DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: AVROPA BU QIŞ CİDDİ ÇƏTİNLİKLƏRLƏ ÜZLƏŞƏCƏK

Avropa ölkələri bu qış Rusiyadan qaz tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən ciddi çətinliklərlə üzləşəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“İndi bütün Avropanı bir sual maraqlandırır: “Bu qış necə keçəcək?”, - deyə Ərdoğan vurğulayıb. Həmçinin prezidentin sözlərinə görə, Türkiyənin bu qış enerji resursları ilə bağlı problemi olmayacaq.

“Biz qışa hazırlığı artıq başa vurmuşuq, ona tam hazırıq, enerji daşıyıcıları ilə bağlı problem yaşamayacağıq. Əhalini təbii qaz və kömürlə təmin etməyə hazırıq”, - deyə Ərdoğan qeyd edib.

Verilən xəbərə görə, Türkiyənin energetika naziri Fatih Dönməz bir müddət öncə bildirmişdi ki, ölkənin bütün qaz anbarları 100 faiz doludur. Nazirin sözlərinə görə, rəsmi Ankara əsas tədarükçüsü olan Rusiyadan təbii qaz təchizatında problem yaşamır.

 

MOLDOVA HAVA MƏKANINI BAĞLAYA BİLƏR

Moldova hakimiyyəti yenidən hava məkanını bağlamaq qərarı verə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Moldovanın müdafiə naziri Anatoli Nosati çıxışı zamanı qeyd edib.

“Mövcud vəziyyəti nəzərə alaraq milli təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif tədbirlərə ehtiyac var. Raketlər Qara dəniz ərazisindən buraxıldığı üçün gələcəkdə Moldovanın hava məkanını da keçə bilər”, - deyə müdafiə naziri bildirib.

Nazirin sözlərinə görə, hava məkanının bağlanması qərarı bütün məsul orqanlarla məsləhətləşmələrdən sonra Fövqəladə Hallar Komissiyasında qəbul edilir.

Bundan əvvəl Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, bazar ertəsi Qara dənizdə Rusiya gəmilərindən atılan üç raket respublikanın üzərindən uçub. Bununla əlaqədar Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

 

TACİKİSTANDA ANTİTERROR ƏMƏLİYYATI ZAMANI 100-DƏN ÇOX INSAN SAXLANILIB

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 2022-ci ilin mayında baş vermiş kütləvi iğtişaşların təşkilatçılarına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində cinayətkar qruplaşmanın 100-dən çox üzvü saxlanılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat mərkəzi məlumat yayıb.

“Bu müddət ərzində cinayətkar qruplaşmanın 109 üzvü barəsində cinayət işi başlanaraq məhkəmələrə göndərilib, 77 nəfərə hökm oxunub, daha 32 nəfər barəsində isə işlərə baxılır”, - deyə açıqlamada bildirilir.

Bununla yanaşı, qeyd olunur ki, bir neçə jurnalist də Tacikistanda fəaliyyəti qadağan olunmuş ekstremist-terror təşkilatlarında iştirak və ya əməkdaşlıqda ittiham olunur.

Xatırladaq ki, bu il may ayının 18-də Dağlıq Bədəxşan Muxtar Vilayətinin Ruşan rayonunda 200-ə yaxın silahlı şəxs Düşənbə-Xoroq avtomobil yolunu bağlayaraq antiterror qüvvələrinin əməkdaşlarına hücum edib. Nəticədə bir həbçi öldürülüb, daha 13-ü isə xəsarət alıb.

 

İRANDA NÜMAYİŞLƏRDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 185 nəfərə yüksəlib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Qurumunun dərc etdiyi hesabatda qeyd olunur.

Məlumata əsasən, 31 əyalətdən 17-si ilə bağlı rəqəmlərin yer aldığı hesabatda ən çox itkilərin sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində olduğu bildirilib. Həmçinin həyatını itirən nümayişçilərdən 19-nun 18 yaşından kiçik olduğu vurğulanıb.

İranın rəsmi xəbər agentliyi “İRNA” Məhsa Əmininin ölümündən sonra başlayan küçə nümayişlərində 21 asayiş keşikçisinin həyatını itirdiyini açıqlayıb. Eyni zamanda, bütün ölkəyə yayılan nümayişlərdə bir çox ictimai əmlakın dağıdıldığı da bildirilib.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb oldu. Sentyabrın 17-də M.Əmini dəfn edildikdən sonra etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb.

 

BAYDEN VƏ ŞOLTS ENERGETİKA SAHƏSİNDƏ MÜZAKİRƏLƏR APARIBLAR

ABŞ prezidenti Cozef Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub. “Trend”in xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı tərəflər Ukraynadakı vəziyyəti, həmçinin “Ukraynaya iqtisadiyyat və təhlükəsizlik sahəsində yardım göstərmək öhdəliyini” müzakirə ediblər.

Eyni zamanda, Cozef Bayden və Olaf Şolts “qlobal enerji bazarlarında baş verən son hadisələri və sabit, eləcə də əlverişli enerji təchizatının təmin edilməsinin vacibliyini” müzakirə ediblər.

Bununla yanaşı, Almaniya kansleri və ABŞ prezidenti həmçinin “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində törədilən təxribat aktlarını pisləyiblər.

 

IBRAHIM KALIN: TAXIL SAZIŞININ UZADILMASININ TƏRƏFDARIYIQ

Türkiyə iyul ayında İstanbulda bağlanmış taxıl müqaviləsinin uzadılmasının tərəfdarıdır. “Report”un xəbərinə görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın açıqlamasında bildirib.

Mətbuat katibinin sözlərinə görə, Ukraynanın buna münasibəti müsbətdir, məsələ Rusiya ilə müzakirə olunur.

“Bu məsələni Kiyevdən əvvəl də Ankara qaldırmışdı və müsbət cavab alıb. İndi Rusiya tərəfi ilə mövzunu müzakirə edirik. Moskvanın Rusiya məhsullarının tədarükü ilə bağlı müəyyən narahatlığı var”, - deyə İbrahim Kalın vurğulayıb.

Verilən xəbərə görə, məhsul müqaviləsinin icrasının başladığı avqustun 1-dən Ukrayna limanlarından 6,2 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub.

 

HİNDİSTANDA QATİL PƏLƏNGİ TUTMAQ ÜÇÜN 200 POLİS SƏFƏRBƏR OLDU

Hindistanda insan tələfatına səbəb olan pələng polis tərəfindən keçirilən əməliyyat nəticəsində məhv edilib. “Teleqraf.com”un xəbərinə görə, Hindistanın Bihar əyalətinin Çamparan bölgəsində 9 nəfərin ölümünə səbəb olan pələngə qarşı 200 polisin iştirakı ilə əməliyyat keçirilib.

Məlumata əsasən, pələngin yerini müəyyən etmək üçün aparılan əməliyyatda fillərdən də istifadə edilib. Üç yaşlı pələng aşkar edildikdən sonra öldürülüb.

Ştatın vəhşi təbiətin mühafizəsi üzrə direktoru Kumar Qupta bildirib ki, əməliyyat pələngin insan həyatı üçün təhlükəli hesab edildiyi üçün başlayıb. Onun sözlərinə görə, heyvanı sakitləşdirmək cəhdləri uğursuzluğa düçar olduqdan sonra o zərərsizləşdirilib.

Qeyd edək ki, Hindistanda dünyadakı pələnglərin təxminən 70 faizi yaşayır. Pələnglərin yaşadıqları qorunan ərazilərin heyvan sayındakı artım tempindən geri qaldığı üçün təbii yaşayış yerlərini tərk edərək insanlara hücum etdiyi bildirilir.

Rəsmi məlumatlara görə, Hindistanda pələnglərin hücumu nəticəsində hər il 40-50 nəfər dünyasını dəyişir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.