DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QAZAXISTAN VƏ TÜRKİYƏ TİCARƏT DÖVRİYYƏSİNİ ARTIRMAQ NİYYƏTİNDƏDİR

Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətindədir. “Report” agentliyinin Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla oktyabrın 12-də məhdud tərkibdə keçirilən danışıqlardan sonra bəyan edib.

“Məqsədimiz ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır. Türkiyə son 15 ildə Qazaxıstana 4,35 milyard dollar sərmayə qoyub. Ölkəmiz isə Türkiyəyə 1,13 milyard dollar sərmayə yatırıb. Türkiyə Qazaxıstanın ən böyük 10 investorundan biridir”, - deyə Qazaxıstanın dövlət başçısı bildirib.

Eyni zamanda, Kasım-Jomart Tokayev  Türkiyəni Transxəzər dəhlizinin inkişafında iştirak etməyə çağırıb. “Tranzit marşrutu ümumi ikitərəfli ticarət potensialının artırılmasında mühüm rol oynayır. Biz nəqliyyat xərclərini və çatdırılma müddətini azaltmaq üçün Transxəzər dəhlizinin inkişaf etdirilməsinə çağırırıq”, - deyə Tokayev vurğulayıb.

Bununla yanaşı, Qazaxıstan prezidenti Transxəzər dəhlizi məsələsinin bu il Bakıda müzakirə olunduğunu xatırladıb və növbəti görüşü Aktauda keçirməyi təklif edib.

 

İSRAİLlƏ LİVAN SƏRHƏDLƏRİN DEMARKASİYASI İLƏ BAĞLI SAZİŞ İMZALAYA bilƏR

İsrailin Nazirlər Kabineti Livanla dəniz sərhədinin demarkasiyası barədə sazişin imzalanmasına razılıq verib. Bu barədə “Trend” agentliyinin yaydığı məlumatda qeyd olunur.

Verilən xəbərə görə, saziş Aralıq dənizi akvatoriyasında İsraillə Livanın iqtisadi zonalarının hüdudlarının müəyyən edilməsini nəzərdə tutur.

Məlumata əsasən, sənədin imzalanmasının lehinə İsrailin Nazirlər Kabinetinin əksər üzvləri səs verib. Öz növbəsində, Livan tərəfi sazişin rəsmi Beyrutun maraqlarına cavab verdiyini bildirib.

Qeyd edək ki, İsraillə Livan arasında əsasən Aralıq dənizindəki qaz yataqlarınınn istifadəsi ilə bağlı mübahisələr yaranırdı.

 

ALMANİYA HÖKUMƏTİ ARTAN SABOTAJLARIN QARŞISINDA ACİZ QALIB

Almaniyanın Daxili İşlər Nazirliyi son günlər ölkə ərazisində dəmir yolu nəqliyyatının fəaliyyətinə yönəlik sabotajların qarşısını almaq üçün Xüsusi Əməliyyat Qrupu  əməkdaşlarını hazır vəziyyətə gətirib. Bu barədə “Report” agentliyi xəbər verib.

Məlumata görə, ötən həftədən Almaniyanın Berlin və Şimali Reyn-Vestfaliya əyalətlərində dəmir yollarına aid kommunikasiya xətlərinin naməlum şəxs və ya şəxslər tərəfindən sıradan çıxarılması nəticəsində xaos yaşanıb. Yüksək sürətli qatarlar plan üzrə marşrutu həyata keçirə bilməyiblər. Belə ki, baş verə biləcək qəzalara görə, regional səfərləri həyata keçirməli olan qatarlar platformalarda qalıblar. Eyni zamanda, bildirilib ki, dəmir yollarında kommunikasiya xətlərinin sıradan çıxarılması nəticəsində işıqforlar çalışmayıb, bu da öz növbəsində xüsusilə, avtomobil yolları ilə kəsişmələrdə qəza şəraitinin yaranmasına səbəb olub.

Almaniyanın Daxili İşlər Nazirliyi dəmir yollarına yönəlik sabotajların siyasi motivli olduğunu düşünür. Nazirlikdən verilən açıqlamaya əsasən, yaradılan işçi qrupu bu yöndə çalışmalarını davam etdirir.

 

BRİTANİYANIN YENİ KRALININ TACQOYMA MƏRASİMİNİN VAXTI AÇIQLANIB

Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi gələn il may ayının 6-da keçiriləcək. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə Bukinqem Sarayı açıqlama yayıb.

Verilən xəbərə görə, dini mərasim Londonda “Westminster Abbey”də keçiriləcək və mərasimi Kenterberi arxiyepiskopu Castin Uelbi aparacaq.

Eyni zamanda, verilən xəbərə görə, tacqoyma mərasiminin əvvəlki mərasimlərdən daha təvazökar və daha qısa olacağı ehtimal edilir. Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Məlumat üçün qeyd edək ki, kraliça II Elizabetin ölümündən sonra şahzadə Çarlz Böyük Britaniyanın yeni kralı olub. Bundan sonra kral III Çarlz oğlu Uilyamı Uels şahzadəsi elan edib.

 

KRIM KÖRPÜSÜNÜN PARTLADILMASINA GÖRƏ 9 NƏFƏR SAXLANILIB

Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb. “Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb. Açıqlamada partlayışın Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovun təşkil etdiyi iddia olunub və hadisənin törədilməsində 12 nəfərin iştirakı bildirilib.

Eyni zamanda, qeyd olunur ki, partlayışla bağlı istintintaq davam etdirilir. Belə ki, partlayışı törədənlər, hadisənin törədilməsində iştirakçı olanlar, o cümlədən bu hadisə ilə əlaqəsi olan xarici ölkə vətəndaşları Rusiya qanunvericiyilinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq. Mərkəzin açıqlamasına əsasən, Krım körpüsünə partlayıcı Ukraynanın Odessa vilayətinə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Xatırladaq ki, oktyabrın 8-də Krım yarımadası ilə Rusiyanı birləşdirən körpüdə partlayış törədilib. Hadisə nəticəsində 4 nəfər həlak olub. Rusiya prezidenti Vladimir Putin bunu “terror aktı” adlandırıb. Rəsmi Kiyev isə partlayışın törədilməsində əli olmadığını bildirib.

 

FRANSA ŞƏRQİ AVROPA ÖLKƏLƏRİNƏ HƏRBI QÜVVƏ GÖNDƏRMƏK NIYYƏTINDƏDIR

Fransa öz texnikası və əsgərlərinin köməyi ilə NATO-nun Şərqi Avropada müdafiəsini gücləndirəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bölgənin bir neçə ölkəsinə tanklar və piyadaların döyüş maşınları göndəriləcək.

Fransanın müdafiə naziri Sebastyan Lekornyunun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron oktyabrın 10-da bir sıra Şərqi Avropa ölkələrinə qoşun göndərmək barədə qərar qəbul edib.

Eyni zamanda, nazir bildirib ki, Fransa Rumıniyaya gücləndirilmiş piyada zirehli texnikası, həmçinin “Charles Leclerc” tanklarından ibarət eskadron göndərəcək. Məlumata görə, artıq orada 750-yə yaxın fransız əsgəri yerləşdirilib. Sebastyan Lekornyu həmçinin qeyd edib ki, “Rafale” qırıcıları Litvada, gücləndirilmiş piyadalar bölüyü isə Estoniyada yerləşdiriləcək.

 

NASA ALİMLƏRI BƏŞƏRIYYƏT TARIXINDƏ BIR İLKƏ IMZA ATIBLAR

Bəşər tarixində asteroidin istiqamətini dəyişmək üçün edilən ilk cəhd uğurla başa çatıb. Bu barədə “Report” agentliyi NASA-ya istinadən məlumat yayıb.

Belə ki, kosmik gəminin Dimorf asteroidi ilə toqquşması səma cismini öz orbitindən müvəffəqiyyətlə yayındırıb. Bu, bəşəriyyət tarixində kosmik obyektin hərəkətinin qəsdən dəyişdirildiyi ilk hadisədir.

Məlumata əsasən, asteroidin komponentlərindən biri ilə planlaşdırılmış toqquşma 2022-ci il sentyabrın 26-na keçən gecə baş verib. Lakin indi NASA alimləri toqquşmanın asteroidin kosmosdakı orbitini dəyişdirdiyini  əminliklə təsdiqləyə biliblər.

NASA-nın tədqiqat qrupu son iki həftə ərzində əldə edilən məlumatları təhlil edib. Komanda təsdiqləyib ki, kosmik gəmi ilə vurulan zərbə Dimorfun orbitini 32 dəqiqə dəyişərək orbiti 11 saat 55 dəqiqədən 11 saat 23 dəqiqəyə qədər qısaldıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.