Vətən müharibəsi şəhidlərinin xatirəsi Ali Məhkəmədə yad edilib
Sosial həyat

Vətən müharibəsi şəhidlərinin xatirəsi Ali Məhkəmədə yad edilib

Sentyabrın 27-də Ali Məhkəmədə Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunan tədbir keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, ölkəmizə qarşı daim təxribatlar törədən Ermənistan Silahlı Qüvvələrinə qarşı əks-hücum əməliyyatına məhz bu gün, 2020-ci il sentyabrın 27-də başlanıldığını bildirib. Həmin gün növbəti hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

Erməni işğalı altında olan 300-dən çox şəhər və kənd qırx dörd günlük Vətən müharibəsində döyüşlə işğaldan azad edilib. 2020-ci il noyabrın 10-da düşmən təslim olub və kapitulyasiya aktına imza atıb. İndi 30 ilə yaxın işğal altında qalmış 7 rayonda bərpa və quruculuq işləri aparılır.

İkinci Qarabağ müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb.

Vətən müharibəsi zamanı düşmən şəhər və rayonlarda mülki insanları hədəfə alıb. Nəticədə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

Düşmən uzun illər işğalda saxladığı torpaqlarımızı minalayıb. Müharibənin başa çatmasından bəri 200-dən çox vətəndaşımız mina terrorunun qurbanına çevrilıb.

Müharibənin başa çatmasından 2 ilə yaxın müddət keçsə də, Ermənistan üzərinə götürdüyü öhdəlikləri bu günə qədər yerinə yetirməyib və hazırda sərhədlərimizdə təxribatlar törədir. Sonuncu belə təxribat bu il sentyabr ayının 12-dən 13-nə keçən gecə baş verib. Müzəffər ordumuz təxribatın qarşısını alıb, düşmənə ağır zərbələr endirərək məğlubiyyətə uğradıb. Düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 80 hərbi qulluqçusu şəhid olub.

Torpaq onun uğrunda ölən varsa Vətəndir. Vətən müharibəsində igidlik göstərən əsgər və zabitlərimizlə qürur duyuruq. Biz müstəqilliyimiz, suverenliyimiz uğrunda həlak olanların ruhu qarşısında baş əyir, onlara rəhmət diləyirik.

 Ali Məhkəmənin sədri qeyd edib ki, Azərbaycan Ermənistanın törətdiyi müharibə cinayətləri, mina terroru, eləcə də hərbi təcavüz nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın yaşamaq, şəxsi və ailə həyatına hörmət, mülkiyyət, təhsil və digər hüquqlarının, habelə işgəncələrə məruz qalmamaq, dini etiqad, hərəkət azadlıqlarının pozulmasına görə Ermənistana qarşı həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, həm də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialar üzrə işləri davam etdirir.

AZƏRTAC