YAŞAYIR İNSAN, YAŞAYIR QƏHRƏMANLIQ
Sosial həyat

YAŞAYIR İNSAN, YAŞAYIR QƏHRƏMANLIQ

Hər üzümə qürbət havası vuranda, hər ürəyim Vətən eşqi ilə qanadlananda yadıma qədim bir mahnı düşür: "Haradan başlayır Vətən...". Və bu sualın cavabı məni öz cazibəsinə alır: sərhəd dirəklərindənmi başlayır, yoxsa qürbət yüklü ürəklərdən... Torpaq parçasındanmı başlayır, yoxsa açıq Vətən səmasının ənginliyindən...

İsrafil Məmmədovun məzarına doğru uzanan pillələrlə qalxıram. Ayağımdan elə bil daş asılıb, arxamca zorla sürüyürəm. Qəhərliyəm. Çətindir, çox çətindir bu pillələrdən tələsik keçmək. Çiyinlərimdə bir yük, ürəyimdə bir kədərin ağırlığını hiss edirəm. Bu nədi belə, mən niyə beləyəm. Qəhrəmanın xatirəsimi tutub məni, yoxsa "Haradan başlayır Vətən" sualına cavabın çətinliyi… Bu da sonuncu pillə. Onu da qalxıram. Qızıl Ulduzlu məzar əmrə müntəzir əsgər kimi dayanıb. Bir an mənə elə gəldi ki, özüdü, durub, Vətən əmr etsə döyüşə atılar.

- Salam, mənim qəhrəman balam, sənin məzarından cəbhədə həlak olmuş oğlumun ətrini alıram. Qəfil gəliş, ağrılı səs xəyalımı çiliklədi. Qara kələğayının kölgəsi düşmüş sifətə, zərifliyini itirmiş əllərindəki tər qərənfillərə baxdım. Ananın ağlamaqdan soluxmuş gözlərindən süzülüb qoynundakı qərənfillərin ləçəklərinə düşən yaş damlaları ürəyimi göynətdi. Çəkilməz oğul dərdinin ağırlığı, ana kədərinin dərinliyində batıb qalmışdım. Ürəyimin harayı qulaqlarımda səsləndi, bəlkə də elə:

Vətənçün döyüşən, Vətənçün ölən,

Əsgər məzarından başlayır Vətən...

Ana qərənfilləri məzarın üstünə səpdi. Dünyanın ən ağır dərdi müharibənin qarasına deyinməyə söz tapmırdım. İstədim təsəlli verim, sakitləşdirim dərdli ananı, bacarmadım. Alnının qırışlarında yaşayır bu kədər. Gözünün öləziyən işığında yaşayır bu kədər. Unutdurmaq istəsən gərək onu övladlı günlərinə qaytarasan, alnının qırışını yox edəsən. Unutdurmaq istəsən gərək gözünün işığını ona verəsən. Oğul dərdidi onun dərdi, onu da qaytara bilməzsən... Ana ağır-ağır məzardan aralandı. Ayaqları getsə də, ürəyi burada idi.

İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk Azərbaycan əsgəridir. 1919-cu ildə doğulan gəncəli əsgər cəmi 27 il ömür sürüb. Onun döyüşdə göstərdiyi igidliklər İkinci Dünya müharibəsi salnaməsində şərəfli səhifə təşkil edir. Başçılıq etdiyi bölüyün Novqorod vilayətində İlmen gölü yaxınlığındakı Pustinka kəndinin kənarında yerləşən bataqlıq ərazidə düşmənə qarşı döyüşü və qəhrəmanlığı İkinci Dünya müharibəsi tarixinə qızıl hərflərlə yazılıb.

3 dekabr 1941-ci ildə sovet qoşunlarının yerləşdiyi əraziyə soxulan faşistlər İsrafil Məmmədovun dəstəsinin əlaqəsini əsas qüvvələrdən kəsə bilirlər. Məmmədovun başçılıq etdiyi 20 nəfərdən ibarət dəstə qeyri-bərabər döyüşə başlayır. 10 gün ərzində sovet əsgərləri faşistlərin bütöv bir batalyonunun hücumlarını dəf edirlər və əlavə qüvvələr gələnə qədər mövqelərini saxlayırlar. Bu döyüşdə 300-ə yaxın faşist əsgəri məhv edilir. Baş serjant Məmmədov düşmənin 70 əsgərini və 3 zabitini şəxsən məhv edir.

Bu qəhrəman həmyerlimizin müharibə tərcümeyi-halının bir səhifəsidir. Müharibənin son gününədək döyüşüb, cəhbədə göstərdiyi igidliklərə görə ən yüksək mükafatlara - "Qırmızı Ulduz" və "Lenin" ordenlərinə layiq görülüb.

Mən çox qəhrəmanlarla görüşmüşəm. Hamısı da igidlikdən, Vətən üçün göstərilən fədakarlıqdan danışanda İsrafilin adını çəkib. Mən çox ailələrdə olmuşam, hamısında da İsrafilin əzizlənən şəklini görmüşəm. Mən onun şərəfinə adı verilmiş çox israfillərlə əl sıxıb, "adınızla" yaşayın demişəm. Mən bir Qarabağ müharibəsi qazisiniun onun məzarı başında pıçıltı ilə danışdığının şahidi olmuşam.

"Kim deyir ki, ölüb, yox, ölməyib İsrafil, yaşayır insan, yaşayır QƏHRƏMANLIQ...".

Vaqif TANRIVERDİYEV,

"Respublika".