DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏSMİ KREML NATO-NUN CƏNUBİ QAFQAZDAKI FƏALLIĞINI DİQQƏTLƏ İZLƏYİR

NATO-nun Cənubi Qafqazda artan fəallığı rəsmi Kremlin diqqət mərkəzindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirərkən vurğulayıb.

“Biz diqqəti ikitərəfli əlaqələrimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, - deyə mətbuat katibi bildirib.

Eyni zamanda, Dmitri Peskovun sözlərinə görə, NATO-nun öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri regionda vəziyyətə sabitlik qazandıra bilməz.

Məlumat üçün qeyd edək ki, Yens Stoltenberq Azərbaycana martın 17-də, Gürcüstana martın 18-də, Ermənistana isə martın 19-da səfər edib.

İSRAİL ABŞ-IN TƏLƏBLƏRİNƏ BAXMAYARAQ RƏFAHA ORDU YERİDƏ BİLƏR

İsrail ordusu ABŞ-ın tələblərinə baxmayaraq, Misir sərhədində yerləşən Rəfah şəhərinə girəcək. “The Times of Israel” nəşrinin verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin qapalı iclasında çıxışı zamanı bəyan edib.

“Amerikalılar bizdən Rəfahda əməliyyat keçirməməyimizi istəyiblər, lakin başqa seçim yoxdur. Filadelfi dəhlizi üzərində nəzarətə ehtiyacımız var”, - deyə Netanyahu Misir-Qəzza sərhədi boyunca uzanan marşruta toxunaraq vurğulayıb.

Benyamin Netanyahu əlavə edib ki, İsrail Misirə "Rəfah keçidini" əvəz etmək üçün Kerem Şalomda yeni sərhəd keçidi tikir və İsrail ona nəzarət edəcək.

Eyni zamanda, xəbər verilir ki, Fələstinin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilər üzrə Nazirliyinin bəyanatına görə, İsrail ordusu artıq Rəfah bölgəsində hərbi əməliyyatlara başlayıb.

Nazirliyin bəyanatına əsasən, İsrail tərəfi heç bir açıqlama vermədən, icazə gözləmədən Rəfah bölgəsinə hücuma başlayıb və orada obyektlər bombardman edilir.

BARAK OBAMANIN BÖYÜK BRİTANİYAYA MƏXFİ SƏFƏRİ

ABŞ-ın keçmiş prezidenti Barak Obama Böyük Britaniya baş nazirinin Londonun “Dauninq” küçəsindəki iqamətgahında görüntülənib. “Teleqraf.com”un verdiyi xəbərə görə, eks-prezident sonuncu dəfə 8 il öncə “Dauninq”də olub.

Məlumata əsasən, Barak Obama “Brexit”dən əvvəl Böyük Britaniyanın o zamankı baş naziri Devid Kemeronla görüşmüşdü. O, bu dəfə ölkənin hazırkı baş naziri Rişi Sunakla qeyri-rəsmi görüş keçirib.

Bununla yanaşı, İngiltərə mətbuatı Obamanın səfəri ilə bağlı bir çox məsələnin çox gizli olduğunu və ABŞ-ın keçmiş prezidentinin indiyədək Rişi Sunakla tanış olmadığına diqqət çəkib.

Ehtimala görə, Barak Obama məqsədi “insanları dünyanı dəyişmək üçün ruhlandırmağa, gücləndirməyə və əlaqələndirməyə kömək etmək” olan Obama Fondu üzərində işləmək üçün Londona gəlib.

Eyni zamanda, Barak Obamanın London səfəri onun Belçikanın kral ailəsi ilə görüşündən sonra baş tutub.

“VEYMAR ÜÇBUCAĞI”NIN MÜDAFİƏ NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Polşa, Almaniya və Fransanın müdafiə nazirləri arasında “Veymar üçbucağı” formatında danışıqlar yazın sonunda Polşanın Vrotslav şəhərində baş tutacaq. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış almaniyalı həmkarı Boris Pistorius ilə danışıqlardan sonra bildirib.

“Mayın əvvəlində Vrotslavda “Veymar üçbucağı” formatında müdafiə nazirlərinin görüşü keçiriləcək”, - deyə Polşanın müdafiə naziri mətbuat konfransında qeyd edib.

Nazirin sözlərinə görə, tərəfdaşlar bu əməkdaşlıq formatını təkcə siyasi deyil, həm də müdafiə baxımından canlandırmağa çalışırlar. O, əlavə edib ki, üç ölkənin silahlı qüvvələrinin birgə təlimlərinin keçirilməsi də planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, “Veymar üçbucağı” Almaniya, Fransa və Polşa arasında 1991-ci ilin avqustunda yaradılmış üçtərəfli formatdır. İlkin vaxtlarda o, Polşanı Avropa İttifaqı və NATO ilə yaxınlaşdırmaq üçün bir vasitə kimi düşünülmüşdü.

FRANSA MƏSULİYYƏTSİZ ŞƏKİLDƏ DÜNYANI NÜVƏ MÜHARİBƏSİNƏ SÜRÜKLƏYİR

Fransada güclənən məsuliyyətsiz ritorika dünyanı nüvə müharibəsi uçurumuna atmaq riski daşıyır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

Nümayəndənin sözlərinə görə, nüvə silahından istifadə şərtləri Rusiyanın nüvə doktrinasında açıq şəkildə ifadə olunub və  rəsmi Moskva buna ciddi əməl edir.

Eyni zamanda, Dmitri Polyanski vurğulayıb ki, təəssüf  ki, həqiqətən də nüvə ritorikasını qızışdıranlara, məsələn, nüvə silahı da daxil olmaqla, bütün hərbi vasitələrdən istifadəni elan edən ABŞ-ın müdafiə naziri Lloyd Ostinə qarşı bu gün bir qınama sözü eşidilməyib.

“Avropa güclərinin “nüvə düyməsini” necə asanlıqla basmağa hazır olduğunu yaxşı xatırlayırıq. Biz həmçinin Parisdə dünyanı nüvə müharibəsi uçurumuna sürükləyən məsuliyyətsiz ritorikanın artdığını görürük”, - deyə diplomat bildirib.

VAŞİNQTON HƏRBÇİLƏRİ ÜÇÜN NİGERƏ ALTERNATİV ÖLKƏ AXTARIR

Niger üsyançılarının Vaşinqtonla hərbi razılaşmanı pozmasından sonra Amerika Birləşmiş Ştatları Afrikada qoşun yerləşdirmək üçün alternativ variantları nəzərdən keçirir. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid məlumat verib.

Komitə sədrinin sözlərinə görə, Nigerdəki siyasi vəziyyət çox qarışıqdır: “ABŞ-ın Afrika Komandanlığı çox praqmatik olaraq alternativ variantları nəzərdən keçirməyə başlayıb. Ortaya çıxan çətinlik bu bazadan münaqişə və ya rəqabət nöqtələrinə çatmağın nə qədər vaxt tələb etməsidir. Bu mühüm amildir. Yerli hakimiyyət orqanları ilə də əməkdaşlıq qurmalıyıq, bu da mühüm amildir”.

Bununla yanaşı, Cek Rid vurğulayıb ki, ABŞ hərbi qüvvələrlə yanaşı, Afrikada da diplomatik mövcudluq yaratmalıdır. Qeyd edək ki, Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar ABŞ-la hərbi müqaviləni ləğv edib.

MARSDA KƏŞF EDİLƏN VULKANIN İÇİNDƏ HƏYAT ƏLAMƏTLƏRİ OLA BİLƏR

Mars planetində kəşf olunan nəhəng vulkanda həyat əlamətlərinin ola biləcəyi açıqlanıb. “Trend” agentliyinin xəbərinə görə, ABŞ-ın Texas ştatında keçirilən 55-ci “Ay və Planet” elmi konfransında elm adamları Marsda nəhəng vulkan kəşf etdiklərini açıqlayıblar.

Məlumata əsasən, alimlər 50 ildən artıqdır Marsda vulkanın olduğuna diqqət yetirilmədiyi üçün bu yerin “gizli” qaldığını bildiriblər.

Bununla yanaşı, verilən xəbərə görə, vulkanın təqribən 450 kilometr enində, 9 min 22 metr hündürlüyündə olduğu, Marsın ekvator xəttinə yaxın Tarsis vulkanik bölgəsinin şərq hissəsində yerləşdiyi qeyd olunur.

Eyni zamanda, tədqiqatçılar vulkanın dibinə yaxın hissədə buzlaq təbəqəsinin qalıqlarını aşkar etdiklərini, bu kəşfin də vulkanı kosmosda həyat əlamətlərinin axtarışı üçün vacib bir yerə çevirdiyini iddia edirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.