin əldə ediləcəyinə işarədir”, - deyə diplomatik mənbə vurğulayıb.

POLŞA VƏ UKRAYNA MÜNASİBƏTLƏRİNDƏ SOYUQLUQ YAŞANIR

Son vaxtlar Polşa ilə Ukrayna arasında münasibətlər pozulub. “Report” agentliyinin xəbərinə görə, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau bəyan edib.

Məlumata əsasən, iki ölkə arasında münasibətlərin son vaxtlar yaxşı olmadığını söyləyən XİN başçısı vurğulayıb ki, buna səbəb Ukrayna prezidenti Volodimir Zelenskinin və digər rəsmi şəxslərin bəyanatlarıdır. Zbiqnev Rau rəsmi Kiyevi müttəfiqlərini ittiham etməməyə çağırıb.

Xatırladaq ki, Polşanın Ukraynadakı səfiri Bartoş Çiçokki bir neçə gün öncə Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Buna Polşa prezidenti Anjey Dudanın beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın Ukraynanı nankorluqda ittiham etməsi səbəb olub.

Görüş zamanı ukraynalıların Polşaya kömək etdiklərinə görə guya nankorluq etmələri barədə deyilənlərin həqiqətə uyğun olmadığı və qəbuledilməzliyi vurğulanıb.

ABŞ NƏŞRI: TÜRKİYƏ ORDUSU ƏN GÜCLÜ ORDULARDAN BİRİ OLACAQ

Türkiyə ordusu dünyanın ən güclü ordularından birinə çevriləcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan “The Defence Post” qəzeti yazıb.

Qəzet Türkiyənin “F-16” modernizasiya proqramı olan “ÖZGÜR 2” layihəsini işıqlandıraraq, Türkiyə ordusunun sürətlə dünyanın ən güclü ordularından birinə çevriləcəyinə diqqət çəkib.

Nəşr həmçinin Türkiyənin “F-16” donanması üçün yerli təkmilləşdirmə proqramının ikinci mərhələsinə başladığını açıqlayıb.

“Türkiyə hərbi hava qüvvələrinin “F-16”  təyyarələri “ÖZGÜR” çərçivəsində modernləşdiriləcək və struktur cəhətdən təkmilləşdirəcək. Eyni zamanda, təyyarələrin struktur və avionik modernizasiyalarının əhatə dairəsi artırılacaq”, - deyə qəzetdə qeyd olunur.

RUSİYAYA DƏSTƏKLƏ BAĞLI İRAN ALİ RƏHBƏRLİYİNDƏ ZİDDİYYƏT YARANIB

İran rəhbərliyi arasında Ukraynadakı müharibə üçün Rusiyaya kamikadze dronların tədarükü ilə bağlı mübahisə yaranıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur xarici mediaya müsahibəsində bildirib.

İdarə rəhbərinin sözlərinə görə, Rusiyanın heç bir fərq qoymadan Ukrayna şəhərlərinə hücumu Tehran rejimində daxili çəkişmələrə səbəb olub.

Eyni zamanda, Riçard Mur Ukraynanın davam edən əks-hücum əməliyyatlarının uğurlu olduğunu diqqətə çatdırıb. “Ukraynalı komandirlər rus həmkarlarından fərqli olaraq, öz əsgərlərinin həyatını qorumaq istəyirlər. Buna görə də daha ehtiyatlı davranırlar”, - deyə idarə rəhbəri əlavə edib.

Bununla yanaşı, Böyük Britaniya rəsmisi düşünür ki, Qərbin məqsədi Rusiya ordusunun Ukrayna ərazisindən çıxmasıdır: “Sülh şərtlərini biz yox, Ukrayna müəyyən etməlidir. Bizim işimiz Ukraynanı ən güclü mövqedən çıxış etməsinə dəstək olmaqdır”.

SEÇKİ İSTERİYASI ABŞ-ı RUSİYA İLƏ “PROKSİ-MÜHARİBƏ”yə SÜRÜKLƏYİB

Rusiyanın 2016-cı il seçki kampaniyasına müdaxiləsi ilə bağlı “uydurma məlumatlar” ətrafındakı isteriya Vaşinqtonu Moskva ilə “proksi-müharibə”yə sürükləyib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Trampın “Newsweek” nəşrindəki köşə yazısında qeyd edilib.

“Bu hiylənin əsl qurbanları amerikalılar olub. Onun ABŞ-a vurduğu ziyan misilsizdir. Bu, demokratiyamızı sarsıdıb, təhlükəsizliyimizi təhdid edib və azadlığımızı təhlükə altına atıb”, - deyə Donald Tramp vurğulayıb.

Siyasətçinin fikrincə, dövlətlərarası münasibətlərdə gərginliyin dərəcəsini azaltmağın zəruri olduğu kritik məqamda saxtakarlıq kütləvi isteriyaya səbəb olub və bu da “Rusiyanı birbaşa Çinə daha da yaxınlaşdırıb”.

“Mənim Rusiya ilə yaratmağa çalışdığım münasibətləri yaxşılaşdırmaq əvəzinə, biz indi Rusiya ilə proksi-müharibə aparırıq”, - deyə Tramp əlavə edib.

Eyni zamanda, Donald Tramp ABŞ-dan daha çox nüvə silahına malik olan Rusiya ilə anlaşmağa və həmçinin Konqresi Ukraynaya yeni məbləğlər ayırmamağa çağırıb.

ISVEÇIN BAŞ NAZIRI: QURANA QARŞI TƏXRİBATLAR CİDDİ PROBLEMƏ ÇEVRİLİB

İsveçdə Qurani-Kərimlə bağlı təxribatlar ölkədə ciddi təhlükəsizlik probleminə çevrilib. Bu barədə İsveçin baş naziri Ulf Kristersson Ədliyyə Naziri Qunnar Strömmer ilə keçirilən mətbuat konfransında bəyan edib.

“Qurana qarşı təxribatlar, NATO üzvlüyünün ləngiməsi və Rusiya-Ukrayna müharibəsi təhlükəsizliyimizə ciddi təsir göstərir. Bu təhlükəsizlik problemlərinin qarşısını almaq üçün bu istiqamətdə daxili sərhəd nəzarətini işə sala bilərik”, - deyə Ulf Kristersson vurğulayıb.

Ədliyyə naziri Qunnar Strömmer isə bildirib ki, hazırda ictimai asayiş qanununun dəyişdirilməsi istiqamətində müzakirələr aparılır.

Qeyd edək ki, İsveçdə Quranın 3 yerdə yandırılması üçün edilən icazə tələbləri geri götürülüb.

Eyni zamanda, xəbər verilir ki, İsveç h

ökuməti polisə daha böyük səlahiyyətlər verməklə daxili təhlükəsizlik və sərhəd nəzarətini müvəqqəti olaraq artırmağı tapşırıb.

ÇİN CASUSLUQLA MÜBARİZƏ ÜÇÜN SOSİAL ŞƏBƏKƏLƏRİ CƏLB EDİR

Çinin “WeChat” sosial şəbəkəsində Çin Xalq Respublikasının (ÇXR) Dövlət Təhlükəsizlik Nazirliyinin təsdiqlənmiş hesabı peyda olub. “Trend” agentliyinin xəbərinə görə, bu barədə yerli “Global Times” nəşri məlumat yayıb.

Məqalədə dərc olunan xəbərə əsasən, nazirliyin rəsmi hesabındakı ilk paylaşımda əks-kəşfiyyat fəaliyyətinin cəmiyyətin bütün təbəqələrinin səfərbərliyini tələb etdiyi vurğulanır.

Eyni zamanda, ÇXR-in Dövlət Təhlükəsizlik Nazirliyi dövlət orqanları, təşkilatlar, müəssisələr, idarə və ictimai birliklər, eləcə də ixtisaslaşmış strukturlarından “milli təhlükəsizliyin dəstəklənməsi ilə əlaqədar maariflənmə səviyyəsini artırmağı və casusluq fəaliyyətinin qarşısının alınması və dayandırılması üçün heyət səfərbər etməyi” tələb edib.

Məlumatda həmçinin ölkənin bütün kütləvi informasiya vasitələrinin “bütün cəmiyyətə yönəlmiş əks-kəşfiyyat məsələləri üzrə məqsədyönlü təbliğat və maarifləndirmə işləri aparmalı olduqları” qeyd edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.