Vətəni yaşadan Vətən oğlu
Region

Vətəni yaşadan Vətən oğlu

 İkinci Qarabağ müharibəsində  xalqımızın mərd övladları Vətən torpaqlarının yağı tapdağından azadlığı naminə misilsiz fədakarlıq göstərdilər. Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olan  Murad Vasif oğlu Abbasov da doğma  Azərbaycanın  müqəddəsliyini canından əziz tutmaqla şəhidlik zirvəsinə ucaldı.  Beləcə, Vətən üçün doğulan Lənkəran elinin igid oğlu 22 yaşında  yeni tarix yazmaqla bizlərə örnək oldu. İndi olduğu kimi, qərinələr  keçəcək, gələcək nəsillər də Muradın adını qürurla çəkəcək...

2015-ci ildə qohum-qonşu öz vətənpərvər, ürəyi sevdalı oğlunu ordu sıralarına yola salanda o deyir: “Darıxmayın, başınızı uca edib, sağ-salamat evə  dönərəm”.  Belə də olur.  Vətənə böyük sevgisi, düşdüyü cəbhə bölgəsində nümunəvi xidməti əsgər Murada başucalığı gətirir. Bütün hərbi təlimlərdə fəal olur ki, məqamı gələndə  döyüş meydanında  düşməndən qisasını ala bilsin. 1 il 6 aylıq əsgərlik həyatı başa çatanda: “Dığaların  ömrünə az qalır. Onlardan  alacağım qisas gününü gözləyirəm. Yağının ilan başını əzəndə mən sizin  yanınızda olaram”, -deyib hərbi hissədən  çıxır.

 2020-ci il sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda  ürəyi Vətənə  sevdalanan gənc tərəddüd etmədən cəbhəyə yollanır.

Bəli,   silaha  sarılan Murad birbaşa səngərə girib erməni dığalarla  haqq savaşımıza  başlayır. Müharibə meydanını hər dəfədə qələbə ilə tərk edir. Cəbrayılın, Qubadlının azadlığı naminə,  sözün əsl mənasında tarix yazır. İgid, cəsur döyüşçü  yağılara  endirdiyi sarsıdıcı zərbələrlə onların kabusuna çevrilir.  Oktyabrın 23-ü də daxil olmaqla neçə-neçə erməni əsgərinin, erməni tankının  axırına çıxır.  Ağır döyüşlərin birində şəhid olsa da, Vətən naminə  tökdüyü  qan, 30 il əsarətdə qaldığı  torpağın sinəsində qeyrətinə tapındığı doğma Azərbaycanımızın  üçrəngli qələbə bayrağına dönür. Bu, igidlik   Murad Abbasova isə əbədi bir ömür qazandırır.

İndi  adı xalqın dilində  qəhrəmanlıq simvoluna dönən  Murad Abbasovun   müharibədə göstərdiyi şücaəti nəzərə alaraq  dövlət də öz növbəsində  onu    “Vətən uğrunda”, “Cəbrayılın və Qubadlının azadlığına  görə”  medallarına layiq görübdür.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.