Milli Məclisin yaz sessiyasında ilk plenar iclası
Siyasət

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası

Fevralın 1-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.

Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. S.Qafarova yaz sessiyasının başlaması münasibətilə təbriklərini çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.

O, Milli Məclisin Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını qınadığını bildirib.

Sahibə Qafarova bildirib ki, ötən il parlamentin fəaliyyətinin bütün istiqamətlərində uğurlu nəticələr əldə edilib.

Parlamentin sədri Milli Məclisin indiyədək əldə etdiyi uğurları bu sessiyada da davam etdirəcəyinə və daha da artıracağına əminliyini ifadə edib. O deyib ki, bu sessiya və il ərzində fəaliyyətin ən mühüm mövzusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq. Artıq həm Milli Məclisin, həm də komitələrin yubileylə bağlı tədbirlər planları hazırlanıb.

Sonra iclasın gündəliyi təsdiqlənib və cari məsələlərin müzakirəsinə başlanılıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 21 məsələ müzakirə olunacaq. O qeyd edib ki, ilk üç məsələ Milli Məclisin qərar layihələridir.

Müzakirələrin sonunda Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev "GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.

Qanun layihəsi qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb.

Musa Quliyev növbəti məsələni - Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 11 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin digər iki məsələsi də Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdırlar.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin cari ilin yaz sessiyasındakı ilk plenar iclası başa çatıb.

“Respublika”.