Türkiyə, bu acı da bitəcək
Türk dünyası

Türkiyə, bu acı da bitəcək

Bəzən hər hansı bir hadisənin qarşısını almaq, ona əlac tapmaq mümkün olmur. Zəlzələlər də, həmçinin. Dağıdıcı gücə malik olan zəlzələlər bütün infrastruktura ziyan verdiyi kimi, təəssüf ki, insan itkisinə də səbəb olur. Artıq bir aya yaxındır ki, qardaş Türkiyə fevral ayının 6-da  baş verən güclü zəlzələnin vurduğu maddi-mənəvi ziyanla üz-üzədir. Ölkənin bir hissəsi dağıdıcı zəlzələnin fəsadları ilə çarpışır. Bölgədə dağıntılar altında qalan  insanlar həyat uğrunda mübarizə apardılar. Qışın sərt havasında kimi küçələrdə gecələdi, kimi uçmuş binaların altında doğmalarını axtardı,  kimi də elə o dağıntılar altında can verdi. Amma ümidlər üzülmədi. Hər an kiminsə sağ çıxacağına inandılar. Dünyanın bir çox ölkələrindən gələn xilasedicilər milliyyətindən,  dinindən, dilindən asılı olmayaraq, hamı bir dildə, bir əqidədə danışdı. Mərhəmət, xeyirxahlıq və insanlıq...

 Təəssüflər olsun ki, zəlzələ kabusu yenə də davam edir. Fevral ayının 20-də Türkiyədə yenidən iki zəlzələ baş verdi. Nəticədə, əvvəlki zəlzələdə zədələnmiş və uçmaq təhlükəsində olan binalar da dağıldı. Bu da yeni çətinliklər və problemlər yaratdı. İlk zəlzələnin şokundan, vahiməsindən ayılmayan insanlar yenidən qorxulu anlar yaşadılar. Dağıntı nəticəsində təkrar insan itkisi baş verdi.  Baxmayaraq ki, bir aya yaxın vaxt keçib, Türkiyə ərazisində yenə də müxtəlif vaxtlarda zəlzələnin avterşokları bitmək bilmir. Hələ də xırda təkanlar davam edir. Bu da əlbəttə ki, ərazidə çalışan xilasedicilərin işini çətinləşdirir. Bütün bunlarla yanaşı, insanlar təbii fəlakətin yaratdığı çətinliklərlə mücadilə aparırlar. İnsanlar nə qədər psixoloji travma yaşasalar da, vəziyyətdən çıxış üçün yollar axtarır, bir-birilərinə dəstək olurlar. İndi hamı bir nəfər kimi dağılmış şəhərinin,  qəsəbəsinin abadlığı, yenidən qurulması haqqında düşünür. Acıları nə qədər ağır olsa da, sabaha ümidləri də böyükdür. Zəlzələ bütün ailələrə bu və digər formada zərbə vurub. Hamının ailəsində fəlakət qurbanı, itki,  yaralı var. Dərd onların hamısını birləşdirib. Əlbəttə ki, belə ağır günlərdə biz də can, qan qardaşımız Türkiyəmizin yanında olduq. Acılarına ağladıq, sevinclərinə şərik olduq, sevindik. Hər bir azərbaycanlının ürəyi Türkiyədə döyündü. İlk dəqiqələrdən dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq başsağlığı verdi. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün lazım olan kömək və yardımlar yola salındı.

Bu gün Türkiyə dövləti zəlzələ bölgəsində təbii  fəlakətin nəticələrini aradan qaldırmağa çalışır. Hər gün itkilərin sayı artır. Ərazidə böyük bir məzarlıq salınıb. Zəlzələdə həyatını itirənlərin sayı 45 mindir. Digər bir tərəfdə saysız-hesabsız çadır şəhərcikləri qurulub. Hökumət evlərin bərpasına və tikintisinə mart ayından başlayacaq. Hazırda zəlzələdən zərərçəkən və zəlzələ olması ehtimalı olan bölgələrə baxış keçirilir. Gələcəkdə nəzərdə tutulan şəhərsalma və tikiləcək binaların yerləri müəyyən edilir. Plana əsasən tikiləcək binalar 3-4 mərtəbədən çox olmayacaq.  İnsanların müvəqqəti yaşaması üçün isə ərazidə 313 min çadır qurulub. Evləri tikilib hazır olana kimi insanların yaşaması üçün 100 min konteyner evin tikilməsi üçün işlər aparılır. Əlbəttə ki, görülən bütün işlərdə Azərbaycan Türkiyə ilə çiyin-çiynə çalışır. Dövlət strukturları ilə yanaşı, sadə vətəndaşlar da bu işdə xüsusi fəallıq göstərirlər. Bütün zəruri əşyalarla, geyim və ərzaqla təmin edilməsində yaxından iştirak edirlər.

Türkiyədə baş verən zəlzələ dağıdıcı gücünə və çoxsaylı  insan tələfatına görə  “əsrin fəlakəti" adlandırılıb. Tez-tez zəlzələ bölgəsinə baş çəkən Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan göstərdiyi köməyə və dəstəyə görə dövlətimizin başçısı İlham Əliyevə,  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir. Zəlzələnin ən çox ziyan vurduğu Kahramanmaraş bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət axtarış-xilasetmə qrupu qərarlaşmışdır. Ərazidə zəlzələdən əziyyət çəkən insanların müvəqqəti yerləşməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən xeyli sayda çadırlar qurulub. Həmin çadırlarda yerləşən insanlara verilən yeməklər də Azərbaycan tərəfindən təmin edilir. Çadırlarda yataq, digər lazım olan avadanlıqlarla yanaşı, qızdırıcı sobalar da var. Həmçinin, zəlzələ nəticəsində qorxu və stres keçirən insanlara psixoloji yardım göstərmək üçün bölgədə azərbaycanlı psixoloqlar fəaliyyət göstərir. Sözsüz ki, qardaş Türkiyə dövləti və milləti bu ağır günlərdən öz əzmi, qətiyyəti sayəsində layiqincə çıxacaq. İnsanlara yeni evlər tikiləcək. Bölgədə yeni və fərqli, daha keyfiyyətli tikinti işləri aparılacaq. Bu acılar,  çətinliklər unudulacaq, amma mənəvi sarsıntılar uzun müddət insanların yaddaşından silinməyəcək. Bir də müxtəlif millətlər,  dövlətlər tərəfindən gördükləri, şahidi olduqları mərhəmət, humanist münasibətlər, dost qayğısı yaddaşlarına həkk olunacaq. Ötəcək Türkiyə, bu acı da bitəcək...

                                              Ramidə YAQUBQIZI,

                                                        “Respublika”.