Regionların sürətli inkişafı ölkəmizin tərəqqisinə mühüm töhfə verir
Region

Regionların sürətli inkişafı ölkəmizin tərəqqisinə mühüm töhfə verir

Azərbaycanın inkişafı naminə həyata keçirilən məqsədyönlü siyasət ölkə vətəndaşları tərəfindən razılıqla qarşılanır. Çünki reallaşdırılan hər bir layihə əhalinin rifah halını yüksəltməklə respublikanın ümumi tərəqqisinə öz töhfəsini verir. Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri çərçivəsində sosial sahədə görülən işlərlə yerində tanış olması, lazımi tövsiyələr verməsi dövlət proqramlarının uğurla həyata keçirildiyinin göstəricisidir. Dövlət başçımızın bu günlərdə Hacıqabul, Gəncə və Qəbələyə səfərləri işğaldan azad edilmiş ərazilərlə yanaşı, digər bölgələrə də olan diqqət və qayğını təsdiqləyir.

Regionların inkişafı istiqamətində uğurla həyata keçirilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunması ilə xarakterizə edilir. Prezident İlham Əliyevin regionlara son səfərləri çərçivəsində Qəbələ rayonunda istifadəyə verilən obyektlər bölgələrin inkişafına kompleks yanaşmanın nümunəsidir. Bu, həm də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın böyük əhəmiyyət kəsb etdiyini ifadə edir. Ölkə başçısının 2021-ci ildən indiyədək bölgələrə etdiyi 140-a yaxın səfər diqqət və qayğının göstəricisi olmaqla inkişafımızı təsdiqləyir. Belə ki, son 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 41 dəfə artıb. 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az olduğu halda, 2023-cü ildə bu rəqəm 3500 manatdan çox olub. Regionların sosial-iqtisadi inkişafı əhalinin sosial rifahının yüksəlməsini təmin edir. Ötən 20 ildə 3200-dən çox məktəb binası, 750-dən artıq tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi istifadəyə verilib.

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri zamanı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışını etdi və “Hacıalılı” yarımstansiyasını işə saldı. Müasir şəbəkə poliqonu və “Yaşıl Enerji” təlim poliqonundan ibarət olan mərkəzdə beynəlxalq peşə ustalığı yarışlarına hazırlıq üçün lazımi şərait yaradılıb. “Yaşıl Enerji” təlim poliqonunda günəş və külək enerjisi mənbələri, “Azərişıq” ASC-nin Mobil Yaşıl Enerji Qurğusu layihələri üzrə təlimlər təşkil olunacaq.

Səfər çərçivəsində istifadəyə verilən 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanası insanların sağlamlığına xidmət göstərəcək. Belə ki, müəssisə maqnit rezonans tomoqrafiyası, çoxkəsikli kompüter tomoqrafiyası, rəqəmsal DR rentgen qurğusu, rəqəmsal stasionar ultrasəs müayinə və rəqəmsal teleskopik rentgen cihazları ilə təchiz olunub. Xəstəxanada yaradılan şərait bir daha təsdiqləyir ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, müalicə və müayinəsinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam böyüməsi dövlətin daim nəzarətindədir. Müəssisə yerli sakinlərlə yanaşı, region əhalisinə də hərtərəfli tibbi xidmət göstərəcək.

Regionda böyük əhəmiyyət kəsb edən Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışı da əhali tərəfindən böyük məmnunluqla qarşılanıb. Belə ki, Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi rahatlığı və təhlükəsizliyi təmin edəcək. Dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir. Yol 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək.

Prezident İlham Əliyevin 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak etməsi ölkəmizdə təhsilə böyük diqqət və qayğının göstərildiyini bir daha təsdiqlədi. Məlumat üçün qeyd edək ki, 1983-cü ildə tikilmiş məktəb binası müasir tələblərə cavab verməməklə yanaşı, həm də qəzalı vəziyyətdə olduğundan yeni binanın inşası qərara alınmışdı. Ölkəmizin inkişafını şərtləndirən əsas faktorlardan biri olan təhsilə dövlət qayğısının məntiqi nəticəsidir ki, son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3600 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.

Dövlət proqramlarına uyğun olaraq regionların sürətli inkişafı ölkənin tərəqqisinə mühüm töhfə verməklə yaşayış səviyyəsini durmadan yüksəldir.

Mikayıl NƏRİMANOĞLU,

“Respublika”.