Vüqar Mürsəlov
Sosial həyat

Vüqar Mürsəlov

Tərtər rayonunun Cəmilli kəndi uğrunda ağır döyüşlər gedirdi. Vətənin igid, cəsur oğullarından olan Vüqar Mürsəlov avtomatını sinəsinə sıxıb, ətrafa güllə yağışı yağdıranda erməni quldurları döyüş meydanını tərk edərək qaçırdılar. Ölüm-dirim savaşında komandanlıq tərəfindən belə bir əmr gəldi ki, erməni hərbçilərinin arxasına keçmək, gecikməz olmaz! Çox keçmədən Vüqar öz döyüşçü yoldaşları ilə ermənilərin atəş nöqtəsini darmadağın etdi. Yoldaşlarından iki nəfər yaralı idi. O, ölümdən qorxmayıb yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasına köməklik göstərdi...

Bir müddətdən sonra Cəmilli kəndi ətrafında döyüşlər yenidən qızışdı. Yenə də düşmən tərəf ağır itkiyə məruz qaldı. 9 iyun 1992-ci ildə Vüqar Mürsəlovun sinəsi düşmən gülləsinə tuş gəldi. Vətənin bu qəhrəman övladını ölümün pəncəsindən xilas etmək mümkün olmadı...

Vüqar Mirəzbər oğlu Mürsəlov 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya göz açmışdır. 1980-ci ildə burada 1 saylı orta məktəbi bitirmiş, çalışqanlığı ilə həmişə sevimli müəllimlərinin gözündə ucalmışdır.

Vüqar orta təhsilini başa çatdırdıqdan sonra Bakı şəhərində 67 saylı texniki-peşə məktəbində oxumuş, Bakı Politexnik Texnikumunu bitirmişdir.

V.Mürsəlov Belarusun Brest şəhərində ordu sıralarında xidmət etmiş, bacarıqlı çavuş tankçı kimi tanınmışdır. Qvardiya baş çavuşu kimi əsgəri xidmətini başa vurub Cəlilabada qayıdan Vüqar Göytəpə Polis dəstəsinə yazılır və çox keçmir ki, Qarabağ uğrunda gedən ağır döyüşlərdə iştirak edir. Füzuli, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə bölgələrində erməni quldurlarına qarşı igidliklə vuruşur, bir çox əməliyyatların həyata keçirilməsində igidlik göstərir, ağır döyüşlərdə düşmənin başına od ələyir.

Vüqar Mürsəlovun son döyüşü 9 iyun 1992-ci ildə oldu. O, Tərtər rayonunun Cəmilli kəndi uğrunda gedən ölüm-dirim savaşında şəhidlik zirvəsinə ucaldı, Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edildi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Göytəpə şəhərində təhsil aldığı məktəb Azərbaycanın qəhrəman oğlu Vüqar Mürsəlovun adını daşıyır. Şəhərin mərkəzində onun büstü qoyulmuş, Tərtər, Göytəpə, Cəlilabad şəhərlərində adına küçə verilmişdir.

Qədir ASLAN,

"Respublika".