DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏMRULLAH SALEH ÖZÜNÜ ƏFQANISTANIN MÜVƏQQƏTI BAŞÇISI ELAN EDIB

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh əyalətin Konstitusiyasına əsaslanaraq özünü ölkənin müvəqqəti başçısı elan edib. “Report” agentliyinin məlumatına görə, bu barədə siyasətçi “Twitter” səhifəsində məlumat verib.

Əmrullah Saleh respublika qanunlarına görə, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci vitse-prezidentin müvəqqəti olaraq ölkəyə rəhbərlik edəcəyini xatırladıb. Onun sözlərinə görə, hazırda ölkə daxilindədir və dəstək almaq üçün dünya liderləri ilə əlaqə qurur.

Siyasətçi həmçinin Əfqanıstan xalqını radikal “Taliban” silahlılarına qarşı müqavimətə qoşulmağa çağırıb. O qeyd edib ki, respublika əhalisi Əfqanıstanın Vyetnam, “Taliban” silahlılarının isə vyetnamlı partizanlar olmadığını sübut etməlidir.

Xatırladaq ki, avqustun 15-də “Taliban” Kabilə daxil olduğunu və Əfqanıstanın bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib.

 

RAMZAN KADIROV: DAHA PIS HADISƏLƏRƏ HAZIR OLMALIYIQ

Çeçenistan rəhbəri Ramzan Kadırov Əfqanıstanda baş verənləri “ABŞ-ın müsəlmanlara qarşı növbəti fırıldağı” adlandırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, o, “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra bölgədə daha pis hadisələrin başlayacağını bəyan edib.

“Oradan heç vaxt çıxmayacaqlarını söyləyirdilər, indi isə hamını atıb qaçdılar”, - deyə Ramzan Kadırov vurğulayıb.

Kadırov həmçinin Əfqanıstanda dinc insanlara işgəncə verildiyini və öldürüldüyünü qeyd edib. O “Taliban”ı “Amerikanın layihəsi” adlandırıb.

“Biz, müttəfiq dövlətlərimiz sərhədləri gücləndirməli və ən pis vəziyyətə hazırlaşmalıyıq. Dövlətimizi, suverenliyimizi, xalqımızı təhdid edən hər kəsi dayandıracağıq”, - deyə siyasətçi bildirib.

Eyni zamanda, Ramzan Kadırov Əfqanıstanla həmsərhəd ərazilərin təhlükədə olduğu üçün Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan sakinlərini ayıq-sayıq olmağa çağırıb.

 

YAPONIYA KORONAVIRUSUN “LAMBDA” ŞTAMMININ MƏNBƏYINI ARAŞDIRIB

Yaponiyada koronavirusun “lambda” ştammının yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılıb. “Report” xəbər verir ki, bu barədə ölkənin “Kyodo” agentliyi məlumat yayıb. Araşdırmalar nəticəsində məlum olub ki, Tokio-2020 Olimpiya Oyunları zamanı Yaponiyaya səfər edən 30 yaşlı qadın bu ştammın daşıyıcısı olub.

İyulun 20-də koronavirus testinin nəticəsi pozitiv çıxan qadının daha əvvəl Peruda səyahətdə olduğu və “lambda” ştammına yoluxduğu bildirilib. Yaponiyanın Milli Epidemiologiya İnstitutu bunun ölkədə “lambda” ştammının ilk qeydə alınması faktı olduğunu təsdiqləyib.

Qeyd edək ki, ilk dəfə Peruda aşkarlanan “lambda” ştammının ÜST tərəfindən koronavirusun variantlarından biri olduğu bildirilib.

 

ABŞ-DAN “TALIBAN”A CIDDI MALIYYƏ ZƏRBƏSI

“Taliban” hərəkatına Əfqanıstan Mərkəzi Bankının ABŞ-dakı aktivlərinə girişinə icazə verilməyəcək. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Frans-Press” agentliyi məlumat yayıb.

Agentliyə açıqlamasında ABŞ rəsmisi Vaşinqtonun “Taliban” nümayəndələrinin Əfqanıstan Mərkəzi Bankının bu ölkədəki aktivlərinə girişinə icazə verilməyəcəyini bildirib.

“Washington Post” nəşrinin məlumatına görə, ABŞ rəhbərliyi artıq Əfqanıstan hökumətinin bank ehtiyatlarını dondurub. Bildirilir ki, sözügedən qərar ABŞ-ın maliyyə naziri Janet Yellen tərəfindən qəbul edilib.

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, Əfqanıstan Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 9,4 milyard dollar təşkil edir.

 

TÜRKIYƏ ILK DƏFƏ YERLI SUALTI QAYIQ ISTEHSAL EDƏCƏK

Türkiyə ilk dəfə yerli və milli imkanlar hesabına mini sualtı qayıq istehsal etməyə hazırlaşır. “Trend” agentliyinin məlumatına görə, Türkiyədə keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “STM 500” adlı mini sualtı qayığın layihəsi və xüsusiyyətləri təqdim olunub.

Verilən xəbərə əsasən, sualtı qayıq 18 nəfərlik heyət və əlavə olaraq 6 nəfərlik xüsusi qüvvə ilə 30 gün müddətində dənizdə tapşırıq icra edə bilər.

Uzunluğu 42, hündürlüyü 8,5 metr olan “STM 500”də 4 ədəd atəşə hazır torpedo qurğusu olmaqla ümumilikdə 8 ağır torpedo və idarə olunan raket sistemi mövcuddur. Çoxfunksiyalı mini sualtı qayıq 250 metr dərinliyə qədər enə bilir.

Mütəxəssislərin fikrincə, Egey və Aralıq dənizi kimi dayaz sularda geniş istifadə imkanı olan mini sualtı qayığın ixrac potensialı da olduqca böyükdür.

 

FRANSA PREZIDENTI MIQRANT AXININDAN NARAHATLIĞINI IFADƏ EDIB

Fransa Əfqanıstanla bağlı Rusiya Federasiyası, ABŞ və Avropa ölkələri ilə əməkdaşlığın tərəfdarıdır. “Report” agentliyinin məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

Makron qeyd edib ki, ölkəsi yaxın gələcəkdə Əfqanıstanda vəziyyəti normallaşdırmaq üçün Londonla birgə təşəbbüslər irəli sürmək niyyətindədir.

“Əfqanıstandan olan qaçqınlara yardım məqsədilə Fransa Almaniya və Avropa İttifaqının digər ölkələri ilə birgə proqram üzərində işləyir”, - deyə Makron vurğulayıb.

Fransa prezidenti, həmçinin bildirib ki, Əfqanıstanda sabitliyin pozulması Avropaya idarə olunmayan miqrant axınının yaranmasına səbəb ola bilər.

 

VIKTOR YANUKOVIÇ UKRAYNALILARA MÜRACIƏT EDIB

Ukraynanın eks-prezidenti Viktor Yanukoviç həmvətənlərinə müraciətlə çıxış edib. Bu barədə “Sputnik” informasiya agentliyi “RİA Novosti”yə istinadən xəbər verib. O, çıxışında Ukraynanın müstəqillik qazandığı 30 il ərzində yol verdiyi səhvləri analiz edib.

Eks-prezident hesab edir ki, bu ölkənin son 30 ildə yol verdiyi ən böyük səhv Rusiya ilə mehriban qonşuluq münasibətlərindən imtina etməsi olub.

Yanukoviçin sözlərinə görə, 2014-cü ildə Kiyevlə Moskva arasında fikir ayrılığı olsa da, tərəflər qarşılıqlı güzəştlərə əsaslanan danışıqlar yolu ilə gediblər. Nəticədə Ukraynada iqtisadi böyümənin sürətli tempi nümayiş olunmağa başlayıb ki, bu da ölkənin daxili siyasətinin sosial komponentini gücləndirib.

Bununla yanaşı, Viktor Yanukoviçin fikrincə, dövlət müstəqilliyinin 30-cu ildönümü ərəfəsində Ukrayna tamamilə Amerika-Rusiya münasibətlərindən asılı vəziyyətə düşüb. Lakin eks-prezident vəziyyətin dəyişəcəyinə inanır.

 

YER KÜRƏSINƏ 1,4 KILOMETRLIK ASTEROID YAXINLAŞIR

Yer planetinə “2016 AJ193” asteroidi yaxınlaşır. Bu barədə “Report” agentliyi Rusiya mətbuatına istinadən xəbər verib.

Bildirilir ki, o, potensial olaraq təhlükəli asteroidlər qrupuna aiddir, lakin hazırda planetimiz üçün təhlükə törətmir.

NASA mütəxəssislərinin hesablamalarına görə, “2016 AJ193” asteroidi avqustun 21-də Yer kürəsinə təxminən 3,4 milyon kilometr maksimal məsafədə yaxınlaşacaq. Asteroidin diametri təxminən 1,4 kilometrdir.

Alimlər bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin xüsusi qrupu mövcuddur. Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon kilometr və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.