Analar yanar ağlar...
Sosial həyat

Analar yanar ağlar...

Vətən müharibəsi şəhidi Asif Səxavət oğlu Qəribovun Şəhidlər xiyabanında anım günü mərasimində şəhər rəhbərliyi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Öncə şəhid Asif Qəribovun və digər şəhidlərin məzarı ziyarət olundu, tər güllər düzüldü. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin ailəsinə səbir diləyərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Tarixi Qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin ədəbi yaşayacağını qeyd edib. Çıxış edənlər tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin qəhrəmanlıq nümunələrindən, ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb Asif Qəribovun keçdiyi şərəfli ömür yolundan söz açdılar.

Asif Qəribov 2000-ci il sentyabrın 10-da Şirvan şəhərində dünyaya göz açıb. O, hələ məktəb illərində əxlaqı, mədəni davranışı, düşüncələri ilə seçilib. 2019-cu ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Vətən müharibəsi başlayan gündən Asif də ön sıralarda yer alıb. Füzuli, Cəbrayıl istiqamətində cəbhənin yarılmasında və düşmənə ağır zərbələr endirilməsində öz şücaəti ilə seçilib. Sentyabrın 30-da Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Asif Qəribov döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tofiq HÜSEYN,

"Respublika".