“Xalq-Heydər, Heydər-Xalq
Siyasət

“Xalq-Heydər, Heydər-Xalq" Prezident və xalq birliyinin möhtəşəm formulu

18 oktyabr 1998-ci ildə Dövlət Müstəqilliyi Günündə ulu öndər Heydər Əliyevin andiçmə mərasimi keçirilib

1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri günündə səsvermədə iştirak edən seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə prezidentliyinə altı namizəddən biri olan Heydər Əlirza oğlu Əliyevə səs verib. 1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasmın Mərkəzi Seçki Komissiyası Prezident seçkilərinə yekun vurub. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri Mərkəzi Seçki Komissiyası tərəflndən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunub və 1998-ci il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edib.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Heydər Əliyev səsvermədə iştirak edənlərin üçdə iki hissəsinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. İkinci prezidentlik müddətində Heydər Əliyev ilk bələdiyyə seçkilərinin keçirilməsinə, Bakı-Supsa neft boru kəmərinin çəkilməsinə, Bakı-Tbilisi-Ceyhan kəmərinin təməlinin qoyulmasına nail olub. Həmin dövrdə Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib. Həmçinin özəlləşdirməyə dair II Dövlət Proqramı qəbul olunub, Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib və xaricdə Azərbaycan diasporunun formalaşdırılması üçün həlledici addımlar atılıb.

Onu da qeyd etmək lazımdır ki, 1993-cü il seçkiləri Azərbaycan dövlətçiliyinin ciddi sınaq mərhələsi idisə, 1998-ci il seçkiləri artıq formalaşan dövlətimizin imtahanı sayılırdı. Bu seçimi əsaslandırmaq üçün xalqın yüzlərlə, minlərlə arqumenti, məntiqə əsaslanan dəlil-sübutu var idi. Çünki həyata keçirilən islahatlar nəticəsində "Xalq-Heydər, Heydər-Xalq" ifadəsi Prezident və xalq birliyinin möhtəşəm formuluna çevrilmişdi. Beynəlxalq aləm də əmin idi ki, 1993-cü ilin yayında Azərbaycan xalqını qardaş qırğınından, dövləti isə məhv olmaqdan xilas edən ümummilli liderimiz Heydər Əliyev növbəti dəfə Prezident seçildi. Həmin dövrdə bəzi qüvvələr müdrik siyasətçinin əleyhinə təbliğat aparırdı. Müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyytə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də ulu öndər Heydər Əliyevin qələbəsi şəksiz idi.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına ümummilli liderimiz Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb. Ulu öndər Heydər Əliyev andiçmə mərasimindəki çıxışında bu barədə vurğulayıb: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir". Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq. 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı.

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla fəaliyyət göstərir. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalacaq.

M.MUSTAFAYEV,

"Respublika".