Vətən müharibəsi qaziləri, əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi
Sosial həyat

Vətən müharibəsi qaziləri, əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət növbəti satış-sərgisi təşkil olunub.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Sumqayıt Gənclər evində keçirilən sərgidə Peşə-Əmək Reabilitasiya Mərkəzində peşə reabilitasiyasına cəlb olunan Vətən müharibəsi qazilərinin də əl işləri nümayiş etdirilib. Əlilliyi olan 15 şəxsin əl işlərinin nümayiş etdirildiyi sərgidə 7 sənət növü üzrə 500-ə yaxın əl işi (ağac üzərində oyma, xalçaçılıq, bədii tikmə və toxuma nümunələri, dərzilik, rəsmlər, muncuqlarla bəzək əşyaları, yağlı boya, vitraj boya, dulusçuluq nümunələri, aksesuarlar və s.) təqdim edilib.

Satış-sərgilərin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin yaradıcı potensialının cəmiyyətə tanıdılması və dəstəklənməsi, həmin şəxslərin cəmiyyətə inteqrasiyası imkanlarının artırılmasıdır.

"Respublika".