İlin yekunlarına həsr olunmuş hesabat iclası
Sosial həyat

İlin yekunlarına həsr olunmuş hesabat iclası

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sədrliyi ilə Ombudsman Aparatında 2022-ci ilin yekunlarına dair hesabat iclası keçirilib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva il ərzində insan hüquqlarının səmərəli müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətdən danışıb, görülmüş işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Qeyd olunub ki, bu il yaranmasının 20 illiyi tamam olan Ombudsman təsisatı müasir çağırışlara və beynəlxalq meyarlara uyğun olaraq fəaliyyətini daha da inkişaf etdirir.

İclasda Ombudsman postmüharibə dövründə həyata keçirilən fəaliyyət, beynəlxalq təşkilatlara təqdim olunan hesabatlar, təsisat tərəfindən təşkil edilən beynəlxalq konfrans və tədbirlər, o cümlədən beynəlxalq qurum və Ombudsman təsisatları ilə əməkdaşlığa dair imzalanmış memorandumlar haqqında məlumat verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyət istiqamətlərinə uyğun müvafiq struktur bölmələrinin, habelə Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin illik hesabatları dinlənilib.

Daha sonra Səbinə Əliyeva kollektivə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib.

Sonda Aparatın aidiyyəti struktur bölmələrinə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətinə uyğun olaraq görüləcək işlər, qarşıda duran məsələlər və növbəti ilin prioritetləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

"Respublika".