Paris bu addımlarla heç nəyə nail olmayacaq
MÜSAHİBƏLƏR

Paris bu addımlarla heç nəyə nail olmayacaq

Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə rəsmi Parisin ölkəmizə qarşı həyata keçirdiyi davamlı təxribatın tərkib hissəsidir. Fransanın ardıcıl və sistemli şəkildə atdığı bu addımlar qərəzli və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, həm də rəsmi Parisin Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasında, insanların dinc və birgəyaşayışında maraqlı olmadığını təsdiqləyir.

Müstəmləkəçilik siyasəti ilə milyonlarla dinc, günahsız insanların faciəsinə səbəb olmuş, kütləvi qətliamlarla, soyqırımlarla və digər insanlıq əleyhinə cinayətlərlə tarixi dolu olan bir ölkənin parlamentinin Azərbaycana qarşı reallıqdan tamamilə uzaq, böhtan və qarayaxmadan ibarət ittihamlardan ibarət qətnamə qəbul etməsi riyakarlığın ən son həddi kimi qəbul edilməlidir.

Fransanın öz müstəmləkəçi keçmişindən və bu günündən utanmaq, qanlı cinayətlərinə görə bütün bəşəriyyətdən üzr istəmək əvəzinə eyni cinayətləri Azərbaycan xalqına qarşı həyata keçirən Ermənistanın yanında yer alması, Azərbaycan xalqını hədəf seçməsi, şübhəsiz ki, təsadüfi sayıla bilməz.  Görünür başqalarının torpağına iddia etmək, soyqırımı cinayətləri törətmək, günahsız insanları – uşaqları, qadınları, ahılları vəhşicəsinə qətlə yetirmək, mədəniyyət abidələrini məhv etmək Fransa və Ermənistanı bir araya gətirən “dəyərdir”.

Fransa hökumətinin üzvlərinin Milli Assambleyada Azərbaycan  əleyhinə qətnamələrlə bağlı dinləmələrdə fəal iştirak və əssassız iddialarla çıxış etmələri, parlamentin rəsmi Parisin sifarişini yerinə yetirdiyindən və ölkəmizə qarşı həyata keçirilən təxribatların vahid mərkəzdən idarə olunduğundan xəbər verir.

Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin yalan və böhtandan ibarət olduğu və heç bir hüquqi qüvvə daşımadığı üçün rəsmi Paris bu addımlarla heç nəyə nail olmayacaq. Azərbaycan isə öz haqlı və ədalətli mövqeyindən geri çəkilməyəcək və Fransanın təxribatlarını da unutmayacaq.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.