Yeni nəşrlər: TALEYİN QİSMƏT PAYI
Mədəniyyət

Yeni nəşrlər: TALEYİN QİSMƏT PAYI

Ramiz Şabanov ömrünün 71-ci baharını yaşayır. O, Qərbi Azərbaycanda - Basarkeçər rayonunun Qayabaşı kəndində dünyaya göz açmışdır. Ulu Tanrı Ramiz müəllim kimi kamil şəxsiyyətləri ona görə xəlq edir ki, gələcək nəsillər belə müdriklərdən elm-ürfan, ədəb-ərkan, əql-kamal, Vətənə, yurda, insanlara sevgi, məhəbbət əxz etsinlər.

Ramiz Şabanovun 70 illik yubileyi ilə bağlı yazıçı-publisist Yaşar Vəliyevin "Taleyin qismət payı" adlı kitabı dərc olunmuşdur.

Kitabda göstərilir ki, şərəfli ömrünün az qala 40 ilini dövlət qulluqçusu kimi çalışan Ramiz müəllim istər cəmiyyətdəki mövqeyi ilə, istərsə də ailədə mənəvi dəyərlərlə hər zaman seçilib.

Qərbi azərbaycanlıların, xüsusilə göyçəlilərin gözündə Ramiz Şabanov böyük bir elin, obanın, hər kəsin ümidi, pənah yeridir. O, həmçinin geniş elmi dünyagörüşü ilə fərqlənən bir insandır.

R.Şabanov 1970-ci ildə Nərimanlı kənd orta məktəbini müvəffəqiyyətlə başa vurmuş, daha sonra İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, ali təhsil aldıqdan sonra bir müddət Basarkeçər rayonunda müəllim işləmiş, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir.

1980-1984-cü illərdə Ramiz Şabanov rayonda çıxan "Vardenis" qəzetində ədəbi işçi olmuş, mətbuatda müxtəlif səpkili məqalələri, oçerk, reportaj və felyetonları işıq üzü görmüş, 1986-cı ildə rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışmışdır.

1988-ci ildə Ramiz Şabanov Qərbi Azərbaycandakı soydaşlarımız kimi deportasiyaya məruz qalmış və Azərbaycanın Tərtər rayonuna köçmüşdür.

O, 1990-1991-ci illərdə Tərtər rayonundakı "Paris kommunası" kolxozunda partiya komitəsinin katibi, rayon icra hakimiyyətində təlimatçı, rayon mədəniyyət şöbəsinin müdiri, 2013-2021-ci illərdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. Həmçinin, YAP Tərtər rayon təşkilatının sədri olmuşdur.

Ramiz müəllimin müdriklik zirvəsində dayanan aqil insan, fədakar Vətən oğlu, qeyrətli vətəndaş, qayğıkeş ata, xeyirxah insan kimi yüksək mənəvi dəyərlərin daşıyıcısıdır.

71 yaşlı Ramiz Şabanov əminliklə bildirir ki, biz uzun həsrətdən sonra türk dünyasının mədəniyyət mərkəzi qədim Şuşa şəhərinə qayıtdıq. Qərbi azərbaycanlılar da tezliklə Prezident İlham Əliyevin sərkərdəlik məharəti sayəsində işğal altında olan Basarkeçərə dönəcəklər. Mütləq qayıdacağıq, haqq-ədalət zəfər çalacaqdır.

Qədir ASLAN,

"Respublika".