Yaponiyanın Nanao şəhərinin meri idmançılarımızın Paralimpiya Oyunlarına hazırlığının gedişi ilə tanış olub
İdman

Yaponiyanın Nanao şəhərinin meri idmançılarımızın Paralimpiya Oyunlarına hazırlığının gedişi ilə tanış olub

Yaponiyanın Nanao şəhərinin meri Yoşitaka Çatani paralimpiyaçılarımızın İşikava prefekturasının bu şəhərində “Tokio-2020” Paralimpiya Oyunlarına hazırlığı, onlar üçün yaradılmış şəraitlə tanış olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, idmançılarımızın məşq etdiyi 50 metr uzunluğunda hovuzun yerləşdiyi Nanao şəhərinin meri Azərbaycan Milli Paralimpiya Komitəsinin şöbə müdiri Rüfət Hacılı, məşqçilər və idmançılarla görüşüb.

Merə idmançılarımızın məşq prosesi, hovuzda yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu şəhərdə yerləşən hovuzda idmançılarımızın məşqləri üçün lazımi şərait var və bu onlara yarışlara daha yaxşı hazırlaşmaq imkanı yaradıb. Yaradılan şəraitə və idmançılarımaza yerli azarkeşlər tərəfindən göstərilən dəstəyə görə merə nümayəndə heyətinin üzvlərinin minnətdarlığı çatdırılıb.

Həmin gün idmançılarımızın məşqini Nanao şəhərinin əlillərə dəstək mərkəzinin üzvləri də ziyarət ediblər. Sayı 14 nəfərdən ibarət olan qrupun üzvləri müəyyən edilmiş qaydalara müvafiq olaraq komandamızın məşqlərini izləyiblər. Əllərində Azərbaycan bayraqlarını tutaraq “Kanbare!” (“Belə saxla!”), “Azərbaycan!” sözlərini qışqırıblar.

Bu qrupun üzvlərinin paralimpiyaçılarımız ruhlandırmaq və qarşıdakı yarışlarda onlara dəstək vermək üçün hovuza səfəri “chunichi.co.jp” saytı tərəfindən ətraflı işıqlandırılıb.

Əlavə olaraq qeyd edək ki, Şika və Nanao şəhərlərində məşqləri başa çatdıran paralimpiyaçılarımız avqustun 20-də Tokiodakı Atletlər kəndinə gəliblər.

AZƏRTAC