TÜRKİYƏ: Tarixi torpaqlara qayıdacağıq
Digər xəbərlər

TÜRKİYƏ: Tarixi torpaqlara qayıdacağıq

Türkiyənin Amasiya bölgəsində Qərbi Azərbaycandan zaman-zaman qovulan soydaşlarımızın 20 minə yaxın nəsil davamçıları yaşayır

 Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak etməklə növbəti dəfə öz ənənəsinə sadiqliyini nümayiş etdirdi və Azərbaycan xalqına böyük bir hədiyyəsini təqdim etdi. Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. 2010-cu il iyulun 6-da Prezident İlham Əliyev Qarabağın Azərbaycanlı İcmasının mənzil-qərargahının açılışında bildirmişdi: "Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır". Bugünkü reallıq Azərbaycan Prezidentinin sözlərinin nə qədər uzaqgörənliklə deyildiyini sübut etdi. Bundan sonra həmin binada Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək. Bu, həm rəmzi məna daşıyır, həm də Azərbaycanın bütün bölgədə yaratdığı yeni reallıqları və hədəfləri ifadə edir. Qərbi Azərbaycan məsələsi növbəti tarixi dövr üçün ölkəmizin gündəminə ən mühüm məsələ kimi daxil olur.

Prezidentin səsləndirdiyi fikirlər xalqımız tərəfindən razılıqla qarşılanıb. Ölkə başçısının bu açıqlamaları revanşist ermənilərin Rusiya, Fransa, İran kimi havadarları, erməni lobbisinin dəstəyi hesabına qurduğu qarayaxma kampaniyasını parçalamaq, onu deaktivləşdirmək, ərazi iddialarından əl çəkmələri üçün Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin artıq dünya ictimaiyyətinə çatdırılması üçün zamanın çatdığını deməyə əsas verir.

Bununla da dövlət başçısı Ermənistan tərəfinin əsassız, heç bir tarixi gerçəkliklə əlaqəsi olmayan Azərbaycana qarşı ərazi iddiasına, revanş niyyətinə ağır zərbə vurmaq mənasında çoxdan anonsunu verdiyi Qərbi Azərbaycan - "Göyçə, İrəvan, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır" mesajıyla artıq zamanın yetişdiyini və bu amal ətrafında bütöv Azərbaycanın birgə fəaliyyətinin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyevin bütün fəaliyyətini diqqətlə izləyir, dəstəkləyir və hər addımda həmrəy olmaqdan şərəf duyuruq. Azərbaycan dövlət başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə etdiyi çağırışlar Vətən həsrətli qəlbimizdə ruh yüksəkliyi yaratdı. Ermənistanı müxtəlif illərdə məcburən tərk edib Türkiyədə məskunlaşan soydaşlarımız da bu mübarizədə sonadək Azərbaycanın yanındadırlar.

Bu fikirləri əslən Göyçə mahalının Dilican dərəsindən olan, hazırda Türkiyənin Amasiya şəhərində yaşayan doktor sosioloq, tarixi araşdırmaçı Rıza Karabağ ifadə edib. O deyib: "Birinci Dünya savaşının sonlarında bütün bölgəmizə qan davası gətirən erməni silahlı birləşmələri, sonrakı illərdə isə təcavüzkar Ermənistan zaman-zaman, bütün siyasi şəraitlərdə fərqli formada xalqımıza qarşı bəşəri cinayətlər törədiblər. İşğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində dədə-baba yurdunu tərk edən soydaşlarımız Anadolunun dörd bir tərəfinə səpələniblər. Təxminən yüz ili aşan bu zaman kəsiyində ilk dəfədir ki, bu acı gerçəklər rəsmi qaydada dünya ictimaiyyətinin diqqətinə çatdırılır".

Dədə-baba yurdlarına qayıtmaq, haqq səsini bütün dünyaya çatdırmaq məsələsində Qərbi Azərbaycandan olan soydaşlarımızla birlikdə mübarizə aparacaqlarını diqqətə çatdıran Rıza Karabağ deyib ki, onun doğmaları 1890-1901-ci illərdə çar Rusiyasının zülmündən canlarını qurtarıb Göyçə mahalından Amasiyaya köç etmiş və orada məskunlaşmışlar. Amasiyada ilk soyadı ilə bağlı qanun qüvvəyə mindikdən sonra Karabağ soyadını almışlar. Onun sözlərinə görə, hazırda Qərbi Azərbaycandan köç edən soydaşlarımızın çoxu Karakoyunlu, bəziləri isə Karabağ soyadını daşıyır. Rıza Karabağ deyib ki, doğmalarından ona acılı-şirinli çoxlu xatirələr qalıb. Bununla bağlı araşdırma aparan R.Karabağ ''Azərbaycan türklərinin ictimai həyatına miqrasiya və miqrasiyyə prosesinin təsiri'' adlı kitab yazıb. 278 səhifəlik kitabda XIX əsrdə çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi və azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinin başlanılmasından, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində soydaşlarımızın ağır məhrumiyyətlərlə, faciələrlə üzləşməsindən, mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlıların indi Ermənistan adlandırılan ərazidən - minillər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalmasından bəhs edilib. Rıza Karabağ deyib ki, araşdırmalarıma görə hazırda tək Amasiya bölgəsində 20 minə yaxın köçkün yaşayır. Onlar zaman-zaman Qərbi Azərbaycandan qovulan soydaşlarımızın övladları, nəvələri, nəticələri və kötücələridir. ''Biz Amasiyada yaşayan Qərbi azərbaycanlılar ümid edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi və Azərbaycan xalqının əzmkar Qələbə ruhu sayəsində bu müqəddəs missiya şərəflə yerinə yetiriləcək və bizlərə dədə-baba torpaqlarımızı ziyarət etmək qismət olacaq'', - deyib R.Karabağ.

Bəli, inam qələbənin tən yarısıdır deyir tarixi araşdırmaçı. İlahi ədalət var, bu, mütləq baş verəcək, bizlər səbirsizliklə o günləri gözləyirik.Və inanırıq ki, o gün heç də uzaqda deyil!

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.