Türk xalqının tarixi Zəfəri
Türk dünyası

Türk xalqının tarixi Zəfəri

1922 -ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Dünyada mövcud olan müxtəlif millətlər müəyyən sahələrdə öz bilik və bacarıqlarına görə digər xalqlardan fərqlənirlər. Türk milləti də tarix boyu döyüş qabiliyyəti və hərbi gücü ilə öyünüb. Verdiyi savaşlar, qazandığı zəfərlərlə adlarını tarixə qızıl hərflərlə yazdıran türk qardaşlarımız girdiyi qeyri-bərabər döyüşlərdə belə, Şanlı Zəfərlər qazanıb və yadelli işğalçıları ərazilərindən çıxarmaq üçün yüz minlərlə şəhid verib.

Türkiyə Cümhuriyyətinin tarixi olduqca zəngindir. Qazanılan hər bir Zəfərin xüsusi tarixi əhəmiyyəti vardır. Qardaş ölkə üçün belə əhəmiyyətli günlərdən biri də hər il avqustun 30-da qeyd edilən Zəfər bayramıdır. Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri kimi qeyd olunur. Həmin tarixi vərəqlədikcə türk qardaşlarımızın Vətən sevgisində hansı pilləyə çatdığını, hansı zirvələri fəth etdiyini görürük. Əsrlər boyu Zəfər salnaməsi yazan türkləri məğlub edə bilməyən xain düşmənlər uzun zaman məhv etməyə çalışdığı Osmanlını parçalamaq üçün çirkin planlar qurmuş və vaxt-vədə yetişdikdə isə dərhal çirkin oyunlarını həyata keçirməyə başlamışlar.

1919-cu ildə, Birinci Cahan müharibəsindən sonra Antanta dövlətləri Mudros sülh müqaviləsinin müddəalarına əsasən Anadolunu müxtəlif bəhanələrlə işğal etməyə başlayırlar. Ordusu təchizat baxımından zəifləyən Türk milləti çox çətin vəziyyətdə qalır. Antanta donanması İstanbulu, fransızlar Adananı, ingilislər Urfa, Maraş, Samsun və Merzifonanı, italyanlar isə Antalya və cənub-qərbi Anadolunu zəbt edirlər. 15 may 1919-cu ildə Antanta dövlətlərinin icazəsi ilə yunan ordusu İzmirə gəlir. Belə çətin vəziyyətdə türk millətinin qarşısında iki seçim qalır. Türklər ya işğalçı qüvvələrə təslim olmalı, ya da məhv olmağın astanasında olan ölkəni işğaldan təmizləmək üçün böyük savaşa başlamalı idi. Sakaryadakı 22 gün 22 gecə davam edən qanlı döyüşlərdən sonra dayandırılmış düşmən ordusunu ölkədən tamamilə qovmaq üçün təxminən birillik təlim müddətindən sonra, 26 avqust 1922-ci ildə Baş Komandan Mustafa Kamal Paşa "Böyük Taarruz" ("Böyük Hücum") əməliyyatına başlamaq əmri verdi. Bu Zəfərin də başlanğıcı məhz Sakarya savaşında qoyulmuşdu. Avqustun 26-da sübhçağı Kocatəpədən topçuların atəşiylə Meydan Savaşı başlayır. Döyüşü birbaşa olaraq Mustafa Kamal Paşa idarə edirdi. Artilleriya atəşi ilə sübh çağı başlayan Meydan Savaşında türk hərbçiləri dərhal hücuma keçib düşməni bəzi ərazilərdən geri qovdular. 27 avqust Türk Ordusu bütün cəbhələrdə hücumu davam etdirdi və həmin gün Afyon Karahisar düşmən işğalından azad edildi. Avqustun 28-də və 29-da uğurla davam edən hücum düşmənin 5-ci diviziyasının zərərsizləşdirilməsi ilə başa çatdı. Avqustun 29-na keçən gecə vəziyyəti qiymətləndirən komandirlər dərhal hərəkətə keçməyə və hücumu qısa müddətdə başa çatdırmağa razılaşdılar və planın avqustun 30-da problemsiz həyata keçirilməsi üçün lazımi tədbirlər görüldü. Türk Ordusunun İstiqlal Müharibəsindəki ən əhəmiyyətli qələbəsi ərəfəsində Baş Komandan Mustafa Kamal Paşa qoşunlara 30 avqust səhəri Altıntaş Kütahya bölgəsindəki Zafertepe Çalköye hücum əmri verdi. 26 avqustda başlayan Meydan döyüşündə Allioren, Koçi və Qızıltaş dərəsi yolunun hər iki tərəfində Dumlupınardakı yunan qoşunları tamamilə mühasirəyə alınaraq məhv edildi. General Trikopis və Dienis və bir çox yunan komandiri döyüş meydanından qaçaraq canlarını qurtardılar. Bundan sonra 9 sentyabr 1922-ci ildə İzmir yunan işğalından xilas edildi. İşğalçı qüvvələr ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsini simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-cü ildə Afyonda Zəfər adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. Mustafa Kamal Atatürk böyük qələbədən düz iki il sonra, 30 avqust 1924-cü ildə şəhid "Sancaktar Mehmetçik Abidəsinin təməlqoyma mərasimində iştirak etmək üçün Zafertepe Çalköydə Böyük Qələbəni bu cümlələrlə təsvir edir: "Afyon Karahisar-Dumlupınar meydan döyüşü və son hissəsi, 30 avqust qələbəsi Türkiyə tarixinin ən əhəmiyyətli mərhələsidir.

Milli tariximiz çox böyük, çox parlaq qələbələrlə doludur. Təkcə bizim tariximizdə deyil, həm də dünya tarixində türk millətinin burada qazandığı qələbə qədər həlledici bir döyüşü xatırlamıram ki, bu da irəliyə yeni bir addım atacaqdır. Aydındır ki, burada yeni bir türk dövlətinin, Gənc Türk Respublikasının təməli qoyuldu və ölməz həyatı uğurla taclandı. Bu bölgədə axan türk qanı, bu cənnətdə uçan şəhidlərin ruhları dövlətimizin, respublikamızın ölməz qoruyucularıdır. Türk milləti burada qələbə çaldı, öz gücünü və iradəsini nümayiş etdirdi və bu açıq-aşkar fakt tarixin qoynunda bir daha polad qələmlə həkk olundu".

Musa BAĞIRLI,

"Respublika".