Komik rolların mahir ifaçısı
Mədəniyyət

Komik rolların mahir ifaçısı

Zənnimizcə, bu gün Azərbaycan səhnəsində onun kimi sənətkarlar demək olar ki, yoxdur. Fitri istedada, yüksək səhnə mədəniyyətinə malik olan sənətkar Azərbaycan teatr tarixinə və kino salnaməsinə parlaq səhifələr yazıb. Komediyalarda oynamağı xoşlayan, obrazın komik xarakterini açmaq üçün məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən istifadə edən aktyor kimi tarixə düşən, hər kəsin sevimlisi olan sənətkar aramızdan ayrılsa da yaddaşlarda həmişəlik yaşayır. Söhbət  Xalq artisti Lütfəli Abdullayevdən gedir.

1914-cü il mart ayının 22-də Şəkidə anadan olan L.Abdullayev yeddillik məktəbi bitirib, Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində iştirak edib. Eyni zamanda, professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olur və sonra Opera və Balet Teatrının xor truppasında oxumağa başlayıb.

O, səbirlə irəliləyir və sanki həyatının dönüş nöqtəsini gözləyir. Nəhayət, belə bir vaxt gəlib çatır və 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə musiqili səhnə sənəti də müvəffəqiyyətlə nümayiş etdirilir. Moskva səhnəsində ifa etdiyi rollar 24 yaşlı gəncin böyük istedadından xəbər verirdi. 1956-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərən Lütfəli Abdullayev teatrın aparıcı sənətkarı kimi ən populyar, uğurlu və uzunömürlü tamaşalarda çıxış edib.

Tamaşaçı ilə aktyor arasında canlı ünsiyyət olduğundan teatrı daha çox sevən sənətkar buranı özünə daha doğma bilirdi. “Mən tamaşaçını görməyəndə, hiss etməyəndə özümü aktyor saya bilmirəm”, - deyən L.Abdullayev yəqin elə ona görə cəmi 6 filmə çəkilib. İlk dəfə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə 1945-ci ildə “Arşın mal alan”da Vəli rolunda iştirak edib. Film ekrana çıxandan bir il sonra 1946-cı ildə bu rola görə Stalin dövlət mükafatına (sonralar SSRİ dövlət mükafatı adlandı) layiq görülüb. 1956-cı ildə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun”unda Baloğlan, 1960-cı ildə Ş.Şeyxovun “Qəribə əhvalat”ında Kefçilov, 1962-ci ildə Rəşid Atamalıbəyovun “Payız konserti”ndə konsert təşkilatçısı, 1963-cü ildə Adil İsgəndərovun “Əhməd haradadır” filmində Zülümov, 1964-cü ildə Ağarza Quliyevin “Ulduz”unda Məhəmməd kimi ölməz obrazlar yaradıb. “Mozalan”da çəkilməyi isə çətinliklə baş tutub. Belə ki, “Mozalan” çəkiləndə Yuli Qusman bir həftə hər gün onlara gəlib gedib, nəhayət, aktyoru çəkilişə aparmaq üçün razı sala bilib.

Onun filmlərdə işlətdiyi sözlər aforizmə çevrilərək xalqın dilində əzbər olub. “Aparatda yoldaş Zülümovdur… Zülümov dedi, qurtardı”. “Əhməd haradadır” filmində işlədilən ifadələr böyükdən kiçiyə hər kəsin yaddaşındadır.

Tədqiqatçılar yazır ki, onun yaradıcılığını üç hissəyə  ayırmaq olar. Klassik operettalarda oynadığı rollar, tərcümə əsərlərində ifa etdiyi obrazlar və çağdaş bəstəkarların musiqili komediyalarında yaratdığı koloritli personajlar.

Teatrda Nəsibə Zeynalova kimi sənət yoldaşı ilə qarşılaşması isə onun yaradıcı gücünü ikiqat artırmışdı. Musiqili Komediya Teatrının səhnəsində uzun illər tərəf müqabili olan bu insanlar sanki bir-birini tamamlayırdı. Nəsibə xanım deyirdi ki, bəzən səhnədə elə vəziyyət yaranırdı ki, biz mətndən kənara çıxmalı olurduq. Amma tamaşaçı bunu heç vaxt hiss etmirdi. Bəzən eyni tamaşanı günlərlə oynayırdıq. Ancaq yorulmaq bilmirdik. Çünki Lütfəlidə yaradıcılığa güclü stimul verən ilahi bir istedad var idi.

Adi bir sözlə, bir baxışla öz istədiklərini tamaşaçılara çatdıran sənətkar “Beş manatlıq gəlin”dəki Möhsün, “Toy kimindir?”dəki Qoşun, “Durna”dakı Dursun, “Gözün aydın”dakı Qəhrəman kimi rolları ilə teatr tariximizdə dərin iz buraxıb.

Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə sənətkara 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, “Arşın mal alan” filmində “Vəli” roluna görə 1946-cı ildə “Stalin” mükafatı, 1959-cu ildə “Qırmızı Əmək Bayrağı Ordeni”, 24 may 1960-cı ildə Xalq artisti fəxri adı və 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı  verilib. Xalqın bütün təbəqələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabanda olan sənətkarın Bakıda adına küçə də var. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının 100 illiyi silsilə tədbirlərlə qeyd edilib.

Lütfəli Abdullayev yaratdığı obrazlarla əbədilik qazanıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.