Vətən sizi unutmur
Region

Vətən sizi unutmur

1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə və torpaqlarımızın müdafiəsi uğrunda minlərlə füzulili döyüşüb, yüzlərlə füzulili şəhid olub, yaralanıb, itkin düşüb. Həm birinci, həm də İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 735 nəfər torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub. Onların xatirəsi həmişə uca tutulur, qəhrəmanların adı əbədiləşdirilir. Qəhrəman oğullardan biri də Birinci Qarabağ müharibəsi şəhidi Əliağa Tağıyevdir.

Əliağa 1962-ci il fevralın 2-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1979-cu ildə Bala Bəhmənli kənd tam orta məktəbini bitirib. 1980-1981-ci illərdə keçmiş SSRİ-nin ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Xidməti başa vurduqdan sonra Vətənə qayıdıb. 1982-ci ildə Suraxanıda maşınqayırma zavodunda əmək fəaliyyətinə başlayıb. Zavodda Albert Aqarunov ilə birgə işləyiblər. Birinci Qarabağ müharibəsi başlayanda Albert Aqarunov ilə könüllülər sırasına qoşularaq, Vətənin müdafiəsi üçün erməni təcavüzkarlarına qarşı döyüşlərdə igidliklə iştirak ediblər. Əliağa dəfələrlə mühasirəyə düşmüş əsgərlərimizin azad olunmasında göstərdiyi cəsarət və igidliyi ilə seçilib. Şuşa, Laçın, Qubadlı, Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlə düşmənə ağır zərbələr vurub. Əliağa 1992-ci il avqustun 16-da Ağdamın Abdal Gülablı kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhid Əliağa Tağıyevin şəhadətə qovuşmasının ildönümündə xatirəsi anılıb, Bala Bəhmənli kəndində uyuyan məzarı ziyarət olunub, adını daşıdığı məktəbdə anım mərasimi təşkil edilib. Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Bala Bəhmənli kənd orta məktəbində şəhid Tağıyev Əliağa İdris oğlunun anım günü qəhrəmanın adına tikilmiş abidənin qarşısına gül dəstələri düzülməklə başlayıb. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, Füzuli Dövlət Dram Teatrının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, "N" saylı hərbi hissənin əməkdaşları, şəhidin adını daşıyan məktəbin kollektivi və kənd ağsaqqalları iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb. Anım mərasimində şəhid Əliağa Tağıyevin şərəfli ömür yolundan və döyüşlərdə göstərdiyi qəhrəmanlığından danışılıb. Sonra şəhid ailələri, kənd sakinləri və tədbir iştirakçıları mərasimdə çıxış edərək Vətən övladlarının Qarabağ savaşındakı qəhrəmanlıqlarından danışaraq onlarla qürur duyduqlarını bildiriblər. Bir evdə böyüyən oğullar bütün el-obanın fəxrinə, qürur yerinə çevriliblər və onların əziz xatirəsi heç zaman unudulmayacaq. Anım mərasimində məktəblilərin ifasında şeir kompozisiyaları nümayiş olunub.

Salman ALIOĞLU,

"Respublika".