Cəbrayıl müasir səviyyədə yenidən tikilir
Sosial həyat

Cəbrayıl müasir səviyyədə yenidən tikilir

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da genişmiqyaslı yenidənqurma və quruculuq işləri uğurla davam etdirilir. Yeni-yeni avtomobil, müasir tipli dəmir yolları çəkilir, abadlıq və quruculuq işləri geniş sürətlə həyata keçirilir, "yaşıl enerji" zonası yaradılır. Pilot layihələr tətbiq edilir, dini-mədəniyyət abidələrimiz, dağıdılmış infrastrukturlar yenidən qurulur və geniş tikinti-quruculuq işləri aparılır, bir sözlə, rayon müasir səviyyədə yenidən tikilir.

 "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı"na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinə yeni həyat verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın "Chapman Taylor" şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

Tarixi mənbələrə əsasən rayonun yaşayış məntəqəsi kimi mövcudluğu VIII əsrə təsadüf edir. 1930-cu ildə Cəbrayıl inzibati rayonu yaradılıb və şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 hektar, əhalinin sayı 5200 nəfər idi.

Təsdiq edilmiş yeni Baş plana əsasən müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi 625 hektar təşkil edəcək. Layihədə şimaldan cənuba doğru uzanan Çaylaqçay ətrafında şəhərin mərkəz hissəsində təklif olunan "yaşıl zolaq" yaşayış məntəqəsinin əsas onurğası kimi verilib. Rayon ərazisində bir çox tarixi-memarlıq abidələrinin, o cümlədən Xudafərin körpüsünün yerləşməsi şəhərin gələcək özünəməxsus memarlıq görünüşünün yaradılmasında xüsusi rol oynayacaq.

Milli Ordumuzun qəhrəman mübarizəsi sayəsində 2020-ci ilin oktyabrın 4-də işğaldan azad edilmiş rayonda ilkin mərhələdə təhlükəsizlik, infrastruktur məsələlərinin həlli, sosial xidmətlərin fəaliyyəti, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələləri əsas götürülür. Çünki bu ərazilərdə bərpa və yenidənqurma strategiyalarının əsas məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaqdır.

Şəhərin bərpası və inkişafı üçün 4 mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi planlaşdırılır, 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15.000 sakinin yaşayacağı proqnozlaşdırılır. Bu məqsədlə Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada az, ortamərtəbəli binalar, həyətyanı sahəyə malik fərdi yaşayış evləri inşa edilir. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb.

Onu da qeyd edək ki, yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb.

Baş planın hazırlanması zamanı məskunlaşma sisteminin formalaşdırılmasında əhalinin məşğulluğunun davamlılığı əsas götürülüb. Şəhərin məşğulluq imkanları rayon ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar və zəngin təbii ehtiyatlar nəzərə alınmaqla həyata keçirilir. Şəhərin iqtisadi inkişafında xidmət və sənaye sektorlarının böyük rol oynayacağı, kənd təsərrüfatı sahəsinin isə digər yaşayış məntəqələrində daha çox inkişaf edəcəyi göstərilib. Baş planda ictimai-işgüzar zona üçün 22.87 hektar ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Şəhərin Baş planı hazırlanarkən nəqliyyatın planlaşdırılması zamanı insanyönümlü şəhər və təhlükəsiz hərəkət prinsipləri əsas götürülüb.

Rayonda yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada qurulur. Şəhərdaxili yol profillərində təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması planlaşdırılıb. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 kilometrdən çox olacaq.

Prezident İlham Əliyev sentyabrın 28-də rayona səfəri çərçivəsində Cəbrayıl yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub. Qeyd edək ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 712 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-nın ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".