Zabux sakini: Şükürlər olsun ki, tezliklə evimizə geri qayıdacağıq
MÜSAHİBƏLƏR

Zabux sakini: Şükürlər olsun ki, tezliklə evimizə geri qayıdacağıq

Prezident, Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərini nəzarətə götürməsi xəbərini eşidəndə sevinc göz yaşlarımı saxlaya bilmədim.

Bunu AZƏRTAC-a müsahibəsində Zabux kənd sakini Rövşən Həsənov söyləyib. O, 30 illik doğma el-oba həsrətinin sona çatdığını kövrək hisslərlə dilə gətirərək deyib: "1989-cu ildən könüllü olaraq tabora yollandım. 1992-ci ilədək düşmənlə döyüşlərdə iştirak etdim. Sonda isə dədə-baba torpaqlarımızı tərk etməli olduq. Uşaqlığımı, gəncliyimi Zabuxda qoyub çıxdıq. Bu illər ərzində Azərbaycanın müxtəlif dilbər guşələrində yaşadıq. Ən son olaraq Bakıda məskən saldıq".

Bugünkü xoş xəbəri eşidən müsahibimiz söyləyir ki, Zabuxu tərk edərkən ailədə 5 nəfər olublar. "Atam, anam, bacım və qardaşımla birgə didərgin düşdük. Atam torpaq həsrəti ilə bu dünyadan köçdü. Şükürlər olsun, anama 86 yaşında Zabuxun yenidən Azərbaycan torpağı olması xəbərini verə bildik. İndi mənim 8 nəvəm var. Ailəmlə oraya köçəcəyik. Nəvələrimə hər dağı, dağ ətəklərini, çayları - bir sözlə, kəndimizin bütün gözəlliklərini göstərəcəyəm".

R.Həsənov bu gözəl gün münasibətilə laçınlıları, bütün Azərbaycan xalqını təbrik edərək, Qələbəmizin daimi olmasını arzulayıb.

AZƏRTAC