Daha bir rayon paytaxt meriyasının layihəsinə qoşulub
Sosial həyat

Daha bir rayon paytaxt meriyasının layihəsinə qoşulub

Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın "Mott  MacDonald" şirkətinin artıq 4-cü  ildir birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.  Belə ki, cari ilin sentyabr ayından Bakının daha 2 rayonunda layihənin icrasına başlanması nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 300 min nəfərdən çox əhalisi olan Xətai rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 498 ədəd konteyner meydançası yaradılıb.  Meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.  

Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri idarələrində müasir tələblərə cavab verən 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq istifadəyə verilib və bu proses davam edir.

 Son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihənin uğurla həyata keçirilməsi paytaxtın təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına xidmət edəcəkdir.

Kamil İSMAYIL,

"Respublika".