Sülh bəşəriyyət üçün gərəkli dəyərdir
Digər xəbərlər

Sülh bəşəriyyət üçün gərəkli dəyərdir

21 sentyabr Beynəlxalq Sülh Günüdür

Sülhə gəlin, ey insanlar

Yoxsa dünya məhv olar!

Bu misralar ötən əsrin 80-ci illərində orta məktəb dərsliyinə salınmış və dillər əzbəri olmuş "Ananın səsi" şeirindəndir. Şeirin müəllifi şair Novruz Gəncəli, bəstəkarı isə Ələkbər Tağıyevdir. O dövrdə Əfqanıstanda müharibə yenicə alovlanırdı. Nə baş verdiyini tam anlamasaq da, insan tələfatlarının hər gün artdığını, ağsaqqal baba və ağbirçək nənələrimizdən "Allah, dünyamızı salamat elə" sözlərini tez-tez eşidərdik.

Sülh bütün vasitələrdən güclü və qiymətlidir. Elə dünyada sülh gününün keçirilməsi də sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir. Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən qəbul edilən qətnamə ilə 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr dəqiq tarix kimi müəyyənləşdirilib və bu tarix Ümumdünya Atəşkəs Günü elan edilib. Bu günün təsis edilməsində əsas məqsəd yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq sülhə nail olmaq istəyən hər kəsə yardım etmək, onları "Sülh gələcəyimizin rəmzidir" şüarı altında birləşdirməkdən ibarətdir. 21 sentyabr nəinki yalnız xalqlar arasında sülhə, həmçinin ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizəyə cəmiyyətdə əmin-amanlığa nail olmağa çağırış edən bir gündür.

Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır". Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra nizami ordunun qurulmasına nail oldu. Lakin əlbəttə ki, ölkənin iqtisadiyyatını inkişaf etdirmədən, iqtisadi imkanları artırmadan güclü ordu qurmaq mümkün deyil. Ümummilli lider bu sahədə mühüm tədbirlər həyata keçirdi, bütün sahələrdə islahatlar aparıldı. Ümummilli liderin başladığı işi Prezident İlham Əliyev daha da gücləndirdi və 44 günlük Vətən müharibəsi bu prosesin ən mühüm, tarixi uğuru oldu.

2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra tarixi Qələbə, şanlı Zəfərlə başa çatan Vətən müharibəsi təkcə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmadı, həm də dövlətimizin gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Tarixi Qələbə qazanmış Azərbaycan bu gün qalib ölkə kimi dünya dövlətləri arasında öz sözünü deyir. Artıq hər gün xalqımızın yaddaşına, dövlətimizin tarixinə əlamətdar hadisələrlə yazılır.

Vətən müharibəsində inamlı və əzmli qələbə qazanan Azərbaycanda sülhün əbədi olması və münaqişənin səngiməsi, atəşkəs rejiminə bədnam qonşumuz tərəfindən əməl edilməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması üçün deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. İşğal altında olan ərazilərimiz azad olunub, Azərbaycan öz suveren hüquqlarını və ədaləti bərpa edib. Erməni terroruna, vandalizminə məruz qalmış kənd və şəhərlərdə bərpa-quruculuq işləri həyata keçirilir. Artıq Böyük Qayıdış başlayıb, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına əbədi yaşamaq, qurub-yaratmaq üçün qayıdırlar.

Ermənistanın torpaqlarımıza 30 il təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırırdı. Azərbaycan sülhsevər siyasətini, Ermənistan isə çirkin niyyətini bu gün də davam etdirməkdədir.

Möhtərəm Prezidentimiz İlham Əliyev dünyada sülhün qorunması üçün qətiyyətli addımlar atır. Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyada sülhün, təhlükəsizliyin təminatını vacib amil kimi önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu gün də bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərir.

Dinamik inkişaf edən, əmin-amanlığın və sabitliyin hökm sürdüyü ölkədə yaşamaq hər bir insanın arzusudur. Buna görə də biz Azərbaycanla fəxr edir, özümüzü xoşbəxt sanırıq. Gələcəyə nikbinliklə baxan dövlət başçısı demişdir: "İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın".

Prezident cənab İlham Əliyevin apardığı humanist siyasət ölkəmizlə yanaşı, həm də dünya dövlətləri və xalqlarının sülh, əmin-amanlıq, rifah halında yaşamasına xidmət edir.

M.MİRZƏ,

"Respublika".