Vətən müharibəsi  iştirakçıları ilə görüş
Sosial həyat

Vətən müharibəsi  iştirakçıları ilə görüş

Rayonunun ümumtəhsil məktəblərində Vətən müharibəsi iştirakçıları ilə silsilə görüşlər təşkil olunub. Görüşlərdə Vətən müharibəsi iştirakçıları vurğulayıblar ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Bütün dünya qəhrəman hərbçilərin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin canı, qanı bahasına qazanılan  Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Vətən müharibəsi iştirakçıları çıxışlarında qalib ordunun döyüşçüləri olmaqdan böyük qürur duyduqlarını bildirib, həmçinin keçdikləri şanlı döyüş yolu ilə bağlı məktəblilərə məlumat veriblər. Onlar, eyni zamanda Şanlı Ordumuzun şücaətindən söz açıb, müharibədən sonra ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsi iştirakçılarına və qazilərə göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Mərasimlərdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıqlarından danışıb, bizlərə Qələbə sevinci yaşadan oğullarımızın fədakarlığının yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Vəli VƏLİYEV,

“Respublika”.