Ermənistan regionun
Siyasət

Ermənistan regionun "Axilles dabanı"na çevrilib

Ermənistan 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən sonra yenidən dirçəlməyə cəhd göstərir. Lakin bu proses daxili sabitliyi bərpa etməyə, əhalinin rifah səviyyəsini artırmağa, regional əməkdaşlığa yönəlməyib.

Əfsuslar olsun ki, Ermənistan hərbi-siyasi zəmində addımlar atır, qərbdəki havadarlarının buyruğu ilə hərəkət edir. Hayastan  silahlar alır, anti-Azərbaycan fəaliyyətini genişləndirir.

Qərb blokunun Cənubi Qafqaz planları ilə Ermənistanın Rusiyadan uzaqlaşması müşahidə olunur. Müharibədəki məğlubiyyətlərində ermənilər məhz Rusiyanı günahkar bilirlər. Cənubi Qafqazın gərgin geosiyasi düzənində münaqişələr davam edir. Ermənistanın xarici və daxili müstəqilliyi onun əlindən alınıb. Regional reallıq bunu əyani şəkildə göstərir. Haylar yalnız özlərinə deyil, həm də regiona ciddi ziyan vururlar. Coğrafi reallığı kənara qoysaq deyə bilərik ki, Ermənistanın regionla yaxından və ya uzaqdan heç bir əlaqəsi yoxdur. Bu köçəri tayfa XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən regiona yerləşdirilib. 12 oktyabr 1813-cü ildə Rusiya və İran arasında imzalanmış Gülüstan müqaviləsinə əsasən Zəngəzura Rusiya tərəfindən köçürülüblər. Bununla da ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza və Zəngəzura kütləvi köç prosesi başlanıb. 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi əsasında İrandan köçürülən 8249 erməni ailəsindən 1300-ü Qarabağda və Zəngəzurda yerləşdirilib. İndi isə onları Cənubi Qafqazda yerləşdirən Rusiyanı bəyənmir, onu regionda zəiflətmək üçün fürsət güdür.

Ötən il oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısı keçirildi. Bu görüş olduqca əlamətdar hesab olunur. Belə ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ilk dəfə şifahi şəkildə məhz Praqa görüşündə bəyan etmişdi. Bu ifadədən sonra qərb blokunun daha da fəallaşdığının şahidi olduq. Xaricdəki erməni lobbisi və revanşist qüvvələr ərazi bütövlüyünün tanınmasının kağız üzərinə köçürüləcəyindən qorxub hadisələri dramatikləşdirmək üçün anti-Azərbaycan blokunun fəaliyyətini gücləndirdilər. Bununla yanaşı, Nikol Paşinyana da təzyiqlər getdikcə artmaqda idi. Məhz görüşdən bir müddət sonra Paşinyanın oğlunun qaçırılması açıq təhdid mesajı idi. Nəticədə Bakıya qarşı sərt ittihamlar dalğası başladı. Qərb artıq Ermənistanı öz təsir dairəsinə salmağı bacarıb. Sıradakı hədəf isə Ermənistan üzərindən regionda möhkəmlənərək Rusiyaya qarşı təzyiq formalaşdırmaqdır. Burada söhbət təkcə Rusiyadan getmir. Müasir səlibçi ideyalarla yaşayanlar Azərbaycan-Türkiyə tandeminə də ziyan vurmağa çalışırlar.

Sadalanan faktlar bir daha sübut edir ki, Ermənistan region üçün təhlükə və təhdid mənbəyidir. Revanşist hisslərlə yaşayan xain qonşumuz məhz bu "xüsusiyyət"ləri ilə özünü qərb blokuna satmışdır. Əminliklə deyə bilərik ki, haylar Cənubi Qafqazın "Axilles dabanı"dır. Qərbin ölümcül oxu birbaşa İrəvana tuşlanmışdır. Hər hansı təzyiq mexanizmi məhz bu yolla formalaşdırılır.

Fransa başda olmaqla erməni lobbisinin diktəsi ilə hərəkət edən digər dövlətlər silah göndərir, siyasi müstəvidə Ermənistana havadarlığını nümayiş etdirirlər. Avropa Parlamentində Nikolu alqışlayan parlamentarilər, ABŞ-da prezidentliyə namizəd Vivek Ramasvamy, "sərhədlərin müqəddəsliyi" prinsipi ilə çıxış edən və "müdafiə" xarakterli silahlar göndərməyi planlaşdıran Fransa və onun siyasi elitası, Hindistan, Kanada və digər qərəzli qüvvələr bu qəbildəndir. Regionun "zəif bənd"ini hədəf alan qlobal güclərin məkrli planları isə hələlik mərhələli şəkildə həyata keçirilir. İlkin olaraq anti-Azərbaycan blokunun gündəmində könüllü şəkildə Qarabağı tərk edən ermənilər dayanır. Süni şəkildə sayları artırılan, Azərbaycanın reinteqrasiya çağırışına rəğmən gedən ermənilər. Məhz bu gün bu hadisələrin "cəriməsini" də bizim üstümüzə yazmağa çalışırlar. Lakin beynəlxalq müstəvidə də Azərbaycanın heç bir zorakılıq aktına əl atmadığı isbat olunmuşdur. Son olaraq fransalı hüquq müdafiəçilərinin Qarabağda etnik təmizləmənin olmadığı faktını təsdiqləmələri bunu bir daha sübut edir. Belə ki, Fransanın "Coordination des Associations et des Particuliers pour la Liberte de Conscience" ("CAP Freedom of Conscience" - CAP-LC) hüquq-müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib. Bu barədə CAP-LC-nin "Avropa Hüquq və Ədalət Mərkəzi"nin Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilib.

Rəsmi İrəvanın sülh bəyanatları isə davam etməkdədir. Lakin bunun əməldə təsdiqini tapması üçün heç bir addım atılmır. Vaxt uzatma cəhdləri davam edir.

Nurlan ABDALOV,

"Respublika".