TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib
Digər xəbərlər

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib

TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası videokonfrans formatında keçirilib. İclasın proqramına TRASEKA Hökumətlərarası Komissiyaya sədrliyin Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına ötürülməsi, eləcə də TRASEKA çərçivəsində Daimi və Milli Katiblərin iştirakı ilə razılaşdırılmış konsepsiya, fəaliyyət planı, hesabat kimi sənədlərin təsdiq edilməsi ilə bağlı məsələlər daxil edilib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TRASEKA çərçivəsində mövcud praktikaya uyğun olaraq ölkəmizin adından Hökumətlərarası Komissiyaya sədrliyi Bolqarıstan Respublikasına təhvil verib.

Nazir ölkəmizin sədrliyi dövründə TRASEKA çərçivəsində, eləcə də ölkəmiz tərəfindən Avropa – Qafqaz – Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülmüş işlər barədə danışıb. Çıxışda həmçinin ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra nəqliyyat və iqtisadi əlaqələrin bərpasının TRASEKA dəhlizinin daha da inkişafı və genişlənməsinə töhfə verəcəyi qeyd olunub. İşğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında iclas iştirakçılarına məlumat verilib.

Eyni zamanda, TRASEKA dəhlizinin rəqabət qabiliyyətinin artırılması istiqamətində bir sıra sahələrdə, xüsusilə sərhəd-keçid prosedurlarının harmonizasiyası, daşımalarda tənzimləyici və inzibati baryerlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu prosesdə hərəkətverici amil kimi rəqəmsallaşmanın zəruriliyi qeyd olunub, TRASEKA-nın rəqəmsallaşma konsepsiyası alqışlanıb.

İclasın sonunda TRASEKA Hökumətlərarası Komissiyasının 15-ci iclasının Yekun Qətnaməsi və Sofiya Bəyannaməsi qəbul edilib.  

 

Paytaxt məktəbində şəhidin anım mərasimi

Bakıdakı 214 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Cavid Həsənovun xatirəsi anılıb.Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rüstəm Bayramov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhidin ailə üzvləri, döyüş və sinif yoldaşları iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İştirakçılar əvvəlcə şəhid C.Həsənovun adını daşıyan sinif otağı və xatirəsini əbədiləşdirmək məqsədilə hazırlanan guşə ilə tanış olublar.

Məktəbin direktoru Fəttah Fəttayev Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqlardan, yetişən gənc nəslin üzərinə düşən vəzifələrdən danışıb. BŞTİ-nin müdir müavini H.Əsgərov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin şəhidlərimizə, Milli Qəhrəmanlarımıza, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirib. Qürur yerimiz olan şəhidlərimizi tanıtmağın vacibliyini qeyd edən H.Əsgərov bu işdə təhsil müəssisələrinin mühüm rolundan danışıb.

Çıxış edənlər  Cavidin qısa və şərəfli ömür yolundan, onunla  bağlı xatirələrindən danışıb və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Cavidin və bütün Vətən şəhidlərinin xatirəsinin heç bir zaman unudulmayacağını, daim qürur hissi ilə anılacağını diqqətə çatdırıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Tədbir zamanı şəhidin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.     

       Əli SADIQOV,

       “Respublika”.