Qlobal müzakirələr platforması
MÜSAHİBƏLƏR

Qlobal müzakirələr platforması

"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında hazırda bəşəri müstəvidə həlli vacib olan problemlər, onların həlli yolları, yeni dünya nizamı, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılır. Bu çərçivədə Azərbaycan Milli Məclisinin deputatı, iqtisadçı Vüqar Bayramov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun perspektivləri barədə fikir bildirdi.

Forumda 4 Prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirak etməsinin tədbirin regional və qlobal əhəmiyyətinin göstəricisi olduğunu bildirən iqtisadçı, çoxsaylı regional və qlobal məsələlərin müzakirəsini, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsini, Bakıda yeni çağırışlara uyğun olaraq təkliflərin təqdim olunmasını müşahidə etdiyini vurğuladı. Onun fikrincə, Bakı Forumu artıq qlobal müzakirə platformasına çevrilib. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına da praktik olaraq töhfə verir. Bu baxımdan, X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi platformadır.

Nurlan ABDALOV,

"Respublika".