Ermənistanın yenidən BMT-də qətnamə xülyası
Siyasət

Ermənistanın yenidən BMT-də qətnamə xülyası

Boş hay-küylərdən, yalançı şoulardan bezməyən Ermənistan yenə də öz xülyalarından əl çəkmir. Bu dövlətin ən mühüm işi şər-böhtanla məşğul olmaq və bu istiqamətdə öz qara piarına şərik axtarmaqdı. Əli hər yerdən üzülən Ermənistan yenidən ABŞ-ın dəstəyi ilə Qarabağ erməniləri ilə bağlı məsələni BMT müstəvisində müzakirəyə çıxarmaq istəyib. ABŞ-dan da rədd cavabı alandan sonra bu istiqamətdə Fransanın səylərinə ümid etməyə başlayıb.

Fransanın "Le Figaro" qəzeti yazır ki, Fransa Azərbaycanın blokadası nəticəsində aclıqdan ölmək ərəfəsində olan Qarabağın 120 min erməni əsilli sakininə yardım üçün BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim etməyə hazırlaşır. Yenə də yalançı erməni təbliğat maşını öz işindədir. Guya, 2022-ci ilin dekabrından Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə yolu bağladıqdan sonra erməni əhalisi bir çox çətinliklərə məruz qalıb. Onlar ərzaq, dərman, qaz, işıq və yanacaqdan məhrum edilir. Ermənistan BMT-dəki uğursuzluqdan sonra yenidən Fransanın əli ilə qətnamə təqdim etmək istəyir. Hazırda ABŞ-da, Aİ-də və ümumilikdə dünyada erməni lobbisinin əli ilə bu istiqamətdə çox ciddi işlər gedir. Baxmayaraq ki, ermənilər bütün dünyada yalan və dezinformasiya üzərindən kampaniyalar aparır, ancaq onların bu istiqamətdə "uğurları" ancaq bəzi ölkələrdə alınır, nəinki beynəlxalq hüquqi təşkilatlarda. Əlbəttə ki, Ermənistan BMT-də məlum iflasa uğramasından sonra əlacı yalnız bacısı Fransaya qalıb.

Avqustun 16-da Ermənistan dövləti Təhlükəsizlik Şurasında bu müzakirələrə nail olsa da, yekunda heç bir sənəd qəbul edilmədi. Bu isə onsuz da ümidləri puç olan ermənilərin və Fransanın məyusluğuna səbəb oldu. Çünki Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Çin və Böyük Britaniya qismən tərəfsiz mövqe sərgiləmiş, ABŞ nümayəndəsi "Laçın yolunun açılmasının vacibliyini vurğulamış", Rusiya nümayəndəsi isə bu müzakirələrə BMT-nin mühüm tribunasında yer olmadığını, problemlərin İrəvan-Bakı arasında razılaşdırılmasının vacibliyini vurğulamaqla bərabər, Xankəndi-Ağdam yolunun humanitar məqsədlərlə açılmasına dəstək ifadə etmişdi. Fransa nümayəndəsinin isə canfəşanlığı heç bir nəticə verməmişdi. Bununla belə, Ermənistanın böyük bacısı Fransa yenə də öz "aktivliyini" saxlayır. Azərbaycan tərəfi isə bütün bunların mənasız cəhd və boş avantüradan başqa bir şey olmadığını bildirir. Avqustun 26-da "Laçın Şəhəri Günü" ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyev anti-Azərbaycan "mikrobları"na, birbaşa isə Fransa kimi dövlətlərə öz tutarlı mesajını çatdırmışdı. Dövlət başçısı deyib ki, Azərbaycana qarşı aparılan kampaniya, çirkin təbliğat ölkəmizin qərarlılığına və iradəsinə təsir edə bilməz: "Bizi yolumuzdan döndərə bilməzlər. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, onlar üçün də, bölgə üçün də yaxşı olar".

Makronun isə yenidən BMT-də hansısa yalanlarla dolu qətnamə qəbul etməyə çalışması rəsmi Parisi daha da nüfuzdan salacaq. Çünki artıq dünya, eləcə də beynəlxalq təşkilatlar da Azərbaycanın haqq işini dəstəkləyir və çeynənmiş erməni yalanlarına inanmır və Fransa dövlətinin növbəti oyunbazlığı kimi qiymətləndirilir. Görünən odur ki, Ermənistan yenidən dünya ictimaiyyətini aldatmağa və çaşdırmağa çalışır.

Cənubi Qafqazda yenidən gərginlik yaradan və son üç ildə dördüncü dəfə BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət edən Ermənistan Fransa kimi dövlətlərin yalançı vədlərinə inanaraq reallıqdan uzaq düşür. Bu isə, onun vaxt itkisi ilə bərabər, həm də ölkənin inkişafına mane olur.

Ramidə YAQUBQIZI,

"Respublika".