DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

Aİ FRANSA VƏ ALMANİYA ÜÇÜN HƏDƏFLƏRİNƏ ÇATMAĞA BİR VASİTƏDİR

“Fransa və Almaniyanın “dostluğu” əslində öz aralarında daimi fikir ayrılığı və mübarizədir, Avropa İttifaqı isə hər iki ölkə üçün sadəcə olaraq xarici siyasətdə məqsədlərinə çatmaq vasitəsidir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu fikirlər “Junge Welt” qəzetinin köşə yazarı Yorq Kronauerin məqaləsində yer alıb. Məqalə müəllifi qeyd edib ki, rəsmi Berlin və Paris Avropa İttifaqından yalnız dünya siyasətində öz maraqlarını irəli aparmaq üçün gücləndirici amil kimi istifadə edir. Eyni zamanda, jurnalist izah edib ki, Fransa və Almaniyanın milli maraqları əsaslı şəkildə fərqlidir, yəni hər iki ölkənin siyasəti ümumi Avropa maraqlarından daha vacibdir.

“Bu dostluğun ən bariz ifadəsi daimi siyasi yumruq davaları və iqtisadi bıçaqlanmalardır. Məsələn, Parisdə hesab edirlər ki, Berlin  Aİ tərəfdaşları ilə bərabər olmayan mübarizədə iqtisadi üstünlüyündən istifadə edir”, - deyə məqalə müəllifi vurğulayıb.

 

İRANDA ETİRAZ AKSİYALARI YENİDƏN ALOVLANIB

İranda oktyabrın 22-də bir sıra məkanlarda, universitetlərdə hökumət əleyhinə etiraz aksiyaları yenidən alovlanıb. “Trend” agentliyinin məlumatına görə, bir sıra universitetlər, o cümlədən Tehranın “Şəhid Beheşti” Universiteti, Yəzd Universitetində etiraz aksiyaları davam edir.

Eyni zamanda, İranın bir sıra şirkətlərinin qarşısında etiraz aksiyaları keçirilir. Belə ki, Təbriz şəhərində yerləşən “Aydın” şokolad istehsalı şirkətinin qarşısında işçilər sosial durumla əlaqədar etirazlarını bildirirlər. Bununla yanaşı, bildirilir ki, İranda sosial-ictimai durumla əlaqədar müxtəlif müəssisələrin, neft-kimya şirkətlərinin işçiləri də etirazlara qoşulublar. Qeyd edək ki, Tehranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilməyə başlayıb. Belə ki, M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicab taxmaq qaydalarına düzgün riayət etməməkdə ittiham edilib.

 

SUDANDA ETNİK TOQQUŞMALARDA 223 NƏFƏR HƏLAK OLUB

Sudanın cənubundakı Mavi Nil əyalətində bir neçə gün öncə baş verən tayfalararası toqquşmalar nəticəsində ölənlərin sayı artıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Yerli hökumət rəsmisinin sözlərinə əsasən, indiyədək Cənubi Sudan bölgəsində baş verən qarşıdurmalarda 223 nəfər həlak olub. O əlavə edib ki, təkcə yaxın keçmişdə Vad əl-Mahi bölgəsində 36 yerli sakin öldürülüb.

Verilən xəbərə görə, Sudan hakimiyyəti Mavi Nildə 30 günlük fövqəladə vəziyyət elan edib. Əyalət qubernatoru tayfalararası zorakılıq hallarını araşdırmaq üçün həmçinin xüsusi komissiyanın yaradılmasına göstəriş verib.

Məlumat üçün qeyd edək ki, bölgədə qarşıdurmalar oktyabr ayının 19-da başlayıb. Buna səbəb Hausa qəbiləsinin nümayəndələri ilə qonşu icmalar arasında torpaq mülkiyyəti ilə bağlı fikir ayrılığı olub.

 

YENİ ZELANDİYADA MƏMURLARA QEYRİ-ADİ QADAĞA TƏTBİQ EDİLİB

Yeni Zelandiya parlamenti məmurlara vətəndaşlarla ünsiyyətdə mürəkkəb sözlərdən və yüksək ixtisaslaşdırılmış terminlərdən istifadə etməyi qadağan edən qanunu qəbul edib. “Report”un xəbərinə görə, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Sadə dil sayəsində hakimiyyətin mesajlarının miqrantlar, təhsili və intellekti aşağı olan insanlar tərəfindən daha yaxşı başa düşüləcəyi gözlənilir.

“Yeni Zelandiyada yaşayan insanlar hökumətin onlardan nə tələb etdiyini və hüquqlarının nə olduğunu anlamalıdırlar” - deyə qanun layihəsinin təşəbbüskarı Reyçel Boyak bildirib. Bununla yanaşı, ölkə müxalifəti “sadə dil qanunu”nu tənqid edib və hakimiyyətə gəldikdən sonra onu ləğv edəcəyinə söz verib. Siyasətçilər hesab edirlər ki, bu, daha da bürokratiyaya səbəb olacaq - onlar məmurları izləməli və onların ünsiyyətini təhlil etməli olacaqlar.

 

BÖYÜK BRİTANİYANIN ÇƏTİNLİKLƏRLƏ DOLU BAŞ NAZİR SEÇkilƏri

Böyük Britaniyanın baş naziri və müvafiq olaraq Mühafizəkarlar Partiyasının rəhbəri postuna seçkilərdə iştirak etmək üçün namizədlər digər deputatlardan ən azı yüzünün dəstəyini almalı olacaq.

“Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu "1922-ci il komitəsi"nin rəhbəri Ser Grem Bredi bəyan edib. Onun sözlərinə görə, ərizələr bazar ertəsi saat 14:00-a qədər qəbul ediləcək. Məlumata əsasən, Mühafizəkarlar Partiyası parlamentdə 357 yer tutduğuna görə namizədlərin maksimum sayı üçdür. Bu isə o deməkdir ki, seçkilərdə yalnız üç nəfər iştirak edə bilər.

Bunun ardınca bazar ertəsi mühafizəkarların millət vəkilləri arasında səsvermə keçiriləcək. Mühafizəkarlar Partiyasının sədri Ceyk Berri qeyd edib ki, deputatların səsverməsindən sonra iki namizəd yarışda qalarsa, partiyanın bütün üzvləri arasında onlayn səsvermə keçiriləcək. Beləliklə, seçkinin bütün mərhələləri, hadisələrin istənilən inkişafına rəğmən oktyabrın 28-dək başa çatmalıdır.

 

İSVEÇ TERRORÇULARIN TÜRKIYƏYƏ EKSTRADISIYASINA ZƏMANƏT VERIB

İsveçin baş naziri Ulf Kristersson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. “Trend” agentliyinin məlumatına görə, bu barədə İsveçin “Aftonbladet” qəzeti xəbər verib.

Məlumata əsasən, İsveç Türkiyəyə məktub göndərərək NATO üzvlüyünə razılıq əldə etmək üçün atdığı addımları, o cümlədən rəsmi Stokholmun terrorda şübhəli bilinən şəxslərin ekstradisiyası ilə bağlı Ankaranın müraciətlərinə dərhal baxacağına zəmanət verib. “Üçtərəfli sazişin bütün əsas elementləri üzrə konkret tədbirlər görülüb. İsveç terrorda şübhəli bilinən şəxslərin ekstradisiya tələblərini dərhal və hərtərəfli həll etməyi öhdəsinə götürür”, - deyə məktuba vurğulanır. Eyni zamanda bildirilir ki, İsveç təhlükəsizlik xidmətləri PKK terror təşkilatına qarşı fəaliyyətini gücləndirib.

Məlumat üçün qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin yeni baş naziri Ulf Kristerssonun onunla terrorçuların ekstradisiyası məsələsi ilə bağlı görüş keçirmək istəyini bəyan edib.

 

TRAMPIN MALİKANƏSİNDƏ TAPILAN MƏXFİ SƏNƏDLƏR İRAN VƏ ÇİNLƏ BAĞLI OLUB

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı malikanəsində Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ələ keçirilən sənədlərdə İran və Çin Xalq Respublikası ilə bağlı həssas kəşfiyyat məlumatları olub. “Report”un xəbərinə görə, bu barədə öz mənbələrinə istinadən “The Washington Post” qəzeti yazıb.

Bildirilir ki, Donald Trampın malikanəsində axtarışlar zamanı ələ keçirilən ən azı bir sənəddə İranın raket proqramı, digər sənədlərdə Çinlə bağlı xüsusi kəşfiyyat məlumatları olub. Belə ki, bu iki ölkə ilə bağlı sənədlər ən məxfi sənədlərdən biri hesab olunur.

Sənədlərdə olan məlumatlar Birləşmiş Ştatların istifadə etdiyi xəbər toplama təcrübələrini aşkar edə bilər. Mütəxəssislər hesab edirlər ki, bu cür məlumatların açıqlanması Amerika kəşfiyyatına kömək edən insanlara təhlükə yaradacaq və nəticədə məlumat toplamaq üsulları pozula bilər.

Həmçinin bildirilir ki, buna görə ölkələrin və ya rəsmi Vaşinqtonun düşmənlərinin ABŞ-ın gizli şəkildə etdiyi hərəkətlər səbəbindən qisas alması mümkündür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.