İrəvana yeddi məktub
Mədəniyyət

İrəvana yeddi məktub

Tanınmış yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

25 iyun, 1972 II məktub

1969-cu il iyul ayının 14-də Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi o illərdə Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyanı elə maraqlandırmışdı ki, elə həmin gün "Sovet Ermənistanı" qəzetinin redaktoru, Mərkəzi Komitənin üzvü, respublika Ali Soveti Rəyasət Heyətinin Sədr müavini Həbib Həsənovu yanına çağırıb, sualları dalbadal verməyə başlamışdı: "Kimdir?", "Necə adamdır?", "Ermənistana münasibəti necə olacaq?". Müfəssəl cavab alan kimi Heydər Əlirza oğluna zəng çalıb təbrik etmiş və yaxın günlərdə Dilicana tanışlıq görüşünə gəlməsini təkidlə xahiş eləmişdi.

Koçinyan dördüncü il idi Ermənistana rəhbərlik edirdi, bu vəzifədən öncə 13 il respublika Nazirlər Sovetinin Sədri işləmişdi. Təbiətcə sakit, təşəbbüskar adam idi, o vaxtacan Ermənistana rəhbərlik edənlərin içində ən millətçisiydi, lakin dərin savadı olmayan bu partiya funksioneri çox yüksək vəzifədə özünü o qədər də rahat hiss etmirdi.

1956-cı ildən qonşu Gürcüstanın başında dayanan Vasili Mjavanadzenin də qatarı artıq ötüşmək üzrəydi. Cənubi Qafqaz respublikalarının ən böyüyünə yeni rəhbərin, özü də cavan və enerjili, yüksək çinli təhlükəsizlik nazirinin təyin olunması region rəhbərlərini hədsiz maraqlandırırdı. Əlbəttə, üzdə olan, açıqlanan maraq əsasən Azərbaycanla Ermənistanın, ya Gürcüstanın əməkdaşlıq məsələləri idi. Əslində isə aşkarlanmayan və açıq deyilməyən şəxsi maraq daha qabarıq idi. Mjavanadze də, Koçinyan da bilirdilər ki, bu respublikalarda kadr dəyişikliyi məsələsinə baxılmasının sürətləndirilməsi Azərbaycanın təzə rəhbərindən də asılı ola bilər. Və Koçinyanın başqa dərdi də vardı - dalağı əməlli-başlı sancmışdı: Ermənistan ötən onilliklərdə Azərbaycana qarşı ardıcıl törətdiyi təcavüzləri təzə birinci katibin vaxtında da davam etdirə biləcəkmi? (Növbəti dəfə Azərbaycan torpaqlarının Ermənistana pay verilməsi haqqında hər iki respublikanın Ali Soveti Rəyasət Heyətlərinin ay yarım qabaq qəbul etdikləri qərarlarının icrasında problem yaranacağı isə yəqin ki, ağlına da gəlmirdi.) Ona görə A.Koçinyan Heydər Əliyevlə mümkün qədər tez görüşmək istəyirdi. Heydər Əlirza oğlu da Koçinyanla tez görüşməyə maraqlıydı, ilk növbədə qonşu respublikada genişlənməkdə olan millətçilik, anti-Azərbaycan kampaniyasının dayandırılması ilə bağlı danışıqlar aparılması, belə siyasətə qarşı Azərbaycanın kəskin mübarizə aparacağının bəyan edilməsi üçün.

İyul ayında Qazaxda görüşdülər, sonra Dilicana getdilər. Gecəni orada qaldılar. Gecədən xeyli keçənədək qonaq evinin işıqları sönmədi. Bütün söhbətləri təfsilatı ilə ikisi bilər. Ancaq Koçinyan yüksək qonağını sərhəddən yola salıb, təzadlı hisslərlə qayıtdı İrəvana: Heydər Əliyev onun bir neçə il də işləməsinə mane olmayacaq (həqiqətən də belə oldu, 1974-cü ilin payızınacan qaldı vəzifəsində), amma bu cavan, enerjili, qətiyyətli, vətənpərvər generaldan torpaq qoparmaq daha mümkün olmayacağı bir yana qalsın, qəbul olunmuş qərarı icra etmək də ciddi problemə çevriləcəkdi. Heydər Əliyev həmin gecə Koçinyana, sonra Moskvaya qəti şəkildə bəyan etmişdi: "O qərarların kifayət qədər əsası olmadığı üçün, icrasına imkan verə bilmərəm". Bu bəyanat o vaxtacan qırx doqquz il Sovet hakimiyyəti dövründə Azərbaycan rəhbərinin Ermənistanın hakim dairələrinə və Moskvaya ilk sərt etirazı idi.

Ona görə də A.Koçinyan İrəvana ikili duyğularla - vəzifəsi sarıdan rahat, respublikasının gələcək təcavüzləri sarıdan isə çox narahat qayıtmışdı. Koçinyanın Ermənistanın birinci katibi vəzifəsində qalması, müəyyən dövr üçün Azərbaycanın rəhbərinə də əl verirdi.

Aradan illər ötəndən sonra bir həqiqəti dərk etdim və Azərbaycan rəhbərinin bu məsələdə dahiyanə uzaqgörənliyinə inandım: Heydər Əlirza oğlu bilirdi ki, Anton Yervandoviçdən sonra (rüşvətlə, korrupsiya vasitələri ilə hədsiz dərəcədə varlandığı üçün el arasında ona "Anton Brilliantoviç" deyirdilər) Ermənistana ona nisbətən daha qatı millətçi adam rəhbər gələcək (bu, həqiqətən belə oldu. K.Dəmirçyan millətçi-şovinist əməlləri ilə bütün mənalarda özündən əvvəlki rəhbərləri geridə qoydu). Ona görə də hələlik Koçinyanla əməkdaşlıq edərək Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini yoluna qoymaq, milli-mənəvi dəyərlərimizi qorumaq, o vaxtadək axır yüz əlli ildə xalqımıza qarşı tuşlanmış millətçi-şovinist hücumları, təxribatları səngitmək Azərbaycan üçün sərfəli idi. Yaxşı nəticələr çalışdığım İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətində də hiss olunurdu. O illərdə teatrın ən ciddi problemi - stasionar bina məsələsi həll olunmasa da, fəaliyyət göstərdiyimiz mədəniyyət sarayında maddi-texniki bazamız möhkəmləndirildi, nəqliyyat problemləri bütünlüklə həll edildi, şəhərdə teatrların və mədəniyyət saraylarının qapıları üzümüzə açıldı, lap başlıcası - bunların nəticəsi olaraq ciddi yaradıcılıq uğurları qazanıldı, kollektivə yüksək mükafatlar verildi. O illərdə Ermənistan KP MK-nın ideologiya üzrə katibləri, Nazirlər Sovetinin Sədr müavinləri ilə (həmin dövrdə üç-dörd nəfər tutdu bu vəzifələrdən hər birini) neçə dəfə görüşmüşəm, yadımda deyil (ancaq havaxt müraciət etsəydim, qəbul etmələrini unutmuram), şöbə müdirləri ilə hər ay, bəzən daha tez-tez görüşürdük. Mərkəzi Komitənin ikinci katibi səviyyəsində də qəbul olunurdum. Və bu görüşlərdə teatrın problemləri həll edilirdi. Bircə stasionar bina məsələsindən başqa - saysız-hesabsız vədlər verilsə də, müzakirələr olsa da, konkret olaraq həll edilmirdi (sanki müxtəlif vədlərin verilməsinin, bu mövzuda müzakirələrin aparılmasının da məqsədi-mahiyyəti məsələnin həll edilməməsi üçündü!).

Ermənistanda həmin dövrün dövlət siyasətində belə gerçəklik mövcud idi: soydaşlarımızla bağlı, Azərbaycan mühiti ilə əlaqədar cari məsələlər, bir çox problemlər həll edilirdi, bircə əsas problemdən başqa, teatra stasionar bina verilməməsi də bu respublikada ardıcıl həyata keçirilən siyasi xəttin - millətçi-şovinizmin prioritet dünyagörüşünə çevrilməsinin göstəricisi idi. Qatı millətçi olmayan, obyektivliyi ilə seçilən bir erməni ziyalısı (təqib olunmasın deyə adını çəkmirəm) bir dəfə dedi: "Sizə stasionar bina verməzlər, azı ona görə ki, Azərbaycan teatrının gözəl ənənələrini yaşadıb inkişaf etdirirsiniz, erməni teatrını da öyrənirsiniz, gürcü teatrını da sevirsiniz, Moskva teatrından da yan ötmürsünüz... Görürsünüz, neçə teatr məktəbinin zənginliklərini bir-birinə qovuşdurursunuz. Binanız da olsa, Sizin teatr İrəvanın ən qüdrətli teatrına çevrilə bilər. Bunu isə sənin dostun - mən erməninin də gözü götürməz. Ona görə də bina məsələsi üçün özünü çox yorma".

Yaxud Heydər Əliyevin təşəbbüsü və nəzarəti ilə Ermənistanda da qeyd edilən Aşıq Ələsgərin anadan olmasının 150 illiyi tədbirlərini xatırlayaq. O illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru və Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Sədr müavini işləyən Həbib Həsənov "Bir yubileyin tarixçəsi" adlı qeydlərində yazır: "1972-ci ilin iyun ayında Aşıq Ələsgərin anadan olmasının 150 illiyi Ermənistanda böyük təntənə ilə qeyd edildi. Təbiidir ki, belə möhtəşəm tədbirin keçirilməsində Azərbaycanın o zamankı rəhbərliyinin böyük rolu olmuşdu. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev bu tədbirin yüksək səviyyədə keçirilməsinə böyük əhəmiyyət verirdi".

Tədbir ərəfəsində Ermənistan KP MK-nın birinci katibi A.Koçinyan ideoloji sahə işçilərinin müşavirəsini keçirdi. Tədbirə nümunəvi hazırlaşmağı və yüksək səviyyədə keçirməyi tövsiyə etdi. Dedi: "Heydər Əliyev bir neçə dəfə mənə zəng edib, onunla razılaşmışıq ki, narahat olmasın, Aşıq Ələsgərə layiq tədbir keçiriləcək".

Lakin bu yüksək yubileyin keçirilməsi də ermənisayaq gedişlərdən xali olmadı. Yubileyə iki gün qalmış məlum oldu ki, zirvə tədbiri (25 iyun, 1972) Filarmoniyanın... təxminən 300 yerlik kiçik salonunda keçiriləcək. Dahi şair-aşığın yubileyi ilə bağlı tədbiri Mərkəzi Komitə Bürosunun qərarı ilə Mədəniyyət Nazirliyi həyata keçirirdi. Mənsə yol üstəydim - yubiley günü SSRİ Mədəniyyət Nazirliyində keçirilən vacib bir müzakirədə iştirak və çıxış etmək üçün Moskvaya yola düşürdüm. Amma bununla belə, Ermənistanın mədəniyyət nazirinə zəng çaldım, tədbirin belə kiçik salonda keçirilməsinə etirazımı bildirdim. O, əvvəlcə "təəccüblə" soruşdu: "Onu İrəvanda yaxşı tanıyırlar?" "Bəli, - dedim, - yalnız İrəvanın və yaxın ətrafdakı kəndlərin azərbaycanlı Ələsgərsevərləri bir neçə böyük salona da sığmaz..." Nazir: - "Artıq gecdir, Mərkəzi Komitəyə də məlumat verilib", - dedi, səfərimlə bağlı bir-iki söz soruşdu, söhbətimiz bununla bitdi.

Yubiley axşamı Filarmoniyanın kiçik salonu önünə - Lenin meydanının Abovyan xiyabanına çıxacağına dəvətnamə ala bilməyən o qədər soydaşımız toplaşır ki, şəhərin əsas mərkəzi küçəsində avtomobil gediş-gəlişi xeyli müddət dayanır. Nazir "xəcalətdən" tədbirə gələ bilmir, müavinini göndərir, "xəcalətini" yubileydən neçə gün sonra mən Moskvadan qayıdanda da unutmamışdı, ilk görüşümüzdə: "Sən düz deyirmişsən, o Aşığı sevənlər çox imiş...", - dedi.

Nə üçün bu epizodu olduğu kimi - ətraflı yazdım? İki respublikanın rəhbərləri bu yubileyin yüksək səviyyədə keçirilməsini qərara alsalar da, erməni şovinizminin anti-Azərbaycan mexanizmi həmişəki kimi yenə də işlədi, nəticədə Aşıq Ələsgərin yubileyi Filarmoniyanın böyük salonunda deyil, kiçik salonunda keçirildi (Sayat Novanın yubileyi isə hətta 1988-ci ildə də - soydaşlarımızın Qərbi Azərbaycandan, öz tarixi-etnik torpaqlarından kütləvi surətdə, bu dəfə son nəfərinədək deportasiyası vaxtında da Bakının ən böyük salonlarından birində, Filarmoniyanın böyük salonunda keçirildi!).

Aşıq Ələsgərin doğulduğu və ömrü boyu yaşadığı Göyçədə - Basarkeçər rayonunun Ağkilsə kəndində açıq havada keçirilən yubiley tədbirində isə minlərlə insan iştirak edirdi və belə nəhəng insan toplumu Qərbi Azərbaycanda ermənilərin sıx yaşadıqları bölgələrdə də görünməmiş hadisəydi, ona görə də millətçi-şovinistlərin gözlərini qorxutmuşdu. "Bir aşığın yubileyinə bu qədər insan toplaşırsa, ciddi siyasi aksiyalarda daha çox toplaşa bilər" xofu Ermənistanın hakim dairələrini də rahat buraxmırdı.