Zəngəzur dəhlizinin açılması regionun inkişafında əsas vasitədir
Siyasət

Zəngəzur dəhlizinin açılması regionun inkişafında əsas vasitədir

Zəngəzur dəhlizinin açılması İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış 2020-ci il 10 noyabr Bəyanatında öz əksini tapıb. Belə ki, üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti üçün Azərbaycan Respublikasının Qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən dəmiryol sahəsindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq. Zəngəzur dəhlizi Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyasını yerinə yetirəcək.

Hazırda Bakı ilə Naxçıvan arasında yol İrandan keçir. Azərbaycanın Qərbi Zəngəzur vasitəsilə Naxçıvana, oradan isə Türkiyəyə uzanan Zəngəzur dəhlizini açması regional əməkdaşlığı gücləndirməklə yanaşı, həm də iki qardaş ölkə arasında gediş-gəlişi asanlaşdıracaq, əlaqələrin genişlənməsinə daha böyük töhfələr verəcək. İran isə hər zaman Azərbaycan-Türkiyə birliyinə bacardığı qədər maneçilik törədib və bu gün də “missiyasını” həyata keçirir. Dəhlizin açılmasına qarşı çıxmaqla İran bu mövqeyini bir daha nümayiş etdirir. Zəngəzur dəhlizi Türkiyə ilə Mərkəzi Asiya arasında yeni marşrut olacaq.

Bu isə İranın regiondakı əhəmiyyətini azaldacaq, çünki bir tərəfdən Türkiyənin Mərkəzi Asiyaya çıxış üçün İrana ehtiyacı qalmayacaq, digər tərəfdən isə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında İranın tranzit roluna son qoyulacaq. Yəni İran Azərbaycanı Naxçıvanla birləşdirən əsas yol olaraq qalmaq niyyətindədir. Bütün bunlar isə İranın Zəngəzur dəhlizinin açılmasına mane olması üçün əsas faktorlar kimi çıxış edir. Lakin İran Zəngəzur dəhlizinin açılmasına mane olmaqla, Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxır.

Zəngəzur dəhlizi yalnız Cənubi Qafqazda deyil, ümumən Avrasiya məkanında böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması kimi strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Belə ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir. Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Beynəlxalq yüklərin Yaxın Şərq, Türkiyə və Aralıq dənizinə Zəngəzur dəhlizi vasitəsilə çıxması regionun inkişafına müsbət təsirini göstərəcək. Cənubi Qafqaz regionunun inkişafı isə bölgədə bütün beynəlxalq layihələrdən təcrid olunmuş Ermənistan üçün daha vacibdir. Buna baxmayaraq, Ermənistan da öz ərazisində heç bir dəhliz açmaq fikrində olmadığını bəyan edir. Ermənistan Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə marşrutu üzrə sərfəli yükdaşımaları həyata keçirməklə yanaşı, həm də İrandan Ermənistan ərazisinə keçən yüklərə nəzarət edəcəyindən qorxuya düşüb. Sözsüz ki, Ermənistanın bu barədə narahatlığı başa düşüləndir. Çünki İrandan Ermənistana daşınan yüklərin nədən ibarət olduğu bütün dünyaya bəllidir. Digər bir tərəfdən Ermənistan Zəngəzur dəhlizinin açılmasını azərbaycanlıların bu bölgəyə qayıtmasını qanuniləşdirmək üçün atılmış ilk addım hesab edir. Bütün bunları "ölçüb-biçən" Ermənistan fikirləşir ki, əgər bu yola nəzarət edərsə, Türkiyə və Azərbaycanın yükdaşımalarına da nəzarət edəcək və hər iki ölkə tranzit üçün ona pul ödəməyə məcbur olacaq, bu da guya Ermənistanın çökmüş iqtisadiyyatını dirçəldəcək və eyni zamanda regionda rolunu artıracaq. Bütün bu yanlış, qeyri-konstruktiv mövqeyi ilə Ermənistan Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasına imkan vermir.

Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi açılmasa regionda heç bir sülhdən, əmin-amanlıqdan danışmağın mümkün olmadığını bildirir, dəhlizin açılmasının region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracağını və bu marşrut üzərində yerləşən ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edir. Ötən il "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edən ölkə başçımız bu barədə demişdir: "Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var".

30 il Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması Cənubi Qafqazda bütün nəqliyyat-kommunikasiya xətlərini iflic vəziyyətinə salmışdı. İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edərək Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu reallıqların əsasını təşkil edən Zəngəzur dəhlizinin açılmasının geosiyasi əhəmiyyəti olduqca böyükdür və regionda nəqliyyat-kommunikasiya xətlərinin formalaşmasına əsaslı şəkildə təsir etmək imkanına malikdir. Bu da deməyə əsas verir ki, Zəngəzur dəhlizinin açılması reallıqdır.

Mehparə ƏLİYEVA,

"Respublika".