“İdeyadan biznesə
Sosial həyat

“İdeyadan biznesə" düşərgəsi başa çatıb

"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı ilə avqustun 22-26-da keçirilən "Yay Fest"in "İdeyadan biznesə" düşərgəsi başa çatıb. Düşərgəyə respublikanın paytaxt və regionlardan innovasiyalar, texnoloji yeniliklər və startaplara maraq göstərən 220-dən çox gənc qatılıb.

Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, düşərgə müddətində iştirakçılar üçün innovasiya və startap təfəkkürü, startap komandalarının formalaşdırılması, startapların təqdim edilməsi və digər mövzularda təlimlər, seminarlar, təqdimatlar, hakatonlar, müxtəlif sahələri təmsil edən mütəxəssislərin iştirakı ilə ustad dərsləri keçirilib. İştirakçılar aqrotexnologiyalar, yaradıcı sənaye, elm və təhsil, turizm, sosial innovasiyalar, media texnologiyaları üzrə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Medianın İnkişafı Agentliyinin mütəxəssisləri tərəfindən məlumatlandırılıb. Həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də innovasiyaların inkişafına dəstək göstərən digər dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə "Startaplara dövlət dəstəyi" mövzusunda açıq müzakirələr keçirilib.

Düşərgənin daha maraqlı və yaddaqalan olması, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə müxtəlif intellektual, əyləncəli yarışlar, idman oyunları, müsabiqələr, yaradıcılıq gecələri, konsert proqramları, eləcə də gəzintilər təşkil edilib.

Xatırladaq ki, "İdeyadan biznesə" düşərgəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra edilən "Yay Fest - Azərbaycan Gənclər Festivalı" çərçivəsində "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) eyniadlı layihəsi əsasında keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsində dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, paytaxt və regionlarda innovasiya ekosistemi üzrə genişmiqyaslı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.

AZƏRTAC