Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb
Türk dünyası

Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb

İyulun 29-da Şuşa şəhərində Türk dövlətlərinin həmkarlar ittifaqlarının birgə yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, tədbirin Şuşa şəhərində keçirilməsinin öz rəmzi mənası var, bura xalqımız üçün müqəddəs və əziz məkandır. İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri erməni vandalizmi nəticəsində dağıdılıb. Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları və birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işləri davam etdirilir. Artıq Zəngilan və Laçın sakinlərinin 30 ildən sonra öz doğma yurdlarına qayıtması ilə Böyük Qayıdışa start verilib. Bir sözlə, gözəl Qarabağımız, o cümlədən 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şuşa özünün intibah dövrünü yaşayır".

Türk dövlətləri arasında olan münasibətlərdən, əməkdaşlıq əlaqələrindən danışan AHİK sədri qeyd edib ki, türk dövlətlərinin həmkarlar ittifaqları arasında da münasibətlər yüksələn xətlə inkişaf etməkdədir: "Baş tutan ikitərəfli səfərlər, aparılan fikir və təcrübə mübadilələri, həmçinin imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək və həmrəylik əlaqələrimizin dərinləşməsinə səbəb olub. Beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatlarının Azərbaycanda keçirdiyi, demək olar ki, bütün tədbirlərdə Türk ölkələrindən olan həmkarlarımız yaxından iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir çox türkdilli ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa dair müqavilələri var.

Səttar Möhbalıyev həmçinin Türk ölkələrinin həmkarlar ittifaqlarının təşkilatlanmasının əhəmiyyətindən də söz açıb.

TÜRK-İŞ-in sədri Ərgün Atalay çıxışında deyib ki, türk dövlətləri arasında keçirilən görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar və imzalanan sənədlər imkan yaradır ki, qardaş ölkələr həmrəy olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər.

Çıxışlardan sonra Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması haqqında müqavilə imzalanıb. İmzalanma mərasimində AHİK sədri Səttar Möhbalıyev bildirib ki, TDHİT-ni yaratmaqda məqsədimiz işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirməkdir. İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti səmərəli olacaq, daim inkişaf edəcək, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək.

Tədbir yekunlaşdıqdan sonra Şuşa şəhərini gəzən qonaqlara ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyan barədə məlumat verilib. Onlar həmçinin şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə də tanış olublar.

"Respublika".